İsrailin Qarabağla bağlı mövqeyi: Təl-Əvivdə səfirliyimiz niyə yoxdur? - Səfirlə MÜSAHİBƏ

  07 Noyabr 2017    Oxunub : 18242
İsrailin Qarabağla bağlı mövqeyi: Təl-Əvivdə səfirliyimiz niyə yoxdur? - Səfirlə MÜSAHİBƏ

"İsrail Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir"

İsrailin Azərbaycandakı səfiri Dan Stav-ın AzVision.az-a müsahibəsini təqdim edirik:

- Cənab səfir, bu il İsraillə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi tamam olur. Ölkələrimiz arasındakı münasibətlərin hazırki səviyyəsini necə qiymətləndirirsiniz?

- Son 25 ildə İsrail və Azərbaycan arasında əlaqələrin inkişafında böyük nailiyyətlər əldə edilib. Hələ Azərbaycan müstəqillik əldə etməzdən əvvəl xalqlarımız arasında dost, isti münasibətlər olub. Ölkəniz müstəqillik əldə etdikdən sonra əlaqələrimiz bir sıra sahələrdə strateji səviyyəyə yüksəlib. 25 ildən artıq dövrdə biz müxtəlif sahələrdə - müdafiə, iqtisadiyyat, enerji, təhsil, nəqliyyat sahələrində əməkdaşlığımızı genişləndirmişik. Mən xüsusilə insanlarımız arasında əlaqəni vurğulamaq istəyərdim. Bu, İsrail-Azərbaycan əlaqələrinin onurğa sütununu təşkil edir. Biz ölkələr arasında hava əlaqələrinin inkişafı, enerji sahəsində əməkdaşlığın dərinləşməsi, həmçinin hər iki ölkə iqtisadiyyatının inkişafı üçün əməkdaşlıq baxımından yeni sahələrin tapılması istiqamətində səylə çalışırıq. Xüsusilə, indi olduqca aktual məqamdır. Çünki Azərbaycan iki ildən artıq müddətdə öz iqtisadiyyatının diversifikasiyası baxımından ambisiyalı plan həyata keçirir. Azərbaycanda imkanlar açıq olduğundan biz bu prosesdə daha aktiv şəkildə iştirak etmək istəyirik. Azərbaycan siyasi baxımdan olduqca sabit ölkədir. Ölkənin öz iqtisadiyyatını inkişaf etdirmək üçün olduqca böyük potensialı var. Ona görə də biz həm hökumət, həm də özəl sektor olaraq Azərbaycanda olmaqda maraqlıyıq.

- 2018-ci ilin sonunda Azərbaycan qazı Cənub Qaz dəhlizi vasitəsilə Türkiyəyə, daha sonra isə Avropaya çatdırılacaq. Müsahibələrinizin birində siz İsrailin də bu layihəyə qoşula biləcəyini və bu istiqamətdə danışıqların getdiyini bildirmişdiniz. Hazırda vəziyyət nə yerdədir?

- Hələlik danışıqlar yekunlaşmayıb, lakin biz enerji sahəsində İsrail və Azərbaycan əlaqələrinin inkişafı baxımından olduqca böyük potensial görürük. Bu sektor İsrail qazının Türkiyə bazarına ixrac edilməsi və ya Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə Avropaya çatdırılmasından asılı olmayaraq olduqca önəmlidir. TANAP-ın bizim üçün böyük potensialı var. İsrail şelfdə kifayət qədər böyük həcmdə qaz yatağı aşkarlayıb və ölkə rəhbərliyi qazın müəyyən hissəsinin ixrac edilməsi barədə qərar qəbul edib. Bu baxımdan bir sıra Avropa İttifaqı ölkələri İsrail qazı üçün yaxşı bazardır və TANAP qazı Avropaya çatdırmaq üçün mümkün variantlardan biridir. Bu baxımdan biz dövlət orqanları ilə əlaqədəyik.



- Son zamanlar Azərbaycanda qeyri-neft sektorunun inkişafına daha çox diqqət yönəldilib. Bu baxımdan İsrail Azərbaycana necə köməklik edə bilər?

- İsrailin müdafiə sektoru ölkədə texnologiyaların inkişafı baxımından həmişə aparıcı rol oynayıb. Ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi baxımından ən perspektivli sahə kənd təsərrüfatıdır. Mən bilirəm ki, bir sıra böyük İsrail şirkətləri Azərbaycanda öz məhsullarını satmaqla yanaşı, ciddi tərəfdaşlarla əlaqələrin olmasında, həmçinin birgə layihələr yaradaraq uzunmüddətli əməkdaşlığın qurulmasında maraqlıdırlar. Düşünürəm ki, bu sahədə əməkdaşlıq olduqca önəmlidir. Çünki, biz bu sahədə öz təcrübəmizi və biliyimizi bölüşə bilərik. Həmçinin, Azərbaycan bazarında iş birliyimiz bu sahədə bilik və bacarıqlarımızın inkişafına öz töhfəsini verəcək. Biz hansı növ texnologiyalarımızı, metodlarımızı bu bazara tətbiq edə biləcəyimiz barədə düşünürük. Yeri gəlmişkən, texnologiyalar yerli bazara uyğunlaşdırılmalıdır. Əgər sən maksimum nəticə istəyirsənsə, belə bir adaptasiya etməlisən. Əməkdaşlıq etdiyimiz digər sahə turizmdir. Bu ilin oktyabr ayının ikisindən etibarən İsrail hava yolları şirkəti Azərbaycana birbaşa reyslər açdı və bu, olduqca önəmli hadisədir. İsrailli turistlərin ölkənizə gəlişi iqtisadiyyatınız üçün olduqca yaxşıdır. Uçuşlar həftədə iki dəfə həyata keçirilir. Azərbaycana səyahət edənlərin sayı hələ azdır – aylıq bir neçə yüz, lakin mən ümid edirəm ki, sərnişinlərin sayı növbəti aylarda daha da artacaq. Turizm sektoruna töhfə verməklə yanaşı bu insanlar Azərbaycanı kəşf edirlər.

İsraildə Azərbaycanın səfirliyi yoxdur, ona görə də israillilərin Azərbaycan haqqında bilgiləri çox azdır. Bu, onların Bakını görməsi üçün şans, imkandır. Bundan əlavə burada insanlarımız arasında əlaqələrin əsası qoyulur. Mən Azərbaycanda olan israillilərdən əldə etdiyim məlumatlara əsasən deyə bilərəm ki, onlar burada gördüklərinə heyran olurlar. Onlar Azərbaycan barədə heç nə bilmirdilər, lakin Bakıya gəldikləri zaman şəhərin bu qədər inkişaf etməsinə və maraqlı yer olmasına heyrətlənirlər. Burada mədəniyyətlər, irslər və dinlər bir-birinə qarışıb. Onlar burada özlərini təhülkəsiz hiss edirlər. Əhalisinin böyük hissəsinin müsəlman olduğu ölkədə biz heç bir təhlükə hiss etmirik, burada hər şey azaddır. Belə səfərlər onların gözlərini açır.

Ölkələrimiz arasında əlaqələri dərinləşdirmək üçün üzərində işlədiyimiz sahələrdən biri də təhsildir. Bizim bu sahədə yaxşı universitetlərimiz və təcrübəmiz var. İsrail universitetləri ilə Azərbaycanın aparıcı akademik institutları arasında davamlı əlaqələrin yaradılmasına çalışırıq. Bundan əlavə İsrail - Azərbaycan Hökumətlərarası birgə Komissiyanın iclasının keçirilməsi nəzərdə tutulub. Komissiyaya Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov və İsrailin ətraf mühitin mühafizəsi naziri cənab Elkin rəhbərlik edir. İdeya bundan ibarətdir ki, aydın və prioritet gündəlik formalaşdırılsın və ölkələr arasında əlaqələrin inkişafı baxımından özəl sektor üçün daha əlverişli şərait yaradılsın.

- Cənab səfir, İsrailin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konkret mövqeyi necədir?

- İsrail həmişə münaqişənin sülh yolu ilə həllini dəstəkləyib. Bunun səbəbi bizim təcrübəmizdir. Biz qonşu ölkələrlə xeyli sayda müharibələrə cəlb olunmuşuq. Sülh münaqişənin davamlı və uzunmüddətli həlli üçün yeganə yoldur. Sülh xeyli sayda insanın həyatını xilas edir, xeyli sayda resursları qorumağa imkan verir. Biz Misir və İordaniya ilə sülh müqaviləsi imzaladıqdan sonra İsraillin strateji vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşdığının şahidi olduq. Məhz buna görə biz münaqişənin həllində prioritetin sülh yolu olmasının tərəfdarıyıq. Azərbaycan prezidenti İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin prioritet olması ilə bağlı bu yaxınlarda səsləndirdiyi bəyanatı dəstəkləyirik. Həmçinin ATƏT-in Minsk qrupunun münaqişənin həlli istiqamətində səylərini dəstəkləyirik. Bu yaxınlarda baş tutan Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü alqışlayırıq. Ümid edirik ki, tərəflər razılığa gəldikcə, bu, münaqişənin sonrakı həllinə öz töhfəsini verəcək. Təbii ki, münaqişənin həlli ilə bağlı yekun qərarı tərəflər verəcək, lakin mən bir şeyi əlavə etmək istəyirəm ki, İsrail Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.



- İsrail və Azərbaycan arasında əlaqələrin kifayət qədər yüksək olmasına baxmayaraq, ölkəmizin Təl-Əvivdə səfirliyi yoxdur. Fikrinizcə, bunun səbəbi nədir?

- Mən problemin nədə olduğunu deyə biləcək səlahiyyətə malik deyiləm. Çünki bu, Azərbaycan hökumətinin qərarıdır. Şübhəsiz ki, biz Azərbaycan səfirliyinin İsraildə açılmasını istəyirik. Bir daha qeyd etmək istəyirəm ki, bu, Azərbaycan hökumətinin qərarıdır. Hesab edirəm ki, səfirlik ölkələrimiz arasında əlaqələrin inkişafına aktiv şəkildə töhfəsini verərdi.

- Oktyabrın əvvəllərində ABŞ prezidenti Donald Tramp bəyan etdi ki, onun ölkəsi İranla bağlanan 5+1 nüvə sazişindən çıxa bilər. İsrailin bu məsələdə mövqeyi nədən ibarətdir?

- İsrailin baş naziri Benyamin Netanyahu hələ razılaşma imzalanmazdan əvvəl dəfələrlə bildirib ki, saziş yaxşı deyil. Biz İranla razılaşmanın əleyhinə deyilik, lakin bu saziş İranın heç vaxt nüvə silahı əldə etməyəcəyinə dair zəmanət verir. Bundan əlavə sazişin müddəti başa çatdıqdan sonra İran nə istədiyini etməkdə sərbəstdir. Bundan əlavə mövcud sazişdə İranın hərbi obyektlərinin monitorinqi ilə bağlı problemlər var. ABŞ prezidenti Donald Tramp sazişdən çıxmaq barədə qərar verib. Baş nazir Benyamin Netanyahu aydın şəkildə bəyan etdi ki, ABŞ-ın bu addımını dəstəkləyir. Biz hesab edirik ki, saziş bir məqsədə - məhz İranın nüvə silahı əldə etməməsinə qulluq etməlidir.

- ABŞ və İsrail anti-İsrail mövqeyinə görə UNESCO təşkilatından çıxmaq barədə qərar qəbul edib. Bu, UNESCO-nun öz effektivliyini itirməsi anlamına gəlirmi?

- BMT-nin bir sıra təşkilatları var ki, onlar olduqca əhəmiyyətli işlərlə məşğul olurlar. UNESCO onlardan biridir. Düşünürəm ki, mədəni irs bütün dünyada həlledici rol oynayır. İnsanlar tərəfindən yaradılan hər şey gələcək nəsillərə ötürülməlidir. Lakin təəssüflər olsun ki, fələstinlilər və onların dəstəkçiləri - ərəb dünyası UNESCO-nun professional fəaliyyətini pozmaq üçün hər şey edir. Təşkilatı dözülməz səviyyədə siyasiləşdirməklə onun effektivliyi azalır. Hesab edirəm ki, biz buna qarşı olmalıyıq. Yalnız bir ölkə deyil, digər ölkələr də təşkilatın Fələstinin təbliğatı baxımından alət kimi istifadə olunmasına qarşı çıxmalıdır.



- Sizin fikrinizcə, Fələstin-İsrail münaqişəsini necə həll etmək olar?

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində olduğu kimi, bu münaqişənin də yeganə həll yolu onu sülhdür. Hərbi addımların münaqişələrdə xeyri olmayacaq. Sülhə nail olmaq üçün hər iki tərəfin nəticəyə hesablanan danışıqlar istəyi vacibdir. Təəssüflər olsun ki, Fələstin İsrailə danışmaq əvəzinə daha çox dünya birliyinin İsrailə təzyiq göstərməsində maraqlıdır. Biz düşünürük ki, əgər sən münaqişəni həll etmək istəyirsənsə, Cenevrə, Nyu-York, Çin, Parisə getməməli və beynəlxalq birliyin sənə dəstəyinə cəhd etməməlisən, bunun əvəzində qeyri-şərtsiz danışıqlara oturmalısan. Axı biz Yaxın Şərqdə yerləşirik və problemi özümüz həll etməliyik. Gəlin, birlikdə oturaq, birlikdə gündəliyi və hər iki tərəfin qəbul edəcəyi razılaşmanı tapaq. Bu, yeganə yoldur. Terrorizmdən istifadə xalqı sülhə hazırlamaq üçün çıxış yolu deyil.

- İsrailin Suriya münaqişəsi ilə bağlı mövqeyi bizim üçün maraq kəsb edir. Vəziyyət demək olar ki, hamını narahat edir...

- Şübhəsiz, Suriyadakı vəziyyət bizi də narahat edir. Hər şeydən öncə Suriya İsraillə qonşudur. Biz İranın ekspansiya və hegemoniya siyasətinin tərkibi olan Suriyadakı hərbi fəaliyyətindən narahatıq. İran daimi olaraq Suriyada hərbi mövcudluqda maraqlıdır və BMT Təhlükəsizlik Şurasının 1701 nömrəli qərarına əsasən terror təşkilatı elan olunan “Hizbullah”ı raket və mərmilərlə təchiz etməyə çalışır.

Baş nazir Netanyahu açıq şəkildə bəyan etdi ki, o, Suriyada İranın mövcudluğuna qarşıdır. Biz Suriyada nizamlanmanın əleyhinə deyilik. Suriyada yüz minlərlə günahsız insanın bir tərəfdən Əsəd rejimi və onun hərbçiləri, digər tərəfdən isə terrorçular və onları dəstəkləyənlər tərəfindən qətlə yetirilməsini görmək sadəcə dəhşətdir. Şübhəsiz, siyasi həll yolu daha məqbuldur. Bir daha təkrarlamaq istəyirəm ki, biz Suriyanın daxili işlərinə qarışmırıq. Strateji maraqlarımıza əsasən İranın Suriyada mövcudluğu yolverilməzdir. Biz bunun qarşını almaq üçün əlimizdən gələn hər şeyi edəcəyik. Bəzən Suriya ordusu, "Hizbullah" və üsyançılar arasında döyüşlər İsrailin nəzarətində olan Colan yüksəkliklərinə də sıçrayır. Biz bunu aydın şəkildə demişik ki, döyüşlərin bizim ərazimizdə baş verməsinə imkan verməyəcəyik. Kimliyindən asılı olmayaraq, bizim istiqamətdə atılan hər bir mərmiyə cavab verəcəyik. Digər narahatedici məqam bundan ibarətdir ki, İran Suriya rejimi ilə birgə Livanda fəaliyyət göstərən “Hizbullah” terror təşkilatına silah ötürmək istəyir. Biz buna qarşıyıq və bu, eyni zamanda BMT-nin Təhlükəsizlik qətnaməsinə ziddir.



- Hazırda dünyanın gündəmində olan digər məsələ İraq kürdüstanıdır. İsrail kürd referendumunu və onun nəticələrini dəstəkləyən yeganə ölkədir. Fikrinizcə, bu referendum Yaxın Şərq və dünyadakı vəziyyətə necə təsir edəcək?

- İsrailin kürd xalqı ilə çox qədim və dostluq münasibətləri var. Ölkəmizdə İraqın Kürdüstan muxtar vilayətinin öz müqəddəratını təyin etmək hüququnu dəstəkləyənlər çoxdur. Lakin İsrail Kürdüstan muxtar vilayətində referendumun keçirilməsində hər hansı formada iştirak etməyib. İsrail bu prosesə qarışmır. Burada xeyli sayda dilemmalar var. Axı, niyə fələstinlilərin öz müqəddəratını təyin etmə hüquq var, amma kürdlərin yox? Biz düşünürük ki, bu hipotetik məsələdir. Kürdüstan Muxtar Vilayəti müstəqil olanda nə baş verəcək? Bunu proqnozlaşdırmaq çox çətindir.

- Gəlin, ölkələrimiz arasında yaxın gələcəkdə baş tutacaq rəsmi səfərlərdən danışaq.

- Ən önəmli səfər İsrail-Azərbaycan hökumətlərarası komissiyanın birgə iclası çərçivəsində cənab Cabbarovun səfəridir. Lakin səfərin tarixi dəqiq deyil. Hər iki tərəf iclasa ciddi şəkildə hazırlaşır, çünki komissiyanın iclası ildə bir dəfə keçirilir. Ona görə də biz iclasın effektiv olmasını istəyərik. Hələlik dəqiq tarixi deyə bilmərik. Sənədlər hazırlananda iclasın keçirilmə tarixi dəqiqləşəcək. Ümid edirəm ki, İsrail-Azərbaycan hökumətlərarası komissiyanın birgə iclası ya bu ilin sonu, ya da 2018-ci ilin ilk rübündə baş tutacaq.



- Cənab səfir, iki ildən çoxdur ki, Bakıda çalışırsınız. Ölkəmiz haqqında düşüncələriniz nədən ibarətdir? Azərbaycanda ən çox nədən xoşunuz gəlir?

- Daha əvvəl Nepal və Hindistanda işləmişəm. Olduqca gözəl yerlərdir. Azərbaycana gəlməzdən öncə Cənubi Asiya regionunda 17 ildən çox çalışmışam. Bura mənim üçün çox maraqlıdır, gördüklərim məni heyərtləndirdi. Azərbaycan mənim üçün yeni təcrübədir. Azərbaycan İsrail kimi tarixi ticarət yolunun üzərində yerləşir. Üstünlük bundan ibarətdir ki, siz ticarət yolunun üzərində olmaqla gəlir əldə edirsiniz. Digər tərəfdən bu, böyük güclərdə sizin ərazinizi işğal etmək və sizi idarə etmək istəyi oyadır. Bu baxımdan İsrail və Azərbaycan strateji, həm də çətin vəziyyətdə yaşayıb. Mənim üçün böyük güclər və Ermənistanla münaqişə vəziyyətində olan Azərbaycanın özünü necə idarə etməsi olduqca maraqlı idi. Maraqla qarşıladığım digər məqam sizin qonşu ölkə ilə müharibə, münaqişə vəziyyətində olmağınızdır. Siz nə edirsiniz? Siz döyüş qabiliyyətinizi artırmaqla yanaşı eyni zamanda inkişafı davam etdirə bilərsinizmi? Bu, bizim İsrail üçün adaptasiya etdiyimiz formuldur. Xeyli sayda müharibələrin olmasına baxmayaraq, biz parçalanmış ərazilərdən ölkə qura bildik. Azərbaycan da bizim kimi edib.

Diqqət çəkən məqam odur ki, Bakıya səfər edilən vaxt burada heç yerdə münaqişənin olduğu hiss edilmir. Ölkənin əksər yerlərində inkişafın şahidi oluruq. Bakıda xeyli sayda gəzməli-görməli yerlər var. Ölkənizdə bu qədər etnik qrupların olması adamı yaxşı mənada heyətləndirir: Alban kilsələri, gözəl məscidlər... Bundan əlavə, qədim zamanlardan azərbaycanlılarla yəhudilər və digər milli azlıqlar arasında sülh və əmin-amanlıq şəraitdə yaşayırlar. Bəzi insanlar qeyd edirlər ki, ilk yəhudilər Azərbaycana İrandan e.ə 7 əsrdə Şimali İsrail Krallığının dağılmasından sonra gəliblər. Bu etnik qrupların Azərbaycan cəmiyyətinə necə inteqrasiya olunmasını görmək olduqca heyrətləndiricidir. Hara getməyimdən asılı olmayaraq mən yəhudi qardaşlarımın Azərbaycanın iqtisadiyyatı, mədəniyyət, təhsili, elminə verdiyi töhfə barədə eşidirəm. İnsanlar mənə deyirlər ki, onların yəhudi müəllimləri olub. Mən teatrda aktyor işləyən yəhudiləri xatırlayıram. Burada qalan yəhudilər Azərbaycanın tərkib hissəsidir. Azərbaycan yəhudiləri ölkənizi təqib olunduqları üçün deyil, sadəcə İsraildə yəhudi qardaşları ilə birgə yaşamaq istədikləri üçün tərk ediblər. Bu gün onlar Azərbaycan və İsrail arasında körpü rolunu oynayırlar. Buna nümunə olaraq Yoknem və Qəbələ arasında bu yaxınlarda qardaşlıq haqqında imzalanan sənədi göstərmək olar. Mən bu mərasimdə iştirak edirdim. Prosesin təşkilatçısı şəhər merinin müavini, vaxtilə Azərbaycanda doğulan, daha sonra İsrailə köçən şəxsdir. O, iki ölkə arasında, insanlar arasında əlaqələri aktiv şəkildə təbliğ edir.

Eldar Tanrıverdiyev
Foto: Elvin Abdulla
AzVision.az

Teqlər: İsrail   Azərbaycan   Dağlıq-Qarabağ   Qarabağ