`Prezident Avropaya ciddi xəbərdarlıq etdi` - Deputat

`Prezident Avropaya ciddi xəbərdarlıq etdi` - Deputat
  21 Sentyabr 2016    Oxunub:4432
“Azərbaycan prezidenti İlham Əliyevin Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətinin üzvləri ilə görüşündə səsləndirdiyi fikirlər bizə prokuror hökmü ilə yanaşmağın qəbuledilməzliyi barədə ciddi xəbərdarlıqdır”.
Bu fikirləri AzVision.az-a Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə bildirib.

YAP funksioneri deyib ki, prezident ikitərəfli münasibətlərlə bağlı çox açıq fikir bildirib: “Ölkə başçısı Avropa Birliyi ilə münasibətlərə çox böyük maraq göstərdiyini və bu münasibətlərin genişlənməsinin vacib olduğunu bildirməklə yanaşı, Avropa Parlamenti tərəfindən Azərbaycana qarşı bir sıra qeyri-obyektiv addımların atılmasının qəbuledilməz olduğunu vurğuladı. Prezident kifayət qədər sərt və prinsipial şəkildə Avropa Parlamentinin Azərbaycanla bağlı vaxtaşırı yalan dolu qərarlar qəbul etdiyini xatırlatdı. Bir neçə faktla bütün bunların əsasının olmadığını, məqsəd beynəlxalq aləmdə Azərbaycan haqqında qərəzli fikir formalaşdırmaqdan ibarət olduğunu bildirdi. Ölkə başçısı görüşdə Azərbaycanın demokratik ölkə olduğunu, insan hüquqlarının qorunduğu, mətbuat, fərqli fikirin bildirilməsi üçün şərait olduğuna dair bir sıra misallar gətirdi. Məqsədli surətdə prezidentin adından olmayan məsələlərin hallandırılmasının yolverilməz olduğunu, bunun Azərbaycan-Avropa münasibətlərinə mənfi təsir göstərəcəyini bəyan etdi”.

Millət vəkili daha sonra qeyd edib: “Şübhəsiz ki, bütün bunlara Avropa Birliyinin rəhbərliyi, Avropa Parlamenti münasibət bildirməlidir. Əgər, bu sadəcə Avropa Parlamentinin münasibəti, mövqeyidirsə, onda Avropa Birliyi bunu pisləməlidir. Avropa Birliyinin münasibətirsə, onda bu açıq şəkildə bildirilməli və hər iki tərəf öz mövqeyini müdafiə etməyi bacarmalıdır. Ümumən götürdükdə Azərbaycan prezidentinin mövqeyi dövlətçilik, milli maraqlarımızın qorunması və xaricdən Azərbaycanın daxili işlərinə qarışmaq, bizə prokuror hökümü ilə yanaşmağın qəbuledilməzliyi barədə xəbərdarlıqdır. Hesab edirəm ki, bu gün hər bir Azərbaycan vətəndaşı prezidentə ölkəmizin maraqlarını prinsipial şəkildə qoruduğuna görə dəstək verir”.

A.Mirzəzadə qeyd edib ki, Azərbaycan Avropadan obyektivlik, düzgünlük, münasibətlərdə tərəflərin mövqelərinə hörmətlə yanaşmaq gözləyir: “Prezident öz çıxışında bu məsələrə aydınlıq gətirilməsini, birmənalı mövqe olması barədə açıq mesaj verdi. Biz Avropadan obyektivlik, düzgünlük, münasibətlərdə tərəflərin mövqelərinə hörmətlə yanaşmağı gözləyirik. Çox istərdik ki, xaricdə Azərbaycanla bağlı obyektiv məlumatlar yayılsın”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:





Xəbər lenti