Məstanların Toplandığı yer – REPORTAJ+FOTOLAR

Məstanların Toplandığı yer – REPORTAJ+FOTOLAR
  14 Mart 2017    Oxunub:17817
Qaradağ rayonunda, Xəzərin sahilində IDEA Heyvanlara Qayğı Mərkəzi (IACC) adlı çox maraqlı bir yer var. “Amfibiya adam” əsəri yadınızdadırmı? Bax, bu mərkəz haradasa Doktor Salvatorun bağını xatırladır.

IDEA Heyvanlara Qayğı Mərkəzinin direktoru Surxay Şükürov AzVision.az-a açıqlamasında deyir ki, orada sahibsiz heyvanlara qayğı üçün tələb olunan əsas şərait və imkanlar mövcuddur. Müasir avadanlıqla təchiz olunmuş klinika ilə yanaşı, Mərkəzdə it və pişiklər üçün sığınacaq blokları, ayrı karantin blokları, himayə bölməsi, heyvan mehmanxanası və salonu, oyun meydançası da yaradılıb. Könüllülər və baytar həkimlər üçün yataqxana, konfrans zalı, kafe və dükan yaradılıb.




Amma əlbəttə ki, şəhərdəki küçə heyvanlarının hamısının burada yerləşdirmək nə mümkündür, nə də çıxış yoludur. Bu baxımdan, bəzi heyvanları sığınacağa yerləşdirməklə yanaşı, əsas diqqət sterilizasiya, xəstəliklərin qarşısının alınması, eləcə də himayə, məsuliyyətli heyvan sahibliyi və heyvanlara humanist yanaşmanın təşviqinə yönəldiləcək.



Mərkəzdə baytarlıq klinikası da fəaliyyət göstərir. Burada artıq 200-dən artıq sahibsiz it və pişiklərə tibbi xidmət göstərilib. Elə biz orada olarkən klinikaya yerləşdirilən sahibsiz pişik 5 bala dünyaya gətirdi. Klinkanın baytar həkimi Billurə Hüseynzadənin sözlərinə görə, həmin sahibsiz pişiyə qeysəriyyə əməliyyatı edilib: “Hazırda ana pişik keyləşdiricinin təsirindən oynamayıb. Ümumilikdə ana pişik və balalarının vəziyyəti normaldır. Bala pişiklərin göbəklərini də bağlamışıq, ana pişiyin yarasına tikiş vurmuşuq”.



Baytarlıq klinikası həm sahibsiz, həm də sahibli heyvanlara xidmət göstərir. Küçə heyvanları üçün bütün xidmətlər pulsuzdur. Bütün heyvansevərləri öz ətraflarında gördükləri it və pişikləri sterilizasiya, peyvəndləmə, cərrahiyə və ya müalicə üçün Mərkəzə gətirə bilərlər. IACC-nin CVNR (tut-peynəndlə-axtala-burax) proqramına gəldikdə, Mərkəzdə heyvanların tutulması üzrə xüsusi təlim keçmiş mobil qrup fəaliyyət göstərəcək, heyvanlar ən humanist üsullarla tutulacaqlar. Sterilizasiya edilmiş və peyvəndlənmiş itlərin qulaqlarına birkalar vurulacaq, pişiklər isə qulağın ucunun kəsilməsi ilə işarələnəcək. Bütün heyvanların profil və tibbi məlumatları IACC-nin xüsusi elektron məlumat bazasına daxil ediləcək.



Klinikada olduğumuz zaman bir xanım əlində pişiklə ora daxil oldu: “Bu pişiyi küçədə gördüm. Boğulurdu. Tez maşına mindirib bura gətirdim”.
Klinikanın həkimləri pişiyi rentgen otağında müayinə etdilər. Məlum oldu ki, heyvanın boğazında qida qalıb. Baytar həkimlərin tibbi müdaxiləsi ilə pişik xilas edildi.



Mərkəzin himayə bölməsində isə himayəyə verilməsi mümkün hesab edilən it və pişiklər yerləşir. Bu heyvanlar sterilizasiya edilir, peyvəndlənir, mikroçiplənir və potensial sahibləri üçün tam hazır vəziyyətdə saxlanılırlar. IACC mütamadi olaraq himayəyə verilən heyvanların profillərini öz internet səhifəsi, Facebook və Instagramda yerləşdirəcək: “Mərkəzdə saxlanılan hər bir heyvanın sağlam, rahat və yaxşı qidalanmış olmasına baxmayaraq, biz bu məxluqların hər biri üçün daimi bir evin tapılmasını arzulayırıq. Himayə üzrə fəaliyyətimizin səmərəliliyi cəmiyyətin küçə heyvanlarına rəğbətindən asılıdır. Buna görə, dördayaqlı dostların gözəl, ağıllı, mehriban və vəfalı olduqlarını, himayənin ağır yük deyil, qarşılıqlı faydası olan bir əməl olduğunu insanlara göstərmək üçün əlimizdən gələni edəcəyik. Heyvanlara qarşı humanist davranışın və məsuliyyətli sahibliyin təşviqi fəaliyyətimizin digər bir zəruri hissəsidir. İt və pişik populyasiyalarının effektiv idarə edilməsi, cəmiyyətdə heyvanların rifahı haqqında maarifləndirmənin artırılması və Azərbaycanda insanların sahibsiz heyvanlara münasibətinin dəyişdirilməsini tələb edir”.



Mərkəzin konfrans zalı və digər hissələri heyvanlarla bağlı müxtəlif tədbirlər, təqdimat və mühazirələrin keçirilməsi üçün nəzərdə tutulub. Burada heyvanlara humanist və məsuliyyətli yanaşmaların təbliği məqsədilə uşaqlar və gənclər üçün sinifdənkənar tədbirlər təşkil ediləcək. Elektron resurslar və nəşrlər vasitəsilə əhali arasında daha insani və təhlükəsiz mühitin yaradılması ilə bağlı işlər görüləcək.



Heyvanlara qulluq etmək istəyən könüllülər üçün də mərkəzin qapıları açıqdır. Bütün könüllülər Mərkəzin qaydalarına riayət edilməsi şərtilə müsahibə əsasında seçilir. IDEA Heyvanlara Qayğı Mərkəzi kimi nəhəng kompleksin saxlanması və çoxsaylı heyvanların rifahının təmin edilməsi üçün ciddi resurslar tələb edilir. Ona görə, Mərkəz fiziki və hüquqi şəxslərdən ianə və maddi formada yardımlar qəbul edir.













































































Hafiz Əhmədov
Foto-Elvin Abdulla

AzVision.az



Teqlər: #İDEA   #Heyvanlar   #Sığınacaq  





Xəbər lenti