Şəhid əsgərimiz ali təhsilli imiş
AzVision.az-ın məlumatına görə, şəhid Çingiz Qurbanov 1994-cü ildə Qusarın Həzrə kəndində anadan olub. O, ali təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanıb.
Həzrə kənd icra nümayəndəsi Vəlixan Vəlixanov saytımıza bildirib ki, Çingiz Qurbanov Azərbaycan Texniki Universitetində təhsil alıb.
“Çingizin bir qardaşı var. Adı Beytulladır. Çingiz məzun olduqdan sonra bu ilin iyul ayında hərbi xidmətə yollanıb. Qardaşı Beytulla Bakıda ali təhsil alır. Valideynləri uşaqların təhsili ilə əlaqədar Bakıya köçüb, orada işləyirlər. Çingiz tərbiyəli, savadlı oğlan idi. Hamı onun xətrini istəyirdi. Böyüyə, kiçiyə hörmət qoymağı bacarırdı. Ailənin maddi durumu yaxşı deyildi. Onlar çətinliklə böyüyüblər. Çingiz cəmi 4 ay idi ki, hərbi xidmətə getmişdi. Onun ölüm xəbərini eşidib, çox pis olduq. Amma fəxr edirik ki, Çingiz vətəni uğrunda şəhid olub”.
Hafiz Əhmədov
AzVision.az