Bakıda xüsusi xidmət orqanlarının iclası keçirilir - Fotolar

Bakıda xüsusi xidmət orqanlarının iclası keçirilir - Fotolar
  05 Oktyabr 2017    Oxunub:14534
Bakıda Müstəqil Dövlətlər Birliyinin (MDB) Anti-terror Mərkəzləri nəzdində Elmi Məsləhət Şurasının geniş plenar iclası və MDB dövlətlərinin təhlükəsizlik və xüsusi Xidmət orqanlarının terrorizm və ekstremizmin digər zorakı təzahürləri ilə mübarizə üzrə bölmələrinin nümayəndələrinin VII regional ekspert məsləhətləşməsi keçirilir.
AzVision.az xəbər verir ki, tədbirdə Birlik ölkələrinin təhlükəsizlik, xüsusi xidmət və hüquq mühafizə orqanlarının, həmçinin Azərbaycan Respublikasının Baş Prokurorluğu, Dövlət Sərhəd Xidməti, Maliyyə Bazarlarına Nəzarət Palatasının monitorinq xidmətinin nümayəndə heyətləri, MDB-nin nizamnamə orqanları və sahələrarası əməkdaşlıq strukturlarının (İcraiyyə Komitəsinin, Sərhəd Xidməti Rəisləri Şurasının Koordinasiya Xidmətinin, MDB üzv dövlətlərinin ərazisində mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayətlərlə mübarizənin koordinasiyası üzrə Büronun, Baş Prokurorların Koordinasiya Şurasının, Maliyyə Kəşfiyyatı Bölmələri Rəhbərləri Şurasının, Penitensiar Xidmət Rəhbərləri Şurasının), eyni zamanda, ictimai və elmi dairələrin nüfuzlu təmsilçiləri iştirak edirlər.



Tədbirdə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəis müavini İsmayıl Bağırov DTX rəisi Mədət Quliyevin salamlarını qonaqlara çatdırıb. Müstəqil Dövlətlər Birliyinin (MDB) Anti-terror Mərkəzinin rəhbər müavini Marat Abdırayev bildirib ki, tədbirdə MDB-yə üzv dövlətlərin vətəndaşlarının terror təşkilatları tərəfindən ələ alınmasna qarşı mübarizə yolları müzakirə edilir. "İclas ilk dəfədir ki, Bakıda keçirilir. Yaradılan şəraitə görə Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyinə minnətdarlığımızı bildiririk".



Keçirilən məsləhətləşmələrin məqsədi MDB dövlətlərinin müvafiq orqanlarının əməkdaşlıq əlaqələrinin qurulması, təcrübə mübadiləsi və MDB-də terrorizmə və ekstremizmə qarşı səmərəli texnologiyaların formalaşdırılması məsələlərini müzakirə etməkdir.



Elmi-məşvərət şurasının və VII Regional ekspert müşavirəsinin birgə plenar iclasında MDB üzv dövlətlərinin vətəndaşları sırasından tərəfdaşların cəlb edilməsi məqsədilə beynəlxalq terror təşkilatlarının tətbiq etdiyi distant təsir texnologiyaları, beynəlxalq terror təşkilatlarının Birlik məkanında distant rejimdə cəlbetmə fəaliyyətinin regional xüsusiyyətləri, cəlbetmə baxımından daha zəif vətəndaş kateqoriyasının sosial-psixoloji səciyyəsi, beynəlxalq terror təşkilatlarının distant təsirinə qarşı əks tədbirlərin təşkili zamanı MDB üzv dövlətlərinin müvafiq orqanlarının əməkdaşlığının əsas istiqamətləri, forma və metodları, vətəndaşların beynəlxalq terror təşkilatlarının fəaliyyətinə cəlb edilməsinə qarşı Birlik ölkələrinin təhlükəsizlik, xüsusi xidmət və hüquq mühafizə orqanlarının əks-təbliğat işi müzakirə olunur.





Anar Kəlbiyev
Foto: Elvin Abdulla

AzVision.az

Qalereya




Teqlər: MDB   DTX  





Xəbər lenti