Çörəyin faydası və ziyanı - Günün mövzusu

Çörəyin faydası və ziyanı - Günün mövzusu
  30 İyul 2016    Oxunub:9715
Çörək təkcə qida deyil, bolluğun, rifahın rəmzi hesab olunur. Bütün dünya ölkələrində çörəkdən qida məhsulu kimi istifadə olunur. Azərbaycanda da çörək bərəkət simvolu olmaqla yanaşı, ən çox yeyilən məhsullar arasındadır.
Bu gündən ölkəmizdə çörəyin qiymətinin bahalaşması haqda yayılan xəbərlər bu qida məhsulunun müzakirə predmetinə çevrilməsinə səbəb olub.

AzVision.az mövzunun aktuallığını nəzərə alaraq, çörəyin faydaları və zərəri barədə oxucularımız üçün faydalı məlumat hazırlayıb.

Belə ki, arxeoloqların fikirinə görə, çörək 7000 il bundan əvvəl icad olunub. Çörəyi əksər hallarda buğdadan hazırlayırlar. Buğdanın tərkibində karbohidratlar, zülallar, praktiki olaraq bütün əsas vitaminlər və minerallar var.

Lakin müasir dövrdə buğda xüsusi emaldan keçir ki, nəticədə onun ən faydalı hissələri (taxılın qişaları, rüşeymi) atılır. Məhz belə emaldan sonra biz ağ un ("əla növ" un) əldə edirik. Bu undan ağ yumşaq çörək, bulkalar və s. dadlı məhsullar hazırlanır.
Bu məhsullar çox dadlı olurlar, lakin onların faydası bir o qədər də çox olmur. Ağ undan hazırlanmış çörək və s. un məmulatları yeyən insanda piylənmənin, mədə-bağırsaq sistemi xəstəliklərinin və s. pozulmaların riski artır. Təzə yumşaq çörək pis həzm olunur, bir çox hallarda köpə səbəb olur.

Ən faydalı çörək emal olunmamış, təmizlənməmiş buğdadan hazırlanır. Belə çörəkdə buğdanın bütün faydalı xüsusiyyətləri saxlanılır.

Arpa unundan və ya arpa ilə buğda unların qarışığından hazırlanmış çörək çox faydalıdır. Biz buna adətən “qara çörək” deyirik. Bu çörək daha gec mənimsənilir və ağ çörəklə müqayisədə onun tərkibində daha çox faydalı maddələr saxlanılır.

Buğda kəpəyi əlavə olunmuş çörək də faydalıdır. Kəpək mədə-bağrsaq sisteminə müsbət təsir edir, qəbizliyin qarşısını alır, orqanizmdən ziyanlı maddələri xaric edir.

Çörəyi düzgün yemək lazımdır. Dietoloqlar çörəyi yeməkdən əvvəl bir qədər qurutmağı tövsiyə edirlər.

Boyat çörək yumşaq təzə çörəkdən daha faydalıdır. Bunu bütün həkimlər və dietoloqlar təsdiq edir. Boyat çörək daha yaxşı mənimsənilir köp, ağırlıq yaratmır.

Çörəyin üzərində kif varsa, belə çörəyi yemək olmaz. Bəzən insanlar üzərində kif olan tikəni kəsib qalan çörəyi yeyirlər. Bu qəti şəkildə yolverilməzdir. Kif göbələyin sporları gözlə görünmür və insan bilmədən bu sporları olan tikəni yeyə bilər. Kif göbələyi çox ziyanlıdır və nəinki qida zəhərlənmələrinin, hətta ağır qan və ağ ciyər xəstəliklərinin inkişafına səbəb ola bilər.

Təbii ki, ən ideal variant çörəyi evdə emal olunmamış undan bişirməkdir. Bir çox həkimlər mayasız çörəyə üstünlük verməyi tövsiyə edir.
Un məmulatları orqanizmin ömrünü qısaldan qidalardır. Nə qədər çörəkdən az istifadə etsək, ömrümüz bir o qədər uzanar.

Orqanizmin hər vitaminə tələbatı var, amma çörəkdən imtina etsək, bizə heç bir ziyanı olmayacaq. Onsuz da çörəkdə olan karbohidratları başqa qida məhsullarından alırıq.

Un məmulatları, xüsusilə də, maya ilə hazırlanmış çörək orqanizm üçün əlavə yükdür. Həm həzm prosesini ləngidir, həm də qanda şəkərin birdən-birə yüksəlməsinə səbəb olur.

Un məmulatları çox yedikcə qanda şəkərin miqdarı birdən-birə yüksələ bilər. Əsasən də kişilərdə 50, qadınlarda 40-dan sonra şəkərin miqdarı qalxır.

AzVision.az


Teqlər:  





Xəbər lenti