İnternat uşaqlarının `arzular ağacı`… - FOTOLAR

İnternat uşaqlarının `arzular ağacı`… - FOTOLAR
  23 Dekabr 2016    Oxunub:12338
Təhsil Nazirliyinin təşkilatçılığı ilə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram şənliyi keçirilib.

AzVision.az xəbər verir ki, Təhsil Nazirliyi əməkdaşlarının və KİV təmsilçilərinin iştirak etdiyi şənlikdə internat məktəbi şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya, milli və xarici rəqslər, səhnəciklər nümayiş olunub.



Uşaqlar Şaxta baba və Qar qızla birgə rəqs edib, “Yeni il” nəğməsini oxuyublar.
İnternat məktəbinin direktoru Dilarə Məşədiyeva bildirib ki, hazırda internat məktəbində 47 nəfəri qız, 115 nəfəri oğlan olmaqla 162 nəfər valideyn himayəsindən məhrum olmuş uşaq təlim-tərbiyə alır. “Onlardan 152 nəfər uşaq müəssisədə gecələyir. Şagirdlərin təlim-tərbiyəsi ilə 47 nəfər pedaqoji işçi məşğul olur”.

Hər zaman uşaqları sevindirməyə çalışdıqlarını deyən D.Məşədiyeva onlara öz övladları kimi baxdığını qeyd edib: “Evdə uşaqlarıma göstərdiyim qayğını eyni ilə burdakı uşaqlara göstərirəm. Çünki onların sevgiyə, diqqətə və qayğıya ehtiyacı var. Psixoloqlarımız tez-tez onlarla maraqlanırlar. Hazırda 4 uşağı övladlığa vermişik. Keçən il 22 kimsəsiz uşağımız məzun evləri ilə təmin olunmuşdular. Bütün uşaqlar peşə məktəblərinə yönəlir. Çünki internat məktəbi 9 illikdir”.



Tədbirdə internat məktəbinin məzunları ilə yanaşı, övladlığa verilmiş uşaqlar da iştirak edib.

Övladlığa verilmiş uşaqlardan biri, 14 yaşlı F.Ə. bizimlə həmsöhbət zamanı Yeni il şənliyini keçmiş dostları və internat uşaqları ilə keçirmək üçün valideynləri tərəfindən gətirildiyini bildirib. O, bura üçün darıxdığını bildirsə də, yeni ailəsinin yanında çox xoşbəxt olduğunu söyləyib.

Şaxta babadan istədikləri hədiyyələri və gələcək barədə arzularını uşaqlar açıqçalara yazaraq “Arzular ağacı”ndan asmışdılar. Şənlik sonrası isə Şaxta baba öz “nəvələrinə” hədiyyələrini paylaraq onlarla birgə rəqs edib, bayramı qeyd etdilər.

Qeyd edək ki, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbi 1937-ci ildən 6 nömrəli Uşaq evi, 1985-1986-cı tədris ilindən isə internat məktəbi olaraq fəaliyyət göstərib. İnternat məktəbində Təhsil Nazirliyi tərəfindən əsaslı təmir və yenidənqurma işləri aparılıb, bu ilin sentyabr ayında isə şagirdlərin istifadəsinə verilib. Məktəbdə 11 sinif otağı, 5 fənn kabineti, 2 laboratoriya və 1 informatika otağı var.



































Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti