Hərbi hissədə nələr gördüm... – Təəssürat

Hərbi hissədə nələr gördüm... – Təəssürat
  21 Aprel 2016    Oxunub:5322
Sənan Hümbətov

Uşaq yaşlarımdan "Vətən sərhəddən başlanır" ifadəsini çox eşitsəm də, ifadənin ağırlığını hiss etməmişdim. Ta ki, sərhəddə düşmənlə üz-üzə dayanan əsgərlimizi gördüyüm ana qədər.


Əsgərlərimizə dəstək üçün "ASAN Xidmət" mərkəzlərində başladılan "Əsgərə Məktub" lahiyəsi çərçivəsində igidlərimizə yazılan məktubları ön cəbhədə, Vətənin keşiyində duran oğullara çatdırmaq üçün yola düşdük.

...Hərbi hissəyə daxil olanda əsgərlərimizin üzündə ruh yüksəkliyini hiss etdim. Və sanki daxilimdə bir rahatlıq tapdım.

Əsgərlərimizə gətirdiyimiz məktubları təqdim etməmişdən öncə hərbi hissə ilə, əsgərlərimizin həyat şəraitilə maraqlandıq... Getdiyimiz məkan çox yüksəklikdə yerləşdiyi üçün əsgərlərimizin hardasa nədəsə çətinlikləri olacağını düşünmüşdüm. Lakin gördüyüm şərait düşüncələrimin üstündən xətt çəkdi.

Hər şey yaxşı idi. Çox sevindirdi məni. Amma bu görüşdə məni məndən alan bir hadisə oldu.

Əsgərlərimizin yatdıqları yerə daxil olarkən, bir şəhidimizin çarpayısının üzərinə şanlı bayrağımızın sərildiyini gördüyüm an bütün vücudum dondu. Nə hisslər keçdirdiyimi sözlərlə ifadə etməyə çalişsam da, bacarmayacağam... Bu, birmənalıdır.

O mənzərə ilə qarşılaşdığım an həm qürur duydum, həm də üzüldüm. Qürur duymağıma səbəb şəhid olan əsgərə verilən ən yüksək dəyər idi. Bu, məni çox sevindirdi. Üzülməyimə səbəb isə bir ANAnın ömrünün sonunadək övlad itirməsinə necə dözəcəyini gözümün qarşısına gətirməyim idi. Çünki şəhid verməyin nə olduğunu gözəl bilirəm. Bu halı əmim şəhid olanda keçirmişdim.

Amma hər halda, keçirdiyim fəxr hissi daha güclü idi. Çünki Şəhidlik yeni bir həyata - əbədiliyə qovuşmaqdır, tarixə qarışmaqdır. Hər kəsə nəsib olmayan bir səadətdir şəhidlik...

Sonra isə əli qələm tutan hər bir Azərbaycan vətəndaşının igidlərimizə yazdığı məktubları onlara təqdim etdik. Məktubları necə həvəslə oxuduqlarını görmək daha da xoş hisslər bəxş etdi.

Mən qulluq etdiyi mövqeyindən, məkanından, həyat şəraitdən asılı olmayaraq, Azərbaycan əsgərinin əsl şücaətinin canlı şahidi oldum. Vətənin keşiyində duran bütün Azərbayca əsgərlərinin şücaətləri, mərdlikləri, igidlikləri qarşısında baş əyirəm!

Vətən uğrunda ölə bilməyi bacarmaq lazımdır ki, ağız dolusu “Vətənim” deyə bilək!


Teqlər:





Xəbər lenti