Jurnalistlərin ilk dərs günü- XATİRƏLƏR

Jurnalistlərin ilk dərs günü-  XATİRƏLƏR
  16 Sentyabr 2013    Oxunub:10444
Hər bir insanın həyatında dərin izlər buraxan anlar var. O anlar ki, sonradan ömür səhifələrində unudulmaz xatirələrə çevrilir. Belə xatirələrdən biri də ilk dərs günü yaşadıqlarımızdır.
Həmin gün yaşananlar sonralar kimlər üçünsə xoş, kimlər üçünsə kədərli xatirəyə çevrilir. Amma fərqi yoxdur, bu, bütün hallarda ən əziz xatirələrdən biri olur. Az insan tapılar ki, ilk dərs gününü, qayğısız, xoşbəxt vaxtlarını xatırlamasın.
AzVison.az mətbuatımızın gənc jurnalistlərini 10-15 il əvvələ qaytarıb.
Başlayaq elə Qafqazinfo. az saytının əməkdaşı Günel Əbilovadan.



“Birinci sinfə 1995-ci ildə Lənkəran şəhərində 7 saylı məktəbdə getmişəm. Düzü, həmin günü təfərraütı ilə xatırlamıram. Məndən öncə evdə iki uşaq ailəmizə bu sevinci yaşatdığı üçün mənim ilk dərs günüm ailəm üçün o qədər də əlamətdar deyildi. Məktəbə gedəndə tək ona sevindim ki, sinifdəki qızların çoxu qarayanız idi. Evdə hamı mənə “qara qız” deyirdi və bu məndə böyük kompleks yaratmışdı. Gördüm ki, sinifdəki qızların əksəriyyəti qaradır. Bir də sinfimizdə 4 Günel var idi və bizi soyadlarımızla fərqləndirirdilər. Təəssüf ki, sonra Bakıya köçdüyümüzdən sinif yoldaşlarımla heç bir əlaqəm olmadı”.

Xanım jurnalistimizdən fərqli olaraq məktəbə getmək istəməyən, gedəndə də dava–dalaş salan həmkarlarımız da var. Bunlardan biri də Modern.az saytının əməkdaşı Anar Rüstəmovdur.



“ İlk dərs günü mənim hələ də yadımdan çıxmır. Məktəbə 5 yaşında getdiyim üçün məni dərsə nənəm aparırdı. Məktəbə heç getmək istəmirdim. Tanımadığım insanların əhatəsində olmaq çox çətin idi. Evdə dava salırdım ki, dərs pisdir, getmək istəmirəm. İlk günlər məktəbə məcburiyyət qarşısında getsəm də sonradan adaptasiya ola bildim. Onu da deyim ki, ilk dərs günü sinif yoldaşımla dalaşmışdım. İbtidai sinif müəlliməm isə çox gözəl insan idi. Onun əməyini heç vaxt unuda bilmərəm. Bizi döysə də, vursa da hamımız onu çox istəyirdik”.

“Yeni Müsavat” qəzetinin gənc jurnalisti Fərahim İlqaroğlunun isə məktəbə getməmişdən əvvəl əlifbanı yazıb- oxuya bilməsi başına bəla olub :



“Orta məktəbə Salyanın Qarabağlı kəndində bibimoğlu ilə bir getmişəm. Bir sinifə düşmüşdük. Məktəbə getməmişdən əvvəl vurma cədvəlini və əlifbanı əzbər bilir, rahat oxuyub-yaza bilirdim. Düşündüm ki, bu mənə kömək edəcək. Elə ilk dərs günü mərhum Nazilə müəllimənin "kötəyi"ni yedim. Səbəb də o idi ki, müəllimə əlifbanın hərflərini yazdırıb deyən zaman bildiyimdən özümü saxlaya bilmir, ondan əvvəl deyirdim. Elə çağırıb lövhənin qabağına balaca çubuğu ilə vurdu məni. Bu mənə dərs oldu ki, bəzən insan bildiyini özünə saxlamalıdır. Evimizlə kəndin arası olduqca uzaq idi. Böyük su kanalının yanı ilə dərsə gedib-gəlirdik. Nədənsə hər zaman kanala düşəcəyimdən qorxurdum. Sonradan Şirvana (o zamankı Əli Bayramlı) köçdük və qalan təhsilimi orda davam etdirdim. Orta məktəbi çox yaxşı oxumuşam. 11 il əlaçı olmuşam”.

Gündəlik Teleqraf qəzetinin əməkdaşı Sevinc Fedai nəyi unutsa da qırmızı bantiklərini xüsusu ilə yadında saxlayıb.



“İlk dərs günümü tam olmasa da, xatırlayıram. Əsas da geyimim, qırmızı bantım... Mənim ilk müəlliməm qonşumuz idi. Ona görə də, anam elə düşünürdü ki, mənə də, ona da daha asan olacaq. Ancaq anam danışır ki, onun əlindən yapışıb getməyə qoymurmuşam. Ancaq sonra belə olmadı. Dərslərə o qədər həvəsli idim ki... Məktəbə qədər bütün öyrəndiklərimi danışmaq istəyirdim. Əvvəlcədən əlifbanı, 1000-ə qədər saymağı, çoxlu şeirlər öyrənmişdim. Məndə də uşaqlıqdan qayğıkeşlik olduğundan və özüm artıq bunları bildiyimdən digər uşaqları öyrətməyə çalışırdım. Buna görə də, müəlliməmiz elə ilk gündən sonuncu sinfə qədər mənimlə dəcəl və tənbəl oğlan uşaqlarını otuzdurdu. Yadıma gəlir, xətkeşlə oğlanların əllərinə-əllərinə vururdum ki, yaxşı yazıb-oxusunlar. Çox sevinirdim onlara nə isə öyrədəndə. Bu həvəsimə görə müəllim olmaq istəyirdim, amma sonra jurnalistika sevgi daha güclü oldu. İbtidai sinifdə həmişə “5” almışam. Bircə nəyə görəsə riyazıyyat dərsində qalıqlı bölməni heç cür öyrənə bilmirdim. Müəlliməmiz də mənə bələd olduğundan bilirdi ki, çox inadcılam və mən istəsəm öyrənə bilərdim. Mənə “2” qiymət verməyi məsələni həll elədi və mən səhərisi gün qalıqlı bölməni bütün uşaqlardan yaxşı elədim. Heç vaxt yadımdan çıxmır həmin “2”.

`Allahın bəlası`, `Od- alov` ifadələrini yəqin ki, müəllimləri Qaynarinfo.az- dan olan İlkin Piralı üçün tez –tez işlədiblər.



“İlk dərs günümdə çox həyəcan keçirmişəm. Amma bunu çox da büruzə verməmişəm. Sentyabrın 1-də məktəbə məni nənəm aparıb. Məktəb təsəvvürümdə qaranlıq bir məkan idi. Hətta çox qorxurdum.Amma yadımdadır ki, həmin günü sinif yoldaşlarımdan birini döymüşdüm. Elə həmin günü də cəzalandırıldım. Nənəm məni məktəbə apardığına görə xeyli vaxt ondan soyuqlaşdım. Ruhiyyə adlı müəlliməmiz vardı, çox qəddar idi. Dərsi öyrənməyəndə yaxşıca sillə vururdu. Ona görə də gecə-gündüz yatmayıb dərs oxuyurdum. Sonra həmin müəllim ailə qurdu, ondan çox biz sevinirdik. Çünki ondan azad olmuşduq. İnandırım sizi, həmin müəlliməyə görə psixoloji travma almışdım. Nəhayət, müəlliməmiz dəyişdi. Hələ də ibtidai siniflə bağlı yaxşı bir şey düşünə bilmirəm. Məktəbdə ən cəsarətli şagirdlərdən olmuşam. Bunu indi də müəllimlərim deyir. O zamandan jurnalist olmağı qarşıma məqsəd kimi qoymuşdum. Fikirləşirdim, jurnalist heç bir şeydən qorxmamalıdır. Dərsimi həmişə oxumuşam. Ona görə də rüşvət istəyən müəllimlər məndən çəkinirdilər. Həmişə onlara deyirdim ki, jurnalist olacam və sizin bütün eyiblərinizdən, saxtakarlığınızdan yazacam. Eyni zamanda çox dəcəl olmuşam. Həmişə də vəziyyətdən çox asanlıqla çıxırdım. Məktəbimiz yeni təmir olunmuşdu, bizim sinifin şagirdləri də divarları yazmışdılar. Sinifdə nə olurdusa, hər şeyi məndənbilirdilər. Direktor gəldi sinifə dedi ki, oğlanlar, otağıma gəlin. Direktor hamını düzdü sıraya hərəyə bir sillə vurdu. Sıra mənə çatanda dedi ki, İlkin, bəsdi, hər daşın altından sən çıxırsan. Sonra uşaqları otaqdan çıxdı, direktor mənə dedi ki, kişi kimi de, uşaqları sən öyrədirsən? Dedim ki, məni hansısa iş başında tutsanız deyərsiz. Bir dəfə də qışda ikinci mərtəbəyə qar atdım. Bu da müəlliməyə dəydi. Həmin müəllimə də istədiyim qızın müəlliməsi idi. Mənə dedi, bilirəm, deyəsən, aşiq olmusan. Sənə o qıza görə keçirəm, bir də belə şey eləmə. Bu hadisə heç vaxt yaddaşımdan silinməz. İndi bütün müəllimlərimlə münasibətlərim yüksək səviyyədədir. Hətta indi mənə çox ağıllı uşaq olduğumu deyirlər".

İlk dərs günlərinin xatirəsindən silinməsini istəyən `Apa`-nın əməkdaşı Şamil Əlibəyli məktəbi sevməyənlərdən olub:



“Məktəbə getdiyim ilk günümü çox yaxşı xatırlayıram. Amma xatirələrimdən silinsəydi daha yaxşı olardı, çünki 1995-cı ilin sentyabrın 1-i mənim üçün çox ağır keçdi. Məktəbə heç bir vəchlə getmək istəmirdim. İlk gündən ora məndə nifrət hissi oyanmışdı, azadlığa, qayğısız həyata son demək idi. Həmin gün dərsə gedəndə sırada ağlıya-ağlıya dayanmışdım. Anama yalvarırdım ki, məni evə aparsın . Amma bu çox çəkmədi. Tezliklə məktəbdə yaxşı oxuyanlardan biri də mən oldum. 1995-ci ilin sentyabrın 1-i ağır gün olsa da, 2006-ci il mayın 25-i mənim üçün çox xoşbəxt və qürurla dolu bir gün idi.

`Azadlıq` qəzetinin əməkdaşı Sevinc Vaqifqızı da həmkarı kimi ilk dərs günü özünü ağlamaqdan saxlaya bilməyib.



Birinci sinifə qonşumuzdakı oğlanla bir getmişəm. Bağçada olmamışdım deyə 20- dən çox uşağı bir yerdə görmək məni qorxudurdu. Onlarla necə ünsiyyət quracam, dərslərə necə hazırlaşacam deyə qayğılanırdım. Dərsin birinci günü partada oturub ağlamışdım. Yanımda oturan qonşumuzun oğlu təsəlli verirdi ki ,ağlama, yaxşı olacaq. Sinifimizdəki bütun ataman oğlanları, çox danışanları mənim yanımda oturdurdular ki, onlari sakit edim.Çünki özüm heç vaxt dərsdə danışmazdım, həmişə sakit idim. Amma bu çox çəkmədi, vaxt gəldi ki, sakitliyimdən də urəyim sıxıldı. Ondan sonra məni sinif nümayəndəsi seçdilər. Sinifin şuluqlarının gözünun odun alırdım.
Məktəb vaxtı muəllimimə vurulmuşdum. 8-ci sinifde oxuyurdum və bir cavan oglan bizə direktor müavini gəldi. Çox yaraşıqlı idi və demək olar ki, bütün qızların diqqətini cəlb etmişdi. Hər gün yeri gəldi gəlmədi jurnalı müəllimlər otağına aparırdım ki, onu görüm. İki il sonra ona Təhsil Şöbəsində vəzifə verdilər və o, məktəbi tərk etdi. Mənim ilk uşaqlıq sevgim də beləcə bitdi”.

Hafta.az-ın əməkdaşı Murad Əhməd heç vaxt sentyabrın 1-i dərsə getməyib.



“Mənim üçün ilk dərs günü sentyabrın ortalarında olub. 1-ci sinifə də 1 həftə sonra getmişəm. Onda da dəhlizdə fırlanıb qayıtdım. Bir neçə gün sonra da səhər tez gəlib məktəbin qapısında dayanmışdım. Gələn bütün sinif yoldaşlarıma dedim ki, müəllim yoxdu qayıdın. 31 şagirdi evə göndərəndən sonra özüm də getdim. Amma bunun cəzasını da çəkdim. Sonradan isə oxuyan şagird oldum, amma yenə də davamiyyətim yaxşı olmadı”.

Azadlıq radiosundan Turxan Qarışqa çox şeyi xatırlamasa da, yadında qalanları bizimlə paylaşdı.



–“Boyum balaca olduğuna görə kitablarımı, çantamı ağır idi deyə, evdəkilər 1 il məktəbə aparıb gətirirdilər”.

Trend-in gənc jurnalisti Murad Əliyev isə müəllimini xüsusi ilə xatırlayır.



“1 sentyabr 1991-ci il dərsə gedəndə bir müddət donub qalmışdım - rus sektoruna getmişdim, yaxınlıqda isə hərbi şəhəcik olduğundan rus zabitlərinin uşaqları ilə bir sinifə düşmüşdüm. 6 ildə eşitmədiyim adlar, ilk dəfə gördüyüm sarı-sarı uşaqlar... 24 nəfərlik sinifdə bir mən, bir sonradan dostlaşdığım Yusif azərbaycanlı idi. Sonradan məlum hadisələrə görə bütün zabitlər Gəncədən köçdü. Ona görə də 2-ci sinifdə biz 2 nəfəri digər azərbaycanlılardan ibarət sinifə keçirdilər və həmin gündən "məktəb alveri" başladı. Bütün 1-ci sinif xatirələrindən unudulmaz qalan yalnız müəlliməm İrina Yuryevna olub”.

Şahanə RƏHİMLİ


Teqlər:  





Xəbər lenti