Məhkəmə islahatları beynəlxalq aləmdə təqdir olunur

  07 Noyabr 2017    Oxunub : 277
Məhkəmə islahatları beynəlxalq aləmdə təqdir olunur

Ölkə Prezidenti cənab İlham Əliyevin ədalət mühakiməsinin səmərəliliyinin artırılması ilə bağlı tapşırıqlarına uyğun olaraq məhkəmə sistemi daim təkmilləşdirilir, məhkəmə hakimiyyətinin müstəqilliyi möhkəmləndirilir, qanunvericilik və institusional islahatlar aparılır, məhkəmələrin infrastrukturu yüksək statusuna uyğun yaxşılaşdırılır və müasirləşdirilir. Bu sahədə islahatlara nüfuzlu beynəlxalq qurumlar tərəfindən də böyük maraq göstərilərək, ölkəmizin nailiyyətləri yüksək qiymətləndirilir.

Ədliyyə Nazirliyi Mətbuat xidmətindən AzVision.az–a verilən xəbərə görə, Avropa Şurası Azərbaycanda hakimlərin seçim prosedurunu şəffaflığı və obyektivliyinə görə fərqləndirərək örnək kimi dəyərləndirib və digər dövlətlərə tövsiyə edib. Həmçinin avropalı ekspertlər ədalət mühakiməsi sistemində səmərəli islahatların aparılması, məhkəmələrin unikal infrastrukturunun yaradılması, müasir informasiya texnologiyalarının və yeniliklərin tətbiqində Azərbaycanın bir çox Avropa ölkələrinə nümunə olduğunu qeyd edirlər.

Bu yaxınlarda isə Avropa Şurası tərəfindən Azərbaycanın təqdim etdiyi "Məhkəmənin Nəbzi: İdarəetmədə İnqilab" layihəsinin "Ədliyyənin Kristal Tərəzisi" müsabiqəsində qalib gələrək ən mütərəqqi layihə kimi mükafata layiq görülməsi dövlətimizin başçısının siyasi iradəsi ilə həyata keçirilən islahatlara verilən yüksək qiymətdir.

Eyni zamanda, nüfuzlu beynəlxalq maliyyə qurumu olan Dünya Bankı ölkəmizdə məhkəmə-hüquq islahatlarına dəstək göstərərək on ildən artıqdır ki, ədliyyə sisteminin müasirləşdirilməsinə dair birgə layihələr uğurla həyata keçirilir. Bu layihələr çərçivəsində paytaxtda və bölgələrdə 12 məhkəmə üçün yeni, müasir binalar və komplekslər tikilərək istifadəyə verilib, hazırda isə 5 məhkəmə üçün belə binaların inşası aparılır. Bir çox məhkəmə bina və komplekslərin açılışlarında dövlətimizin başçısı şəxsən iştirak edib, müvafiq tövsiyə və tapşırıqlarını verib.

Ölkə Prezidentinin 2014-cü il 13 fevral tarixli Sərəncamı ilə təsbit edilmiş "Elektron məhkəmə" informasiya sisteminin yaradılması üzrə Dünya Bankı ilə birgə əsaslı işlər görülür, o cümlədən müasir İKT ilə təchiz edilmiş yeni binalarda elektron məhkəmə sisteminin bir çox komponentləri tətbiq olunur, məhkəmə sisteminin vahid internet portalı zənginləşdirilib, burada elektron "şəxsi kabinet" yaradılıb, məhkəmə rüsumlarının elektron qaydada ödənilməsi, proseslərinin audio-video qeydə alınması, elektron sənəd dövriyyəsi təmin olunub və elektron icranın tətbiqinə başlanılıb.

Cari ilin sonunadək ölkə üzrə bütün məhkəmələrin 60 faizini əhatə edəcək bu sistemin tətbiqi ədalət mühakiməsinə çatımlılığın asanlaşdırılmasına, onun səmərəsinə və keyfiyyətinə əsaslı təsir göstərməklə insanlara daha əlverişli və rahat şərait yaradacaqdır.

Azərbaycan Hökuməti və Dünya Bankı ilə əməkdaşlığın 25 illiyinin qeyd olunduğu bu günlərdə Dünya Bankı ölkəmizdə ədliyyə sahəsində həyata keçirdiyi "Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" layihəsini ən uğurlu layihə kimi qiymətləndirərək "Vətəndaşlara daha yüksək keyfiyyətli xidmətlərin göstərilməsi üçün innovativ üsulların yaradılması və tətbiqi" nominasiyasının qalibi elan edib.

Bütün bunlar ölkəmizin məhkəmə sistemindəki nailiyyətlərinə, həmçinin beynəlxalq marağı artırır və Azərbaycanın bu sahədə müsbət təcrübəsindən bəhrələnmək üçün digər dövlətlərdən müraciətlər daxil olur, ölkəmizə səfər etmək arzusu bildirilir. Təkcə bu yaxınlarda Avropa Şurasının müraciəti əsasında nümayəndə heyətimiz Moldovaya səfər edərək məhkəmə infrastrukturunun yaradılması sahəsində müsbət təcrübəmizi oradakı həmkarlarımızla bölüşüb.

Eyni zamanda, Dünya Bankının tövsiyəsi ilə Rusiya Federasiyası Moskva Şəhər Məhkəməsinin sədri xanım Olqa Yeqorovanın başçılıq etdiyi rəhbər vəzifəli şəxslərdən ibarət geniş nümayəndə heyəti bu günlərdə ölkəmizə səfər edib, Ali Məhkəmə, Bakı şəhəri Sabunçu Məhkəmə Kompleksi və Nərimanov Rayon Məhkəməsində olaraq müasir infrastrukturla yaxından tanış olub, ədalət mühakiməsinin yüksək səviyyədə həyata keçirilməsi üçün yaradılmış hər cür şəraitdən, informasiya texnologiyalarının geniş tətbiqindən heyranlıqlarını ifadə edib, faydalı təcrübə mübadiləsi aparıblar.

Səfər zamanı nümayəndə heyəti ilə Yasamal Rayon Məhkəməsində məhkəmə islahatlarına və yeniliklərə dair geniş təqdimat keçirilib, "Elektron məhkəmə" informasiya sistemi barədə ətraflı məlumat verilib. Qonaqlar məhkəmə sisteminin müasirləşdirilməsi üzrə görülən tədbirləri böyük maraqla qarşılayıb, bu sahədə Azərbaycanın müsbət təcrübəsini əyani öyrənərək onu örnək kimi qəbul etdiklərini və öz ölkəsində tətbiq edəcəklərini vurğulayıblar. Sonda bu cür təcrübi səfərlərin təşkilinin əhəmiyyəti qeyd olunaraq əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminlik ifadə olunub.

AzVision.az


Teqlər: Ədliyyə-Nazirliyi   məhkəmə   AŞPA