Qəbələdəki yanğınla bağlı növbəti müşavirə - FOTOLAR+VİDEO

Qəbələdəki yanğınla bağlı növbəti müşavirə - FOTOLAR+VİDEO
  07 Sentyabr 2017    Oxunub:1164
Qəbələ rayonunda meşə ərazisində baş vermiş yanğınların söndürülməsi ilə əlaqədar sentyabrın 6-da axşam saatlarında rayonun Dandıx kəndinin ərazisində yaradılmış qərargahda növbəti əməliyyat müşavirəsi keçirilib.
FHN-dən AzVision.az-a verilən məlumata görə, Qərargahın rəhbəri, fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyevin rəhbərliyi ilə keçirilən müşavirədə nazirliyin, Qəbələ rayon icra hakimiyyətinin rəhbər şəxsləri və aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak etmişdir.



Müşavirədə çıxış edən nazir müavini Etibar Mirzəyev görülmüş operativ tədbirlər nəticəsində Qəbələ rayonunun Solquca, Abrıx və Dandıx kəndləri yaxınlığındakı meşəlik və hündür dağlıq ərazilərdə baş vermiş yanğınların tam nəzarətə alındığını və hazırda yanğınsöndürmə işlərinin əsasən, bəzi çətin relyefə malik ərazilərdəki kiçik közərmə (tüstüləmə) sahələrində aparıldığını bildirib.



Qeyd edib ki, qərargahda təmsil olunan aidiyyəti dövlət qurumlarının birgə və səmərəli fəaliyyəti nəticəsində baş vermiş yanğınların ciddi fəsadlar törətməsinin qarşısı vaxtında alınmış, alovun yaşayış məntəqələrinə keçməsinə yol verilməyib.

Müşavirədə hazırda bir neçə sahədə quru ağac və kötüklərdə qeydə alınmış közərmələrin (tüstüləmənin) torpaqlama vasitəsilə söndürülməsinin mühümlüyü vurğulanıb.



Qərargahın rəhbəri hazırda yanğınsöndürmə əməliyyatlarında Fövqəladə Hallar Nazirliyinin 630 nəfər şəxsi heyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 250 nəfər canlı qüvvəsinin, 30 polis əməkdaşının və 2 təcili tibbi yardım briqadasının iştirak etdiyini bildirib.

O, həmçinin yanğınsöndürmə əməliyyatlarına və ərazilərdə fasiləsiz olaraq növbə çəkilməsinə ümumilikdə 100-ə yaxın texnikanın cəlb olunduğunu vurğulayıb.

Müşavirədə qarşıda duran digər məsələlər də müzakirə edilib.





AzVision.az


Teqlər: Yanğın   Qəbələ  





Xəbər lenti