Çingiz Hüseynzadə: “Prezident Ramil Quliyevə ev verib” (YENİLƏNİB)

  15 Avqust 2017    Oxunub : 10177
Çingiz Hüseynzadə: “Prezident Ramil Quliyevə ev verib” (YENİLƏNİB)

"Dünya çempionatına Azərbaycanın 5 idmançısı ilk dəfə lisenziya qazanmışdı. Amma təəssüf ki idmançılarımızdan biri zədələndi və oyunlarda iştirak edə bilmədi"

AzVision.az xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Londonda keçirilən dünya çempionatının nəticələrinə həsr olunmuş mətbuat konfransında deyib.

Ç.Hüseynzadə bildirib ki, Azərbaycan dünya çempionatına 4 idmançı ilə qatılıb və uğurlu nəticə əldə edib: "Bəzi mətbuat orqanlarında yazırlar ki, uğur olmayıb. Amma atletika nəticəsi olmayan bir ölkənin 5-ci yerdə olması böyük uğurdur. İdmançılarımız finala çıxıb və yarışlarda mübarizə aparıblar".

Ç.Hüseynzadə bildirib ki, Azərbaycanlı idmançı Ramil Quliyevin dünya çempionu olması sevindirici haldır: "Bu, böyük hadisədir. Hamımız onu təbrik etdik. Finaldan öncəki nəticələri analiz edəndə görürdük ki, Ramil qalib olacaq. Biz Türkiyə Atletika Federasiyası ilə danışdıq və qərar qəbul olundu ki, Ramil medal qazansa, hər iki bayrağı qaldıracaq və təcili olaraq Azərbaycan bayrağını gətirib Ramilə verdik ki, qaldırsın. Ramilin hər çıxışında bütün şərhçilər elan edirdi ki, "azərbaycanlı idmançı Ramil Quliyev qaçır"".



Vitse-prezident qeyd edib ki, mətbuatda Ramil Quliyev barədə xəbər yazanların əksəriyyəti idman jurnalistləri deyil.

"Ramil Quliyevin getməsi ilə bağlı 7 ildir ki, yazışmalar gedir. 6 il əvvəl verdiyim müsahibəni çıxardıb deyirlər ki, belə demisən. Mən dediklərimi inkar etmirəm. 2015-ci il olimpiadası və Rio olimpiadasından öncə soruşdular ki, Ramilin nəticəsi olacaq? Dedim, yox. Bakıdan gedəndən sonra onun nəticələri olmayıb. 4 il sonra Bakıdakı nəticələrini verməyə başladı".

Ç.Hüseynzadənin sözlərinə görə, Ramil Azərbaycanda yeganə idmançı olub ki, heç bir yerdə nəticəsi olmadan prezident tərəfindən ona 19 yaşında ev verilib. Ramil "Neftçi"də ən yüksək maaşı alıb.

"Ramil deyir k, Türkiyədə pulu klubdan alırdı, federasiyadan almırdı. Burada da pulu "Neftçi"dən alırdı. O qeyd edirdi ki, burada məşqi üçün imkan olmayıb. Bununla razıyam. Azərbaycanda qaçış yolları yoxdur, manej indi də soyuqdur. Bu, federasiyanın problemi deyil, federasiya stadion tikə bilməz. Bu ümumi problemdir. Atletika boks və ya güləş deyil ki, balaca zal tutasan və məşq edəsən. Bunun üçün məkan olmalıdır. Atletlər məşq etmək üçün xaricə gedirlər. Federasiya dövlət qurumu deyil, ictimai təşkilatdır. Biz idmançılara maaş vermirik. Ödənişi sponsorlar edir. Sponsor varsa, ödəniş olur, yoxdursa, edilmir".

Aytən Zəhra
AzVision.az

Teqlər: Ramil-Quliyev