Kabus-şəhərimizə qayıtmaq istəyirik

Kabus-şəhərimizə qayıtmaq istəyirik
  27 Fevral 2013    Oxunub:2151
Davamı. Əvvəli burada


Qayıdaq Lidiçedə şam yandıranların yanına. Srebreniçadan olan 21 yaşlı Hacibehiç danışır ki, Yuqoslaviyada siyasətçilər patriotizmi millətçiliklə səhv saldıqları kimi, dədə-baba yurduna sevgini də etnik təmziləmə ilə səhv saldılar. Ona görə Srebrenniça hadisəsi baş verdi:
“Srebrenniça boşnak kəndi idi. Bosniyada yerləşsə də, serblər çox yaşayırdı. 1995-ci ildə serblərin hücumları artmışdı. Boşnaklar müdafiə olunurdular. BMT sülhməramlıları müşahidə edirdilər. Hətta tərəflər arasında atəşkəs haqda müqavilə də bağlanmışdı. Serblər hücum etməyəcəklərinə söz verir, boşnaklar silahlarını təhvil verirlər. İki illik atəşkəs oldu. Serblər iki ildən sonra tank və ağır artilleriyanın dəstəyi ilə hücuma keçdilər. “Mavi dəbilqəlilər” onları qoruya bilmədilər. Nə BMT, nə NATO HHQ risk etmədi. 48 saatdan sonra hər şey qutardı. Məqsədə nail olundu: Srebrenniça etnik təmizləndi. Təkcə 2500 kişi və uşaq meyiti yalnız qəbiristanlıqdan tapıldı. Ölənlərin ümumi say 8 min nəfər idi” -dedi və boşnaq tələbə susdu... Fərid dillənir “lap bizdə, Xocalıdakı kimi…”
“Yalnız dörd il sonra BMT Srebrenniça faciəsi haqda hesabat hazırladı. Özünüanaliz, yenə həmin fəlsəfə, yenə köhnə prinsiplər. Bilmirlər ki, etnik təmizləmənin bir formulu var: fərqli qan vəba kimidir. Atəş!”
“Bəs, cinayətkarlar?”- sualına “Radovan Karaciclə Mladiç həbs olunub, Haaqa tribunalına verildilər”,- cavabı gəlir.

Sonra belorus tələbə danışdı. Fəridin “sizin günahınız nə idi?” sualına “Schutzpolizei” adlanan mühafizə polisinin 118-ci batalyonu partizanların içərsində alman zabiti olan maşını partlatdıqlarının əvəzini Xatın camaatından çıxıblar”. Bütün kənd yandırılıb. 149 nəfrədən 75-i uşaq olub” cavabı gəlir. “Bəs cinayətkarlar?” – “Müharibə bitəndən sonra həmin batalyonun qərargah rəsi Qırmızı Ordunun leytenantı Vasyura və Meleşko güllələnmə cəzasına məhkum ediliblər”.
Oradurdan olan tələbə də oxşar hadisəni danışır. Hazırda həmin şəhərdə 2188 şəhər sakini yaşayır. Əsl adı. Oradur-sür-Qlan. Almanlar Oradur-sür-Qlan qəsəbəsində əsir götürlmüş ştrumbanfürer Helmut Kampfın saxlanıldığı haqda məlumat aldıqdan sonra şəhəri mühasirəyə alırlar. Kişilər kənd inzibati binasında, qadın və uşaqlar isə kilsədə qətlə yetirilirlər. 197 kişi, 204 qadın və 205 uşaq. Bəs cinayətkarlar? “12 dekabr 1953-cü ildə Bordo şəhərində 65 əsgərə qarşı cinayət işi qaldırlıb. Onlardan yalnız 28 nəfəri məhkəmə qarşısında dayanıb. 7 alman, 21 elzaslı”.

Nəhayət, Fərid danışır. Xocalıdan. Məhv edilən şəhərdən, gözü çıxarılan uşaqdan, anadan, oğuldan, qızdan, erməni vəhşiliyindən. “Hitler deyirdi biz Almaniyaya təhlükə törədən bütün xalqları qırmalıyıq. Mənim haqqım var soxulcan kimi çoxalan aşağı təbəqədən olan milyonlarla insanı məhv edim. Erməni generallar da belə fikirləşdirdilər. Onlar dayanmadan Dağlıq Qarabağın təhlükəsizliyini əsas gətirirdilər.
-“Səbəb nə idi?”- -“onlar azərbaycanlı idilər” ...Uzunmüddətli pauza. “Bəs günahkarlar?” - Günahkarlardan biri Ermənistan müdafiə naziri, o biri baş nazir, başqa biri prezident seçildi. Bundan başqa, 366 alayın komandir müavini B.Baymukov, birinci batalyonun komandiri İ.Moiseyev, ikinci batalyonun komandiri S.Ohanyan, üçüncü batalyonun komandiri E Naboknik, birinci batalyonun qərargah rəisi Çitçiyan, alayın kəşfiyyat rəisi mayor Hayriyan, rota komandiri O.Mirzoyan, kəşfiyyat bölmə rəsii Xrinxua, tank rotasının komandiri Qarmaş, rota komandiri baş leytenant Hakonyan, batareya komandiri Əzizyan, kəşfiyyat komandirinin müavini Bondarev hələ də azadlıqdadır və Xocalının işğalı zamanı qazandıqlarını xərcləyirlər.

...Dostayevskinin “Karamazov qardaşları”nda maraqlı bir məqam var. Alyoşa Karamazov soruşur: “Əgər xoşbəxt bəşəriyyət üçün bina qurmaq istəsəniz, o bina bir uşağın göz yaşları bahasına başa gəlirsə, sən o evi qurarsan?” İndi Qarabağ erməniləri xoşbəxtlik evini-qondarma azadlıq ideyasını Xocalı uşaqlarının göz yaşları üstündə qurdular. Amma yaddan çıxarırlar ki, qan üstündə qurulan xoşbəxtlik uzun çəkməz”...
...Sonra söhbət qızışır. “Dünya ictimaiyyəti nə edə bilər? O nə etməyə bilməz? Nəyi etməlidir?” sualları, cavablar. Onsuz da biz bu sualı biz hər gün veririk. İndi İraq, Əfqanıstan, dünən Yuqoslaviya, o biri gün Dağlıq Qarabağ haqda. Və ümumiyyətlə, dünya ictimaiyyəti nədir? Proqressiv bəşəriyyətmi? Yoxsa dünyada baş verənlərə guya təsir etmək gücündə olan oyuncaqmı?
...Deyirlər BMT müharibə aparmır, BMT sülh yaradır. Tərəflər arasında sülh. Əgər tərəflər bunu istəmirlərsə? BMT silah işlətmir və öz əsgərlərinin həyatı ilə risk etmir.
…Deyirlər, BMT-nin bir silahı var: dünya ictimaiyyətinin avtoriteti. Bəs rəqib bu avtoriteti qəbul emtəyəndə, bütün norma və prinsiplərə tüpürəndə necə? Erməni liderlər Köçəryan, Sarqsyan, Qukasyan kimi. Ferqusson qaydası yada düşür: Vəziyyət dönməz xarakter alanda “gəlin hər şeyi unudaq” demək olmaz”.
...Lidiçe, Xatın, Srebrenniçanın coğrafi koordinatlarını daxil etməklə bu şəhəri peyklə izləmək olur. Təkcə Xocalıdan başqa. Bütün cinayətlərin üstü açılıb, cinayətkarlar cəzalarını alıblar. Təkcə Xocalı faicəsinin günahkarlarından başqa. Bizim istədiyimiz nədir? İcazə verin öz kabus-şəhərimizə gedək. İcazə verin dağılmış evlərimizin qarşısında toplaşa bilək. Heç olmasa uşaqlıq xatirələrimizi şəhərdə basdırmağa icazə verin.
Biz kabus-şəhərimizə qayıtmaq istəyirik. Eşidirsiniz?

Sənan Nəcəfov


Teqlər:





Xəbər lenti