`Vətən uğrunda ölmək şərəfdir` - Şəhid əsgərin son sözü
Mərasimdə çıxış edənlər əminliklə bildiriblər ki, şəhid qanına boyanan əzəli və əbədi Azərbaycan torpaqları Silahlı Qüvvələrimiz tərəfindən tezliklə düşmən işğalından azad olunacaq və şəhidlərimizin ruhu dinclik tapacaq. Teymur Qasımovun əsgər yoldaşları Rəşad Novruzov, Həsən Quliyev onun igidliyindən danışıb və qəhrəman döyüşçünün son sözünü xatırladıblar: Vətən uğrunda ölmək böyük şərəfdir.
Mərasimdə şəhid Teymur Qasımovun xidmət etdiyi hərbi hissənin komandiri, polkovnik-leytenant Zaur Kərimov bildirib ki, bütün hərbçilər şəhidlərimizin qəhrəmanlığı qarşısında baş əyir. Onlar yeni bir tarix yazırlar və öz qəhrəmanlıqları ilə xalqımızın yaddaşında əbədi yaşayacaqlar.
Polkovnik-leytenant Zaur Kərimov şəhid hərbçinin ölümündən sonra layiq görüldüyü “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalını onun atası Sabir Qasımova təqdim edib.
Xatırladaq ki, 1992-ci il təvəllüdlü Teymur Qasımov aprelin əvvəlində cəbhənin Tərtər-Ağdərə istiqamətində, Talış yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. (Azərtac)
AzVision.az
Teqlər: