`Azərenerji` satılmalıdır - TƏHLİL

`Azərenerji` satılmalıdır - TƏHLİL
  21 İyul 2016    Oxunub:4376
Tarif Şurasının qərarı ilə iyulun 15-dən elektrik enerjisi qiymətində edilən artım ilə 1 kilovat-saat elektrikin topdan satış qiyməti 4,3, pərakəndə satış qiymətisə 7 qəpik müəyyən edildi. Və xatırladıldı ki, elektrik enerjisi tarifləri sonuncu dəfə 2007-ci ildə artırılmışdı. Belə ki, ötən 10 ilin ərzində digər ölkələrdə qiymətlərin böyük faizlərlə artmasına baxmayaraq, Azərbaycanda sabit saxlanılıb.

Biz qiymətlərin artmasının əleyhinə deyilik. Sözsüz ki, 10 ildə qiymətlər dəyişməz olaraq qalmamalı idi. Lakin bunda əsas məqsədin enerji təchizatında dayanıqlılığın və keyfiyyətli xidmətin davamlılığını təmin etmək, istehsalçının və paylayıcı şəbəkənin maliyyə asılılığını azaltmaq və perspektiv inkişaf olduğu fikri ilə razı deyilik. Üstəlik qeyd olundu ki, tarif tənzimlənməsindən sonra əldə ediləcək gəlirlər müvafiq subyektlərin dövlət büdcəsindən asılılığının azaldılmasına və sairəyə xidmət edəcək.

Bu gün ölkəmizin enerji sisteminin əsasını 10-dan çox su, 14 istilik elektrik stansiyası təşkil edir ki, bu da təqribən 7,1 min meqavatdan çox güc deməkdir. Buna 2005-ci ildən bəri sözügedən sahədə görülən işlər nəticəsində 40% artım əldə edilməklə nail olunub. Ancaq, generasiya güclərinin istehsal etdiyi elektrik enerjisinin əhalinin rifahına düşən səviyyəsinə görə inkişaf etmiş ölkələrə çatmağımız üçün isə enerji sistemimizin gücü 10 min meqavatdan yuxarı təşkil etməlidir.

Buna nail olmaq mümkündür, amma yalnız o halda ki, bizdə də enerji istehsalı ilə istehlakında səmərəlilik iqtisadiyyatın inkişafında bir nömrəli vəzifəyə çevrilsin.

Ancaq gəlin görək, bizdə vəziyyət necədir. Rəsmi açıqlamaya əsasən, 2016-cı ilin yanvarın 1-nə “Azərenerji” ASC-nin dövlət büdcəsinə olan borcunun məbləği 799 milyon 795,9 min manat təşkil edib ki, bu da dövlət mülkiyyətində olan vergi ödəyicilərinin ümumilikdə mövcud borclarının 68,2%-i deməkdir. Bundan əlavə, adı çəkilən qurumun cari ilin ilk 3 ayının nəticəsi də nəzərə alınmaqla SOCAR-a da 350 milyon manat borcu olduğu bildirilmişdi. Hansı ki, bunun da 30 milyon manata qədər hissəsi təkcə, bu ilin ilk 3 ayında yaranıb.

Yeri gəlmişkən, 2015-ci ilin yanvarın 1-nə isə “Azərenerji” ASC-nin Neft Şirkətinə 4,6 milyon manat borcu olub... Hansı ki, həmin vaxt manat hələ heç bir devalvasiyaya uğramamışdı. Yəni, 1 ABŞ dolları 0,78 azn-ə bərabər idi...

Sözügedən borc vəsaiti ilə əlaqədar problem isə SOCAR-ın vitse-prezidenti Süleyman Qasımovun apreldə verdiyi açıqlamada söylədiyi sözlərə əsasən, keçən ilin dekabr ayında Ali Məhkəmə səviyyəsində həll edilib. Hələ bundan sonra, 314 milyon manat səviyyəsində yeni borc yaranıb.

Bundan əlavə, bir sıra qurumlardan dövlət zəmanəti ilə alınmış kreditlərin geri ödənişi üzrə də yaranmış borcları da nəzərə aldıqda, dövlətin həqiqətən də əməlli-başlı "talandığı"nı görürük...

İki il öncə isə “Azərenerji”nin SOCAR-ın tərkibində olan “Azəriqaz”a təxminən yarım milyard manat borcu var idi. Bu cür qarşılıqlı iqtisadi və istehsal əlaqələrində olan sahələr üzrə borc vəsaitlərinin yığılıb qalması sonradan dövlətin özü üçün əlavə yükə çevrilir ki, belə sahələrdə problemi birdəfəlik həll etməyin yolu isə məhz özəlləşdirilmədən keçir.

Odur ki, istehsal 10 və 20 min meqavata çatdırılsa da xeyri olmayacaq. Çünki generasiya layihələri investisiyalar nəticəsində reallaşdırıldığından istehsal xərci ödənilməlidir. Bizdə isə iqtisadiyyatda ən böyük itki enerji istehlakı nəticəsində əldə olunduğundan ciddi problem mövcuddur. Ona görə də, öncə, təkrar edirik ki, enerji səmərəliliyini artırmağı Azərbaycan iqtisadiyyatında da bir nömrəli vəzifəyə çevirməliyik.

Yeri gəlmişkən, enerji istehlakında səmərəliliyə nail olmaq təkcə yığımda maksimum nəticə əldə etmək, qiymətləri artırmaq və sairədən ibarət deyil. Bu gün Azərbaycanda istehlak olunan enerji resurslarını 50%-dək azaltmaq mümkündür. Bunun çox hissəsini isə istehsal xərclərini azaltmaqla əldə etmək olar.

Ancaq bizdə məsələyə çox vaxt başqa cür yanaşılır. Belə ki, istehsalda səmərəliliyə nail olmaq dedikdə dərhal tariflərə diqqət çəkilir və artırılır. Halbuki, alıcını qənaətə sürükləmədən öncə, istehsal xərclərini azaltmaq lazımdır.

Bəli, generasiya layihələri investisiyalar sayəsində reallaşdırıldığından xərc ödənilməlidir. Ancaq sual yaranır, bütün bunlar dövlət büdcəsindən alınan vəsaitlər və eyni zamanda, dövlət zəmanəti ilə verilən kreditlər hesabına həyata keçirilirsə, paralel olaraq ölkədə enerji istehlakından yığım səviyyəsi də yaxşıdırsa necə olur ki, sistemdaxili borclar yaranır?!

Keçən ilin fevralın 10-da Prezidentin müvafiq Sərəncamı ilə “Azərişıq” ASC yaradıldı. “Azərenerji” ASC tərəfindən həyata keçirilən elektrik enerjisi ilə istehlakçıların təmin olunması fəaliyyəti ona ötürülməklə, onun balansındakı istehlakçıların elektrik enerjisi ilə təchizatı üçün zəruri olan bütün əmlak və avadanlıqlar “Azərişıq”a verildi.

Çox yaxşı. Ancaq bu islahatın davamı olmalıdır. Belə ki, ölkədə ümumən enerji istehsalı və istehlakında səmərəliliyi artırmaq və iqtisadiyyatın inkişafında bir nömrəli vəzifəyə çevirmək məqsədilə sektorda özəlləşdirilmə də aparılmalıdır.

2016-cı ilin yanvar 1-ə “Azərenerji” ASC-nin aktivləri 4 milyard 259,591 milyon manat təşkil edib ki, bu da 2015-ci ilin əvvəli ilə müqayisədə 23,21 % azalma deməkdir. Ümumiyyətlə, “Azərenerji” ötən ili 870 milyon manat zərərlə başa vurub! Odur ki, sözügedən qurum bizcə, təcili olaraq satılmalıdır.


Pərviz Heydərov
AzVision.az üçün




Teqlər:





Xəbər lenti