"İnsanların həyat şəraiti daha da yaxşılaşacaq" - Əli Əhmədov

"İnsanların həyat şəraiti daha da yaxşılaşacaq" - Əli Əhmədov
  01 May 2017    Oxunub:1615
Azərbaycan iqtisadiyyatı son illər ciddi şəkildə inkişaf edib. Son 12 il ərzində Azərbaycan iqtisadiyyatının 3,5 dəfə artması möhtəşəm bir göstəricidir. Bu illər ərzində çoxlu sayda yeni məktəblər, səhiyyə ocaqları tikilib və mövcud məktəblər və səhiyyə ocaqları yenidən qurularaq əhalinin istifadəsinə verilib.
AzVision.az xəbər verir ki, bunu Baş nazirin müavini Əli Əhmədov deyib. Onun sözlərinə görə, Azərbaycan əhalisinin həyat şəraitinin yaxşılaşdırılması üçün ciddi infrastruktur yaradılıb: “Azərbaycan iqtisadiyyatının yeni strategiyası müəyyənləşib və bunun nəticəsində insanların həyat şəraiti daha da yaxşılaşacaq. Bu məqsədlərin həyata keçirilməsində vətəndaş cəmiyyəti təşkilatları da böyük töhfə verə bilər”.

Ə. Əhmədov əlavə edib ki, QHT-lər dövlət qurumlarını fəaliyyətlərinin faydalı olduğuna inandırmalıdırlar: “Etiraf edim ki, vətəndaş cəmiyyətinin fəaliyyətində müəyyən problemlər var. Bu, maliyyələşmə ilə bağlıdır. Bəzi məmurlar vətəndaş cəmiyyəti ilə əməkdaşlığı qəbul etmirlər. Mən onun tərəfindəyəm ki, vətəndaş cəmiyyəti institutları daha kamil proqramlar təqdim etməlidirlər. Belə olmayan halda vətəndaş cəmiyyətinin təklifi hökumət tərəfindən qəbul edilmir.

Qeyri-hökumət təşkilatları faydalı olduqlarını sübut etməlidirlər. Bunu edə bilməsəniz, deyiləcək ki, sizin təqdim etdiyiniz layihədən də ucuz bu işi görmək olar. Bəs burada fayda nədən ibarət oldu? Qeyri-hökumət təşkilatları hökumətin hansısa gördüyü işə xərclədiyi maliyyədən az maliyyə tələb edən layihə təqdim etməlidir. Biz hökumət nümayəndəsi olaraq vətəndaş cəmiyyəti ilə əməkdaşlığa ehtiyacımız var. Hökumət nümayəndəsi olaraq demək istəyirəm ki, hökumət vətəndaş cəmiyyəti ilə işləməkdə maraqlıdır”.

AzVision.az


Teqlər: Əli-Əhmədov  





Xəbər lenti