Deputatlar AZAL-dan narazıdır - Parlamentdə gərgin müzakirə

Deputatlar AZAL-dan narazıdır - Parlamentdə gərgin müzakirə
  19 Yanvar 2017    Oxunub:2026
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Aviasiya haqqında” qanuna dəyişikliklər edilməsi barədə layihənin müzakirəsi zamanı çıxış edən deputat Vahid Əhmədov aviasiya sahəsində qiymətlərin həddindən artıq yüksək olduğunu deyib.

Deputat bildirib ki, AZAL faktiki olaraq aviasiya sahəsini inhisarda saxlayır: “Niyə bu sahədə alternativ şirkətlər olmamalıdır? Niyə sərnişinlər yüksək qiymətə uçmalıdır? AZAL-ın aviasiya sahəsini inhisara alması qiymətlərin yüksək olmasına şərait yaradır. Mən Türkiyəyə səfər etmişdim. Orada işlərim uzandığına görə iki gün ləngiməli oldum. AZAL-ın Türkiyədəki nümayəndəliyinə yaxınlaşdım ki, bileti dəyişdirim. Mənə nümayəndəlikdən bildirildi ki, bileti dəyişmək yalnız Bakıda mümkündür. Əgər AZAL-ın Türkiyədə nümayəndəliyi varsa, niyə sərnişinlərin üzləşdiyi problem həll olunmamalıdır?”

Millət vəkilləri Əli Məsimli və deputat İlham Əliyev də AZAL-ın fəaliyyətindən narazılıqlarını bildirblər.

Ə.Məsimli deyib ki, AZAL Azərbaycanın dövlət büdcəsinə böyük yükdür və bu qurumun özəlləşdirilməsi çox vacibdir. Deputat bütün sahələrdə olduğu kimi aviasiya sahəsində də monopoliyanın aradan qaldırılması üçün Rəqabət Məcəlləsinin qəbul edilməsini vacib sayıb: “Məcəllənin qəbulu bu sahədə rəqabət mühitini formalaşdıracaq. Bu isə son nəticədə xidmətlərin keyfiyyətinin yaxşılaşmasına və qiymətlərin aşağı düşməsinə gətirib çıxaracaq”.

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov isə cavabında vurğulayıb Azərbaycana və Azərbaycandan xaricə həyata keçirilən reyslərin 52%-i beynəlxalq şirkətlər, 48%-i isə AZAL tərəfindən həyata keçirilir.

Direktor bildirib ki, AZAL-ın hazırda 17 tarifi mövcuddur: “Burada biletlərin necə dəyişdirilməsi qaydaları var. Biletlərin qiymətini qaldırmaq məsələsi bu gün gündəmdə deyil və icazə verilmir. Siz qeyd etdiniz ki, AZAL büdcəyə böyük yükdür. Bütün bunlar olduğu halda yenə də yetərincə gəlir yığılmır. Monopoliyaya gəldikdə bilirsiniz ki, aşağı büdcəli “Buta” şirkəti yaradılır. Bilirsiniz ki, AZAL qiymətləri əsas etibarı ilə enerji daşıyıcıları və onların qiyməti ilə tənzimləyir. Çalışır ki, hava limanında problem olmasın. Bizdə uçuş zolağı 3-cü ən yüksək kateqoriyaya sahibdir. Biz istənilən hava şəraitində uçuşları qəbul edə bilirik. Son günlərdə Türkiyədə hava şəraitinə görə AZAL-ın reyslərindən başqa bütün reyslər gecikirdi. Həmin kateqoriyanı qoruyub saxlamaq üçün böyük problemlər var. Yəni, bir dənə lampanın qiyməti 60 minə qədərdir. Onların hamısını almaq lazımdır”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti