
Şair bildirib ki, Rafiq Hüseynov hər zaman məclislərin bəzəyi olub: “O, dost kimi sadiq, vəfalı insan idi. Onunla həm də badə yoldaşı olmuşuq. Rafiq Hüseynovun xatirələri həmişə bizimlə yaşayacaq. Onun yoxluğu dostlarına ağır itkidir. Yadımdadır ki, hələ televiziyada işləyəndə ona “Rus Rafiq” adını qoymuşduq. Çünki ruslar kimi dəqiq adam olub.
Deməli, Rafiq Hüseynov televiziyada baş diktor idi. Diktorlar şöbəsinə rəhbərlik edirdi. Hicran Hüseynov da orada çalışırdı. Rafiq dost canlı, yeyib-içən adam idi. Bir neçə defə Hicran Hüseynov bunların məclisində olub. Qəşəng yeyib-içiblər. İçkidən sonra səhər yuxudan durmaq çətin olur axı. Ancaq Rafiq səhər saat 9-da həmişəki kimi iş başında olub. Hicran isə işə bir neçə saat gec gəlib. Rafiq ona heç nə deməyib. Hicran bir dəfə də belə gecikəndə gəlib görür ki, Rafiqin imzası ilə divarda ona xəbərdarlıq yazılıb. Hicran onun otağına keçib, deyib ki, sən necə adamsan, dünən bir yerdə yeyib-içmişik, dostuq biz. O, isə cavabında deyib ki, “dünən qonaqlıqda mən səndən də çox içdim, səndən də çox yedim, səndən də çox oynadım. Ancaq saat 9-dan iş başındayam. Sən məndən az yedin, az içdin, ancaq işə 3 saat gecikmisən, dostluq dostluqdur, iş işdir”.
Bu hadisədən sonra onun adı “rus Rafiq” kimi qaldı. Rafiq Hüseynov işinə vicdanla yanaşırdı.

Təsəvvür edin, o, olmasayadı, bir sıra insanlarla həyatı boyu görüşməzdik. O, dostluq qurmağı yaxşı bacarırdı. Bir də görürdün ki, məclisdə çoxdan görmədiyimiz, hətta unutmaq üzrə olduğumuz dostumuzu tapıb gətirirdi.
Ondan eşidirdik ki, filankəsin qapısında xeyir iş var və ya kiminsə yası düşüb. O, dostluğun simvolu idi.
Xəstələnəndə yanına gedirdim, tez-tez zəng edirdim. Axır vaxtlar telefonu yoldaşı götürürdü. Əhvalını soruşurdum. Rafiq diqqətə layiq insan idi. O, özü də hamıya diqqət göstərirdi.
Xəstələnəndən sonra da dəyişimədi. Optimizmi, şuxluğu olduğu kimi qaldı. Ölüm onun ruhuna deyil, cisminə toxundu.
Rafiqin daxili gözəlliyi bütün yaşlarında onu işıqlandırırdı. İçi o qədər təmiz, saf, duru idi ki... Onda elə bil, şeytan tükü vardı, hamı sevirdi, dost olmağa can atırdı. Heç kim Rafiqin məclislərindən durub getmək istəmirdi”.
Şahanə Rəhimli
AzVision.az