“Uşaqların lal və kar olmaması üçün 2 milyon lazımdır” - Komitə sədri

“Uşaqların lal və kar olmaması üçün 2 milyon lazımdır” - Komitə sədri
  08 Noyabr 2017    Oxunub:2804
“Azərbaycanda hər il 100-120 eşitmə qüsurlu uşaq dünyaya gəlir. Onlar qısa zamanda əməliyyat olunmasa, ömürlük lal və kar qalırlar. Bu uşaqların lal və kar olmaması üçün 1.5-2 milyon manat vəsait lazımdır. Maliyyə Nazirliyindən xahiş edirəm ki, bunun vəsaitin ayrılmasını təmin etsin”.
AzVision.az –ın məlumatına görə, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Əmək və sosial siyasət, Elm və təhsil, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri komitələrinin birgə iclasında 2018-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Komitə sədri bildirib ki, orqan transplantasiyasına məruz qalan xəstələrin antidesprantlarla təmin olunması üçün əlavə vəsait ayrılmalıdır:

“Bu gün ölkədə və xaricdə vətəndaşlarımıza orqan transplantasiyası aparılır. Həmin şəxslər yaşamaları üçün ömrü boyu antidesprantlar almalıdır. Bunun üçün onlara 3000-3500 manat vəsait lazımdır. Ancaq, bu xəstələr onu ala bilmirlər. Onlar antidesprantlardan istifadə etməsələr orqanlarda qopma baş verir və həyatları təhlükə altına düşür. Buna da əlavə vəsait lazımdır. Çünki, səhiyyəyə ayrılan vəsaitlə bunu etmək mümkün deyil”.

Ə.Əmiraslanov qeyd edib ki, şiş əleyhinə preperatların alınması üçün də əlavə vəsait lazımdır: “Bunun üçün bu il vəsait ayrılıb. Ancaq bu peraparatlar çox bahalıdır. Ona görə də onların tam həcmdə alınmasında çətinliklər var. Bu da onkoloji xəstəliklərin müalicəsində çətinliklər yaradır. Hesab edirəm ki, ayrılan vəsaitin artırılmasına ehtiyac var”.

Komitə sədri deyib ki, 2018-ci ilin dövlət büdcəsi layihəsi mükəmməl hazırlanıb: “Təhsil və elm sahəsinə proqnozlaşdırılan vəsaitdə xeyli artım var. AMEA-ya ayrılan vəsaitdə 4.3 faiz artım proqnozlaşdırılır ki, bu da elmin inkişafına töhfə verəcək. Səhiyyədə 4.8 faiz artım var. Bu, çox vacib haldır. Hesab edirəm ki, büdcəmiz təmkil və peşəkarlıqla hazırlanıb”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Milli-Məclis   Büdcə  





Xəbər lenti