Kibercinayətkarlıqla mübarizəyə dair beynəlxalq konfrans başa çatıb

  11 Oktyabr 2017    Oxunub : 447
Kibercinayətkarlıqla mübarizəyə dair beynəlxalq konfrans başa çatıb

Azərbaycan Respublikası Prokurorluğu, Beynəlxalq Prokurorlar Assosiasiyası, Avropa İttifaqı və Avropa Şurasının birgə təşkilatçılığı ilə keçirilən “Kibercinayətkarlıqla mübarizəyə dair Konfrans” öz işini yekunlaşdırıb.

Baş prokurorluğun mətbuat xidmətindən AzVision.az–a verilən xəbərə görə, tədbir çərçivəsində kibercinayətlərin formaları, bu növ cinayətlərin ibtidai istintaqı və cinayət təqibi, ortaya çıxan problemlər və onların həlli yolları, informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə törədilən çirkli pulların yuyulması və digər cinayətlər, elektron sübutların əldə edilməsi, ekspertizası və onların məhkəmə təcrübəsində istifadəsi, o cümlədən kibercinayətkarlıqla mübarizə sahəsində beynəlxalq əməkdaşlıq mövzuları geniş müzakirə edilmiş, praktiki məsələlərlə bağlı iştirakçıların sualları ətraflı cavablandırılıb.

Konfrans zamanı Azərbaycan Respublikasının korrupsiyaya qarşı mübarizə sahəsində əldə etdiyi uğurlar, müsbət iş təcrübəsi, o cümlədən “ASAN Xidmət” mərkəzlərinin fəaliyyəti ilə bağlı keçirilmiş təqdimatlar iştirakçıların marağına səbəb olub.

Tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində və 5 saylı “ASAN Xidmət” mərkəzində olmuş, ölkəmizin tarixi, mədəniyyəti ilə və xidmət tərəfindən həyata keçirilən tədbirlərlə yaxından tanış olublar.

Tədbirin sonunda konfransın yekunlarını özündə əks etdirən və kibercinayətkarlığa, çirkli pulların yuyulmasına və korrupsiyaya qarşı mübarizə sahəsində hüquq mühafizə və maliyyə nəzarəti orqanları arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi və əməkdaşlığa dair qərarlar qəbul edilmiş, iştirakçılara sertifikatlar təqdim edilib.

Konfrans iştirakçıları tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlıqlarını ifadə ediblər.

AzVision.az

Teqlər: forum   Baş-Prokuroluq