Mətbuat Şurası şikayətlərə baxıb
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərovun “Rubrika.az”, “Cumhuriyyet.az” və “Qlobal.az” saytlarına qarşı şikayəti ilə bağlı bildirilib ki, “Rubrika.az” saytında ADPU ilə bağlı yayımlanmış, “Cumhuriyyet.az” və “Qlobal.az” saytlarında faktiki olaraq təkrarlanmış materialda qarşı tərəfin mövqeyi öyrənilməyib, yanlış rəy yaradılıb. Buna görə də “Rubrika.az” saytına xəbərdarlıq edilib, “Cumhuriyyet.az” və “Qlobal.az” saytlarına isə istinad materialını təqdim edərkən diqqətli yanaşmaq, gələcəkdə belə yanlışlıqlara yol verməmək tövsiyə olunub.
İclasda müzakirə edilən növbəti məsələ Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Nəzarəti Xidmətinin “Qanunxeber.az” saytına qarşı şikayəti olub. Şikayətçi tərəfin təmsilçisinin iştirak etdiyi toplantıda bildirilib ki, komissiya üzvlərinin cavabdeh kimi göstərilən saytla ilkin müzakirə cəhdləri uğursuz alınıb. Belə ki, “Qanunxeber.az”da göstərilən telefon nömrələri fəaliyyətdə deyil, doğru ünvan da yoxdur. Bu isə kütləvi informasiya vasitəsi kimi nəzərdə tutulan qanuni fəaliyyətlə uyğunsuzluq təşkil edir. Məsələnin hüquqi müstəvidə mübahisələndirilməsi üçün əsaslar da var. Komissiya bütün bunları nəzərə alaraq “Qanunxeber.az” saytı ilə bağlı materialların şuranın “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasında araşdırılmasına dair rəyə gəlib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının direktoru Mətanət Fərzəliyevanın “obyektiv.org”, “azertaym.az”, “cumhuriyyet.az” saytlarına qarşı şikayətinin müzakirəsində bildirilib ki, cavabdeh tərəflərin dəqiqləşdirilməmiş bilgiləri qabartdıqları üçün yanlışlıqlarını etiraf etmələri vacib şərtdir. Komissiya bunu əsas götürüb, eyni zamanda sözügedən saytlara gələcəkdə belə hallara yol verməməyi tövsiyəsi edib.
“Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadənin “Ulu zirvə”, Sumqayıt şəhər sakini Cümşüdov Mahir Fehruz oğlunun “Dərələyəz” qəzetlərinə qarşı şikayətləri müzakirə edilərkən müraciət müəlliflərinin iddialarında doğru olmadıqlarına dair rəy çıxarılıb.
AzVision.az
Teqlər: MŞ