Dünyada 1 milyon insan orqan nəqlini gözləyir

Dünyada 1 milyon insan orqan nəqlini gözləyir
  06 Sentyabr 2016    Oxunub:3014
Türkiyə Orqan Nəqli Vəkfi 2015-ci ildən həyata keçirtdiyi “Beynəlxalq Orqan Nəqli Şəbəkəsi” (International Transplant Network) layihəsi çərçivəsində dünya ölkələrindən mətbuat nümayəndələrini İstanbulda təşkil olunan konfrasda bir araya toplayıb.

Azərbaycan, Mozambik, Türkmənistan, Qazaxıstan, Tacikistan, Mavritaniya, Pakistan, Malayziya, Qırğızıstan, Özbəkistan, Uqanda, Əfqanıstan, Nigeriya və Somalidən mətbuat nümayəndələrinin iştirak etdiyi konfrasda orqan nəqlində medianın rolu, mətbuatda çıxan xəbərlərin orqan bəxş edən və nəql gözləyən xəstələrə necə təsir etdiyi və mətbuat nümayəndələrinin bu mövzuda məsuliyyətləri müzakirə edilib.

Orqan nəqli mövzusunda bu il ikinci dəfə təşkil edilən konfrasda 15 ölkədən qatılan jurnalistlərlə bərabər, səhiyyə işçiləri də iştirak edərək bu mövzuda müxtəlif müzakirələr aparıb. 3 günlük təşkil olunan proqram çərçivəsində bir neçə orqan nəql edilən xəstəxanaya ziyarət edilib.

Konfransa həmçinin orqan nəql olunan xəstələr də qatılaraq, orqan nəqli gözləyərkən keçirtdikləri həyəcanları, nəqldən sonra dəyişən həyat tərzlərini mətbuat nümayəndələri ilə bölüşüblər.

Türkiyə Orqan Nəqli Vəqfinin ( TONV ) İdarə heyətinin başçısı Dr. Eyüp Qəhvəçi, ötən il Türkiyədə 5 minə yaxın orqan və toxuma nəqli edildiyini qeyd edərək, Türkiyənin bu mövzuda dünya ölkələrinə nisbətən irəlidə olduğunu vurğulayıb: “Ötən il Türkiyədə ümumilikdə 969 beyin ölümü reallaşıb. 472 ailə ilə görüş keçirilərək onların yaxınlarının orqan nəqli mövzusunda razılığı alınıb. Orqan nəqlində əsas prinsipimiz canlıya zərər verməmək, hər iki tərəfin razılığı və orqanların uyğun olmasıdır.

Dünyada orqan nəqli siyahısında 1 milyondan çox insan var, və onlar hələ də öz növbəsini gözləyir. Hər il 100 minə yaxın insan orqan nəqli gözləyərkən həyatını itirir. Bütün ölkələrdə orqan nəqlinin kifayət qədər olmaması əsas problem olaraq gündəmdədir. Ölkələrin bu sahədəki cəhdlərini və işlərini tamamlamaq üçün qanuni çərçivəyə ehtiyacları var. Çünki orqan nəqli xüsusi qanuni tənzimləmələr tələb edir və bu da orqan nəqlini digər bütün tibb prinsiplərinə kəskin şəkildə ayırır. Öd kisəsi və ya göz əməliyyatını ümumi sağlamlıq qanunu çərçivəsində edə bilərsiniz, amma orqan nəqli üçün tənzimləyici hüquqi bir çərçivəyə, təşkilatlara ehtiyac var. Bunlara laqeyd qalmaq mümkün deyil”.

Daha sonra layihədə hərkəsi beynəlxalq əməkadaşlığa və texniki yardıma çağıran E. Qəhvəçi milli və beynəlxalq təşkilatların layihəyə müxtəlif səviyyədə maliyyə dəstək verdiyini qeyd edib və jurnalistlərə ətraflı məlumat verib.



Beynəlxalq Orqan Nəqli şəbəkəsinin koordinatoru (International Transplant Network - ITN) və Türkiyə Orqan Nəqli Vəqfi İdarə heyəti üzvü Dos. Dr. Camal Ata Bozoklar deyib ki, orqan nəqli deyəndə insanların ağlına qorxu filmləri, kabuslar gəlir. Əslində isə orqan dünyanın ən müqəddəs hədiyyəsi, insanın buraxa biləcəyi ən böyük mirasdır: “Bir ürək, bir qaraciyərlə dünyaya yeni bir həyat bəxş edə bilərsiniz”.

Daha sonra çıxışına davam edən C.Bozoklar bütün cəmiyyəti düşündürən sualı cavablandırıb: “Hamımız bilirik ki, hazırda cəmiyyətdə orqan nəqli ilə əlaqədar gerçək məlumatdan çox xurafat məlumat var. Görünür ki, insanlar orqan nəqlindən çox az məlumatlıdırlar. İnsanlarımızı düşündürən ən vacib sual budur: beyin ölümü reallaşan insan həqiqətən öldümü? Beyin ölümü ölümdürmü? Bunu qəti şəkildə deyə bilərəm ki, beyin ölümü yüzdə yüz ölümdür, bundan heç şübhəniz olmasın. Dəfn etdiyimiz insan nə qədər ölüdürsə, beyin ölümü gerçəkləşən insan da o qədər ölüdür. Ürəyin dayanmasının ölüm ilə bir əlaqəsi yoxdur. Ölümlərin hamısı əslində beyin ölümüdür. Ürək həyat demək deyil. O, bir nasosdur. Nə ölümü, nə də həyatı təyin edər. Ölümü və həyatı təyin edən beyindir. Önəmli olan əməliyyat etmək deyil, uyğun orqan tapıb, onu bağışlaya bilməkdir”.

Türkiyədə Orqan Nəqli Mərkəzində çalışan Dos. Dr. Murat Dayangaç isə orqan nəqli mövzusunda qlobal bir qiymətləndirmə edərək orqan nəqlinin tibb tarixinin ən əhəmiyyətli inkişaflarından biri olduğunu bildirib: “2014-cü ildə dünyada təxminən 120 min orqan nəqli reallaşıb. 2013-cü ilə nisbətən bu rəqəmlərdə 1,8% artım müşahidə edirik. Amma bu təbii ki, azdır. Həyata keçirilən orqan nəqlləri ehtiyacı olan xəstələrin cəmi 10 % ni qarşılaya bilir. 2000-ci ildən bu yana ölən insanlardan orqan nəqli getdikcə artır. Hələ istədiyimiz səviyyədə olmasaq da, irəliləmək də davam edirik. Həm böyrək nəqli həm də qaraciyər nəqli baxımından Türkiyə dünya ölkələri sırasında ön yerdədir. Son 3 ildə Türkiyədə 200 mindən çox qaraciyər nəqli reallaşıb. 2013 və 2014-cü illərdə canlıdan ən çox qaraciyər nəql edən ölkə olub”.

Dünyanın hər yerində orqan sayını artırmaq üçün əhəmiyyətli strategiyalar istifadə edildiyini də ifadə edən Dayangaç, yalnız beyin ölümü deyil, ürək ölümü də reallaşan insanların orqanlarının bəxş edilməsini çox əhəmiyyətli hal olduğunu vurğulayıb.

Aygül Rzayeva
AzVision.az üçün



Teqlər:





Xəbər lenti