İbrahimbəyovun namizəd olmaq hüququ yoxdur - EKSKLÜZİV

İbrahimbəyovun namizəd olmaq hüququ yoxdur - EKSKLÜZİV
  23 Avqust 2013    Oxunub:1337
Azərbaycan Respublikası Konstitusiyasının 100-cü maddəsi ilə bağlı müzakirələr yenidən aktuallaşıb. AzVision.az bununla bağlı hüquqşünas-alim, elmlər doktoru Lətif Hüseynovun rəyini öyrənib.

Konstitusiyamızın 100-cü maddəsində Azərbaycan Respublikasının Prezidentliyinə namizədlərə aid tələblər nəzərdə tutulub. Bu tələblər aşağıdakılardır: 1) şəxsin yaşı 35-dən aşağı olmamalıdır; 2) Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşamalıdır; 3) seçkilərdə iştirak etmək hüququna malik olmalıdır; 4) ağır cinayətə görə məhkum edilmiş olmamalıdır; 5) başqa dövlətlər qarşısında öhdəliyi olmamalıdır; 6) ali təhsilli olmalıdır; 7) ikili vətəndaşlığı olmamalıdır.

Lətif Hüseynovun sözlərinə görə, Prezidentliyə namizədlərə aid tələblər bütün ölkələrin qanunvericiliyində (bir qayda olaraq, Konstitusiyada) dəqiq müəyyən edilir: “Lakin bu tələblər müxtəlifdir; bu sahədə hər hansı beynəlxalq standart və ya müəyyən olunmuş ümumi təcrübə yoxdur. Dövlətlər öz siyasi və hüquqi ənənələrini, siyasi sistemin xüsusiyyətlərini və digər mühüm amilləri nəzərə alaraq, ölkə prezidenti olmaq, yaxud hər hansı digər mühüm seçkili və ya təyinatlı vəzifəni tutmaq iddiasında olan şəxslər üçün tələblər müəyyənləşdirirlər. Bir sıra misallar göstərim. Prezidentliyə namizəd olmaq uçün Braziliyada şəxs hər hansı siyasi partiyanın üzvü olmalı, Fransada bank hesabına malik olmalı, ABŞ-da naturalizasiya yolu ilə deyil, doğulduğu andan ölkə vətəndaşı olmalı, Türkmənistanda milliyətcə türkmən olmalı, Yunanıstanda atası yunan mənşəli olmalı, İtaliyada yaşı 50-dən az olmamalı, Qırğızıstanda yaşı 65-dən yuxarı olmamalı, Əlcəzairdə müsəlman olmalı, Ukraynada dövlət dilini bilməlidir və s”.

Hüquqşünas deyir ki, Azərbaycan Konstitusiyasının 100-cü maddəsində Prezidentliyə namizədlərə aid yeddi tələb müəyyən edilib və bu tələblərdən hər hansı birinin yerinə yetirilməməsi müfaviq şəxsin namizədliyinin qeydə alınmaması üçün əsas ola bilər: “Məlum olduğu kimi, göstərilən tələblərdən biri – “başqa dövlətlər qarşısında öhdəliyi olmayan” müddəası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2003-cü il 1 avqust tarixli qərarında şərh edilib. Xatırladım ki, Konstitusiya Məhkəməsinin qərarları bütün ölkə ərazisində məcburi qüvvəyə malikdir. Əlbəttə, kimsə Konstitusiya Məhkəməsinin bu və ya digər qərarı ilə və ya hüquqi mövqeyi ilə razılaşmaya bilər, yaxud onu fərqli şəkildə şərh edə bilər, amma belə bir rəyin və ya şərhin heç bir hüquqi əhəmiyyəti olmayacaq; Konstitusiya Məhkəməsinin qərarları qətidir, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz”.

Lətif Hüseynov deyir ki, başqa dövlət qarşısında öhdəliyi olan şəxs Azərbaycan Respublikasının Konstitusiyasına görə nəinki Prezident seçilə bilməz, heç baş nazir, baş nazirin müavini, nazir, digər mərkəzi icra hakimiyyəti orqanının rəhbəri vəzifəsinə təyin edilə bilməz (121-ci maddə), Milli Məclisə deputat seçilə bilməz (85-ci maddənin II hissəsi). Bu tələbin əsasında dayanan başlıca ideya ondan ibarətdir ki, başqa bir dövlət qarşısında öhdəlik həyata keçirən və deməli, həmin dövlətdən müəyyən dərəcədə asılılığı olan şəxsə adını çəkdiyim mühüm dövlət vəzifələri həvalə oluna bilməz: “Hesab edirəm ki, Azərbaycan dövlətinin müstəqilliyinin təminatçısı kimi konstitusion vəzifəni həyata keçirməli olan şəxs, yəni Azərbaycan Respublikasının Prezidenti üçün hər hansı xarici dövlətə siyasi-hüquqi bağlılıq, xarici dövlət qarşısında öhdəliklərin olması xüsusilə yolverilməzdir”.

“Başqa dövlət qarşısında öhdəliyi olmayan...” ifadəsinin bilavasitə şərhinə gəldikdə isə, hüquqşünas bunları dedi:
- Birincisi, söhbət burada dövlət qarşısında olan öhdəliklərdən gedir. Hər hansı başqa ölkədə özəl şəxslər qarşısında götürülən öhdəliklər buraya daxil deyil. Başqa dövlət qarşısında olan öhdəliklərə misal olaraq, həmin dövlətin ərazisini müəyyən olunmuş müddətdən artıq tərk etməmək, yaşadığı yerdən kənara çıxmamaq, qanunvericiliklə nəzərdə tutulmuş hallarda vergi ödəmək öhdəliklərini göstərmək olar.
İkincisi, bu öhdəliklər həm müvafiq xarici dövlətin milli qanunvericiliyindən, həm də beynəlxalq müqavilələrdən irəli gələ bilər.
Üçüncüsü, şəxsin xarici ölkənin ərazisində hər hansı müddət ərzində olarkən həmin ölkənin Konstitusiyasına və qanunlarına tabe olmaq vəzifəsi həmin dövlət qarşısında öhdəliyə malik olması kimi nəzərdən keçirilməməlidir.
Dördüncüsü, şəxsin başqa dövlət qarşısında öhdəliyə malik olub-olmadığını müəyyənləşdirərkən onun həmin dövlətin ərazisində daimi və ya xeyli müddət ərzində yaşaması əsas götürülə bilməz. Əsas şərt öhdəliyin xarakteri, onun gələcək dövlət başçısının fəaliyyətinə mənfi təsir göstərə bilməsidir. Məsələn, başqa dövlətin ərazisində əmlaka malik olan şəxs həmin əmlaka görə vergi ödəyir ki, bu da Konstitusiyanın 100-cü maddəsinin mənasında həmin şəxsin göstərilən dövlət qarşısında öhdəliyə malik olması kimi nəzərdən keçirilməlidir. Həmin şəxsin bu ölkə ərazisində nə qədər yaşaması, fikrimcə, bu zaman əhəmiyyət kəsb etmir.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti