Nazirliyin əməkdaşı qardaşı oğlunu güllələyib
Zaqatala rayon hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə rayonun Muğanlı kəndi yaxınlığında, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zaqatala rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə məxsus meşə zolağında baş verib. Yaralı C. Ibrahimovla əmisi M. Həsənov meşə ərazisində bir yerdə yeyib-içən zaman onların arasında mübahisə düşüb. Mübahisədən sonra C. Ibrahimov ərazidən uzaqlaşmaq istəyən zaman əmisi M. Həsənov əlində olan 16 mm kalibrli qoşalülə ov tüfəngi ilə ona atəş açıb. Nəticədə C. İbrahimov hər iki baldırından və sağ bazu nahiyəsindən saçma yarası xəsarətləri alıb. Daha sonra C. İbarimov əmisinin yanına gələrək ov tüfəngini onun əlindən götürərək qırıb və əmisini döyüb.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparıldığı bildirilir və vurğulanıb ki, RPŞ-də hər iki şəxsdən izahat götürüldükdən sonra sərbəst buraxılıblar.
Məlumatda o da bildirilib ki, qardaşı oğluna ov tüfəngi ilə atəş açan M. Həsənov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zaqatala rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Muğanlı meşəbəyliyində meşə gözətçisi vəzifəsində işləyir.
AzVision.az