Çörəyi daşdan çıxanların məkanı - REPORTAJ (FOTOLAR)

Çörəyi daşdan çıxanların məkanı - REPORTAJ (FOTOLAR)
  08 İyul 2016    Oxunub:32743
Bakının bir addımlığında yerləşən Qızıldaş qəsəbəsi özünün daş karxanaları ilə məşhurdur. Buraya el arasında “çörəyi daşdan çıxanların məkanı” da deyirlər.

Tozdan nəfəs tutulan küçələr, daş parçalayan dəzgahların gurultulu səsi bu qəsəbədə yaşayan insanlar üçün adi hal alıb. Qəsəbə sakinlərinin əksəriyyəti daş karxanalarında çalışan fəhlə və ustalardır. İsti, soyuq, yağış, boran bilmədən çalışan bu insanlar üçün evə apardıqları çörək qızıldan da qiymətlidir.



Bu dəfə Qızıldaşa daş karxanalarından reportaj hazırlamaq üçün gəlmişdik.



Hava isti olduğundan qəsəbənin küçələrində sükut hökm sürürdü. Ətraf həmişəki kimi toz-duman idi. Uzaqdan daş kəsən dəzgahların səsləri eşidilirdi.

Daş karxanasında bizi 16 yaşlı Elşən qarşıladı. Yaşı az olsa da, dediyinə görə, illərdir burada işləyir.



“11 yaşımdan burda çalışıram. Bəxtiniz gətirib ki, bu gün yağışlı hava deyil. Yağışlı havada bu yollar keçilməz olur. Hər gün səhər saat altıda işə gəlirəm. Gördüyünüz kimi, burada işləmək hər oğulun işi deyil. Biz çörəyimizi daşlardan çıxarırıq. Yaxınlıqda yerləşən yetimxanananın uşaqları da burada işləyib, çörək pulu qazanırlar. Kimsəsiz qızlar daş karxanalarında yemək bişirib uşaqlarını saxlayırlar. Biz artıq əziyyətə öyrəşmişik. Bilirsiniz, qaranlıqda, palçıqlı yollarla, hər tərəfdə vəhşi itlərin olduğu daş karxanlarına getmək nə deməkdir? Biz hər gün həyatımızı belə riskə atırıq. Bu iş deyil, ölümdür”.



Elşənlə söhbətimizdən sonra digər işçilərlə də həmsöhbət olduq. Fəhlələrin çoxu jurnalist olduğumuzu biləndən sonra danışmaq istəmirdilər. Onlar işlərini itirməkdən qorxuqlarını deyirdilər.



“Vallah, biz işsizlikdən bura gəlmişik. Bizim də ailəmiz, uşaqlarımız var. Daş kəsmək hər an ölüm deməkdir. Maaşlarımız Bakıda kölgədə bir daşı daş üstünə qoyan fəhlədən artıq deyil. Gördüyünüz kimi, isti havada, tozun-torpağın içində işləyirik. Elə olur ki, aylarla evimizə gedə, yuyunub təmizlənə bilmirik. Günəş dərimizi yanıdırır. Gecələr dərimizin ağrısından yata bilmirik. Ona görə də, isti günlərdə də qalın paltarlar geyinirik. Yağış yağanda palçıqda sürünürük, gün çıxanda isə daşlar bədənizimizi yandırır. Bir “Kamaz” daşa yüz manat pul alırıq. Aldığımız pul çəkdiyimiz əziyyətin heç bir faizi deyil”-deyə karxanada fəhlə işləyən Rasim bildirib.



Daş karxanasında işləyənlərin çoxu rayonlardan gələnlərdir. Onlar işsizlikdən Bakıya gəldiklərini deyirdilər.
“Adım Rövşəndi. Astara rayonundanam. Evliyəm, iki uşağım var. Neçə vaxtdır Astarada iş tapa bilmirdim. Qonşularımın köməkliyi ilə “kariyel”ə işə düzəldim. Düzdür, işimiz çox çətindir. Çəkdiyimiz əziyyət,aldığımız pula dəymir. Amma nə edək? İşləmək, ailəni saxlamaq üçün işləməliyik”.



Daş daşıyan yük maşınlarının sürücüləri isə Qızıldaşın yollarından şikayətlənirdilər: “Neçə dəfə olub ki, maşınımız palçıqlı yolda sürüşüb, qəzaya düşmüşük. Yollar bərbad vəziyyətdədir. Qazancımızdan çox maşına xərcləyirik”



Qızıldaşdan bundan əvvəl hazırladığımız reportajlar:

`Bizə əxlaqsız kimi baxırlar…` - Kimsəsiz qızların dəhşət dolu həyatı (FOTOLAR)

ŞOK: Azərbaycanda tanınmış ailə qızından imtina edib (FOTOLAR)

Hafiz Əhmədov
Foto: Elvin Abdulla

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti