“Rəsul Quliyev Mütəllibovun devrilməsi üçün çoxlu pul xərcləyib” - Araz Əlizadə

Bunu AzVision.az-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının sədri, millət vəkili Araz Əlizadə deyib.
A.Əlizadə vurğulayıb ki, Rəsul Quliyev kimi adamların fikirlərinə ciddi yanaşmaq olmaz: “Hesab edirəm ki, jurnalistlər onun haqda informasiya yaymasalar, Rəsul Quliyev adlı birinin olduğu çoxdan unudulmuşdu. O, qeyri-ciddi adamdır.
Ötən prezident seçkilərində rejissor Rüstəm İbrahimbəyov seçkidə iştirak edəcəyini deyəndə bildirdim ki, o, səhv edir, seçkidə iştirak edə bilməz. Çünki, Rusiya vətəndaşıdır. O zaman hamı deyirdi ki, Araz Əlizadənin heç nədən başı çıxmır. Sonra özü də dedi ki, ikili vətəndaşlığım var. Nəticədə Rüstəm İbrahimbəyov seçkidə iştirak etmədi. İndi də həmin söhbətdir. Qeyri-ciddi şəxs kimi qəbul olunan Rəsul Quliyev seçkidə iştirak edə bilməz”.
A.Əlizadə özünün növbəti prezident seçkilərində iştirak edib-etməyəcəyi ilə bağlı məsələyə də aydınlıq gətirib: “Bizdə seçkidə iştirakı partiya müəyyən edir. 2010-cu ildə keçirdiyimiz qurultay qərar verdi ki, partiya ölkədə keçirilən bütün seçkilərdə iştirak edəcək. Ancaq necə və hansı namizədlə iştirak edəcəyini plenum müəyyən edir”.
Elvin Abdulqədirov
AzVision.az
Teqlər: Araz-Əlizadə