Qəbələdə selin fəsadları aradan qaldırılır

Laza kəndi ilə rayon mərkəzini birləşdirən avtomobil yolunun lil qatından təmizlənərək nəqliyyatın hərəkətini bərpa etmək üçün işlər görülür. Laza-Küsnət-Qəbələ yolunun bir hissəsi yararsız hala düşdüyündən əraziyə “Azəravtoyol” ASC-nin ağır texnikası və canlı qüvvəsi cəlb olunub.
Sel sularının Qəbələ şəhərinin Sahil küçəsində yaratdığı çətinliklər də aradan qaldırılır, lildən təmizləmə işləri görülür. Yolun asfalt örtüyü və çiyinlər su maşınları vasitəsilə yuyulur. Sel suları Qəbələ şəhərinin içməli su və kanalizasiya borularının bir hissəsini sıradan çıxarıb. Hazırda mütəxəssislər boruların bərpa edilməsi üçün əraziyə baxış keçirirlər. Sel suları çay ətrafındakı bir neçə dəmir və beton elektrik dirəyini aşırıb, naqillər qırıldığı üçün Laza kəndinə elektrik enerjisinin verilişi dayandırılıb. Hazırda “Azərişıq” ASC-nin əməkdaşları kəndə elektrik enerjisinin verilişini bərpa etmək üçün işlər görürlər.
Qeyd edək ki, bu gün Qəbələ rayonunda yağmursuz hava müşahidə olunub. Dəmiraparan çayının suyu azalaraq əvvəlki səviyyəyə düşüb. (Azərtac)
AzVision.az
Teqlər: