Kirayə ev bazarı: Polis qovur, tələbələr isə... - Reportaj

Kirayə ev bazarı: Polis qovur, tələbələr isə...  - Reportaj
  02 Sentyabr 2016    Oxunub:18184
Yeni dərs ilinin başlamasına sayılı günlər qalıb. Bununla əlaqədar Bakının kirayə mənzil bazarında canlanma hiss olunur. Bölgələrdən tələbələrin paytaxta axını kirayə evlərə olan tələbatı xeyli artırıb.

Rayonlardan gələnlər adətən “Neftçilər” metrosunun yaxınlığında yerləşən “kirayə bazarı”na baş çəkib, ciblərinə münasib ev axtarırlar. Ev dəllalları şirin dillərini işə salıb, tələbələrə kirayə mənzillər vermək üçün dəridən-qabıqdan çıxırlar.

AzVision.az-ın əməkdaşları kirayə bazarına baş çəkərək hazırki vəziyyətlə maraqlanıb.



Həmişə kirayə ev axtaranların üstünə şığıyan “maklerlər” bu dəfə nədənsə gözə dəymirdilər. Məlum oldu ki, yaxınlıqda yaşayan sakinlərin şikayəti ilə əlaqədar polis parkda “makler”lərin sözün əsl mənasında bazar açmasına icazə vermir. Bu səbəbdən ev dəllalları ya ağac arxasında, ya da hansısa tində durub müştərilərini gözləyirlər.

“Makler”lərdən biri polisin ərazidən uzaqlaşdığını görüb bizə yaxınlaşdı. Kamran adlı şəxs polisin qorxusundan işləyə bilmədiklərini deyir.

““Makler”lər yalnız dövlət qeydiyyatında olan ofislərdə fəaliyyət göstərə bilərlər. Parkda ev bazarlığı edilməsinə icazə verilmir. Bu da bizim işimizi çətinləşdirir”.



Sakinlər isə parkda müştəri əlindən istirahət edə bilmədiklərini deyib, ev dəllallarından şikayətlənirlər.

“Buranı pivəxanaya döndərmişdilər. Başını itirən, içən, yolunu azan “makler” adı ilə parka gəlirdi. İmkan vermirdilər ki, insanlar parkda dincəlsin. Burada hər cürə adam var idi. Ona görə də onlardan tez-tez şikayətlər olurdu. Özünü dəllal kimi təqdim edənlərin çoxu fırıldaqçı idi. Müştərilərin pulunu alıb, qaçırdılar. Buna son qoyulmalı idi”,-deyə sakinlər bildiriblər.



Jurnalist olduğumuzu bilən maklerlər bizə yaxınlaşmaqdan çəkinirdilər. Soruşanda ki, “sizdə kirayə ev var?” bu işlə məşğul olmadıqlarını deyirdilər.

“Ev bazarı” dağıldığından müştərilər də gözə dəymirdi.

Kirayə evlərin qiymətini öyrənmək üçün ofislərə baş vurduq. Mənzil alqı-satqısı ilə məşğul olan şəxslərin sözlərinə görə, tələbə axınına baxmayaraq bazarda ciddi irəliləyiş hiss olunmur.

“Qışdan bəri vəziyyət dəyişməyib. Kirayə evlərə təlabat o qədər də artmayıb. Müştərilərimiz daha çox rayondan gələn tələbələrdir. Onlar ucuz qiymətə metro yaxınlığında yerləşən ev axtarırlar. Qiymətlər valideynləri qane etmədiyindən onlar övladlarını yataqxanada yerləşdirməyi düşünürlər.

Qiymətlərdə hissolunacaq dəyişiklik yoxdur. Şəhərin mərkəzində bir otaqlı evləri 250-300 manata tapa bilərsiniz. Həyət evləri bir qədər ucuz başa gəlir.
Şəhərin mərkəzində hər bir şəraiti olan evi 400 manata da kirayələmək olar. Yerindən asılı olaraq qiymət dəyişir. Keçən illə müqayisədə tələbat azdır”,-deyə Şahhverdi Xanıyev deyib.



Şahanə Rəhimli
Foto: Elvin Abdulla

AzVision.az


Teqlər:  





Xəbər lenti