Lənkəranda izdiham: Reportaj+Fotolar (Yenilənib)

Lənkəranda izdiham: Reportaj+Fotolar (Yenilənib)
  19 Avqust 2016    Oxunub:449277
Xəbər verdiyimiz kimi, ötən gün azərbaycanlı məşhur avtoritet Rövşən Canıyev (Lənkəranski) Türkiyədə silahlı hücuma məruz qalıb. Lənkəranski ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Son məlumatlara görə, Canıyevin cənazəsi bu gün axşam saatlarında doğulduğu Lənkəran şəhərinə gətiriləcək.

Əməkdaşımız Lənkəranskinin yas mərasimindən reportaj hazırlamaq üçün Lənkərana yollanıb.

Müxbirimizin bildirdiyinə görə, Rövşən Canıyevın ölümündən şoka düşən lənkəranlılar onun cənazəsini gözləyirlər.



“Rövşənin ölüm xəbərini mətbuatdan oxuduq. Gözlərimizə inanmadıq. Dərhal ailə üzvləri ilə əlaqə saxlamağa çalışsaq da, alınmadı. Məlum oldu ki, onlar təcili Türkiyəyə gediblər. Bütün günü Allaha dua edirdik ki, Rövşənə heç nə olmasın. Ölüm xəbəri təsdiqlənəndə çox pis olduq. Allah rəhmət eləsin”,-deyə şəhər sakinləri bildirib.

Lənkəranskinin ata evinə çoxlu sayda insan yığışıb. Ərazi polis nəzarətindədir. Yas mərasiminin keçirilməsi üçün hazırlıq işləri görülür.



Qonşuların sözlərinə görə, Rövşən Lənkəranski xeyli vaxtdır ata yurduna gəlmirmiş: “Çoxdandır ki, Rövşən buralara gəlmirdi. O, çox hörmətli, mərd oğlan idi. Rövşənin ölümü bütün lənkəranlıları yasa qərq edib. Kaşki ona heç nə olmayaydı. Rövşən öləsi oğul deyildi. Lənkəranda onlarla ailə onun hesabına dolanır. Burada işsiz gənclər Rövşənin dəstəyi ilə Rusiyada özlərinə iş qurublar. Rəhmətlik atası kimi Rövşən əltutan, kasıba kömək edən insan idi”.



Şəhər sakinlərləri bildiriblər ki, Rusiyada, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar Rövşən Canıyevin dəfnində iştirak etmək üçün Lənkərana gəlirlər.



“Rusiyada yaşayan qohumlarımızla əlaqə saxlamışıq. Onlar Azərbaycana gəlmək üçün təcili bilet alıblar. Hazırda yas mərasiminə hazırlaşırıq. Rövşənin adına layiq mərasim keçiriləcək. O, hamımızın arxası, köməyi olub. Rövşənin borcundan heç vaxt çıxa bilmərik. Allah ona rəhmət eləsin! Rövşən bizim qəlbimizdə yaşayacaq. O, Azərbaycanı bütün dünyada tanıdan oğul idi”,- deyə sakinlər söyləyiblər.

Hazırda kənar şəxslərin yas mərasiminin keçiriləcəyi yerə daxil olmasına, çəkiliş aparılmasına icazə verilmir.

***



Əməkdaşımızın bildirdiyinə görə, Lənkəranda izdiham yaşanır. Şəhər sakinləri hava limanında və Kiçik bazar məscidinin qarşısında toplaşaraq Rövşən Lənkəranskinin cənazəsinin gətirilməsini gözləyirlər. Bu dəqiqələrdə mərhumun nəşinin Lənkərana gətiriləcəyi deyilir.









Qeyd edək ki, gün ərzində Lənkərandan reportajımız davam edəcək.

Hafiz Əhmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti