Kəlbəcər girovları ilə görüş olacaq

  24 Aprel 2017    Oxunub : 889
Kəlbəcər girovları ilə görüş olacaq
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Kəlbəcərdə erməni işğalçıları tərəfindən girov götürülən Şahbaz Quliyev və Dilqəm Əsgərova baş çəkəcək. Bu barədə AzVision.az-a girov Ş.Quliyevin qardaşı İlham Quliyev məlumat verib.
Onun sözlərinə görə, görüş yaxın günlərdə baş tutacaq: “Bir neçə gün əvvəl Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayənələrinin vasitəsilə Şahbaza məktub göndərdik. Bildirdilər ki, məktubu görüş zamanı ona təqdim edəcəklər, həmçinin onun məktubunu bizə çatdıracaqlar. Bu müddət ərzində qardaşımla bağlı məlumat almamışıq. Ona görə çox narahatıq”.

Xatırladaq ki, 2014-ci ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurublar. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.

Hafiz Əhmədov
AzVision.az

Teqlər: BQXK   Kəlbəcər   Girov