Fuad Qəhrəmanlını həbsə aparan dolanbac

Fuad Qəhrəmanlını həbsə aparan dolanbac
  27 Yanvar 2017    Oxunub:2259
Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələrinə görə həbs edilən “Müsəlman Birliyi” adlanan təşkilatın sədri Taleh Bağırzadəyə, “Yurd” sədri Əli Kərimlinin müavini Fuad Qəhrəmanlıya və onlarla birlikdə daha bir neçə nəfərə hökm oxunub. Taleh Bağırzadəyə 20, Fuad Qəhrəmanlıya isə 10 il həbs cəzası verilib. Taleh Bağırzadə ilə məsələ aydındır. Bəs Fuad Qəhrəmanlı nədən bu məsələdə həbs olundu? Azərbaycanda şəriət dövləti qurmaq istəyənlərlə birgə göründü?
Kimliyindən asılı olmayaraq adamın həbs edilməsi, azadlığını itirməsi arzuolunan deyil və kimsə də buna sevinmir. Təbii ki, Fuad Qəhrəmanlının da azadlıqdan məhrum edilməsi hətta ən qatı oppenentinə belə xoş gəlmir. Amma naşılıq və Kərimlinin “yeni qurban siyasəti”onun həyatının məhbəsdə keçməsinə imkan yaratdı. Məlumdur ki, Fuad Qəhrəmanlının ömrünün gənclik çağları partiya dəhlizlərində keçib. Siyasətə hələ tələbə olarkən qoşulub və uzun illər Xalq Cəbhəsində təmsili olunub.

Əli Kərimlinin ideallarına xidmət edənədək AXCP-də olub. AXCP isə o təşkilatdır ki, məramı və məqsədi demokratiyanın ölkədə həyat normasına çevrilməsi, milli dəyərlərin təbliği və qorunması, Azərbaycanın dünyəvi dövlət kimi öz yolunda irərliləməsidir. Belə bir mühitdə formalaşan bir şəxsin birdən-birə ölkəni teokratik qanunlarla idarə olunan şəriət dövləti bataqlığına salmağa çalışan qüvvələrə dəstək verməsi, dini təhrikçi çağırışlar etməsi nədən qaynaqlandı? Dünyəvi dövləti nəyin bahasına olursa-olsun teokratik dövlətə çevirənlərlə bir yerdə olmaq demokratik dəyərmi?

Siyasi fəaliyyətlə məşğul olan və demokratiya uğrunda mübarizə aparan hər kəs hadisələri düzgün analiz etməlidir. Şəxslər, siyasətçilər, təşkilatlar məram və məqsədləri, strateji baxışları üst-üstə düşdükdə əməkdaşlıq edə bilirlər. Bəs dildə demokratiya, milli ideologiya deyib əməldə teokratik quruluşlu dövlət qurmaq istəyənlərlə bir yerdə olmaq nədir? Milli-demokratik qüvvə təmsilçisi olduğunu iddia edərək teokratik cəmiyyət qurmaq istəyən bir təşkilat və ya onun rəhbəriylə hansı əlaqə, yaxud iş birliyi mümkündür? Deməli, ya sən olduğun kimi görünmürsən, ya da göründüyün kimi olmursan.

Taleh Bağırzadə və Fuad Qəhrəmanlının eyni ittihamla, amma il fərqi ilə azadlıqdan məhrum edilməsində də bu amilə xüsusi diqqət etmək lazımdlır. Ya Taleh Bağırzadə olduğu kimi görünmür, ya da Fuad Qəhrəmanlı. Təəssüf ki, burada daha çox Fuad Qəhrəmanlı olduğu kimi görünməyəndir. Çünki Taleh Bağırzadə hər zaman fikirlərini açıq bildirirdi və onun üçün ən ali məqsəd düşündüyü ideyanın siyasətdə və dövlətdə inikası idi.

Cəmiyyətə aydın idi ki, Taleh Bağırzadənin apardığı mübarizə demokratik dəyərlərdən, milli ideologiyadan uzaq, din adına aparılan mübarizədir. Bu mübarizə isə İran ayətullahlarının, molla rejiminin siyasi maraqlarını kütləyə aşılamaqdan o tərəfə keçmirdi. Azərbaycan isə dünyəvi dövlətdirsə və konstitusiyaya görə din dövlətdən ayrıdırsa, hər hansı dinin, yaxud məzhəbin, dini cərəyanın dövlətdə siyasi xəttə yiyələnməsinə yol verilmir. Qanun imkan verməyəndə təhdid və iğtişaş yolu qalır ki, Bağırzadənin çıxış və moizələrində də bu açıq-aşkar hiss olunacaq dərəcədəydi.

Ancaq uzun illər siyasi fəaliyyətlə məşğul olan, demokratiya, dünyəvi dövlət, milli ideologiya şüarları ilə çıxış edən bir şəxsin müavinlərindən birinin bunları bilməmək haqqı yoxdur. Məlumdur ki, Fuad Qəhrəmanlı “Yurd” sədrinin müavinidir və heç vaxt Əli Kərimlinin xəbəri və ya icazəsi olmadan addım atmayıb. Əli Kərimlinin “yurd”çular üzərində qurduğu fikir monopoliyası səbəbindən bu belədir və kimsə onun iradəsindən kənar hansısa fikir söyləyə bilməz. Bu baxımdan da Fuad Qəhrəmanlının yazdıqlarına və dediklərina görə həm də Əli Kərimli məsuliyyət daşıyır. Çünki Fuad Qəhrəmanlının ifadə etdikləri Kərimlinin düşündükləri və yeni oyun qaydaları idi. Ancaq Əli Kərimli hadisələrin məcrasından çıxdığını daha tez fərq etdi. Ona görə də Fuad Qəhrəmanlını güdaza verdi, sonradan isə onu müdafiə etmədi və tərəfindən “yurd”çulara da müdafiə etməmək tapşırığı verildi.

“Düşmənimin düşməni mənim dostumdur” prinsipi ilə yanaşıb, qisas hissiylə illərlə səsləndirdiyin fikirlərin əleyhinə çıxanda nəticə belə olur.(cebhe.info)

AzVision.az


Teqlər:





Xəbər lenti