ATƏT-in mənzil-qərargahında köçkünlərlə bağlı tədbir keçirilib

ATƏT-in mənzil-qərargahında köçkünlərlə bağlı tədbir keçirilib
  17 Noyabr 2017    Oxunub:2092
Noyabrın 16-da ATƏT-in Vyana şəhərində yerləşən mənzil-qərargahında Azərbaycanın Avstriyadakı səfirliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “ATƏT məkanında məcburi köçkünlər üçün ədalətə əlçatanlıq və bunun münaqişələrin həlli prosesində rolu” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirdə ATƏT-in iştirakçı dövlətlərinin daimi nümayəndəliklərini, Vyanada akkreditə olunmuş diplomatik korpusu, vətəndaş cəmiyyətini, beyin mərkəzlərini təmsil edən nümayəndələr iştirak ediblər.
Tədbiri açan Beynəlxalq Hüquq və Qlobal Siyasi Araşdırmalar Mərkəzinin sədri, professor Anis Bayrektareviç ATƏT məkanında 4 milyona yaxın insanın münaqişələr nəticəsində məcburi köçkün vəziyyətinə salınması faktına diqqəti cəlb edib, onların çoxsaylı hüquq pozuntularından əziyyət çəkdiyini bildirib. O, məcburi köçkünlərin hüquqlarının səmərəli müdafiəsi üçün xüsusi beynəlxalq hüquqi mexanizmin olmamasını ciddi çatışmazlıq kimi vurğulayıb. Belə olan halda, Avropa İnsan Hüquqları Məhkəməsinin ayrı-ayrı işlər üzrə qəbul etdiyi qərarların presedent hüququ yaratdığını və bu sahədə olan boşluğun aradan qaldırılması istiqamətində mühüm mexanizm olduğunu qeyd edib. Anis Bayrektareviç, eyni zamanda, məcburi köçkünlərin hüquqlarının təminatı ilə əlaqədar ATƏT çərçivəsində çoxsaylı öhdəliklərin olmasına baxmayaraq, bu öhdəliklərin praktik icrası sahəsində atılmış addımların qənaətbəxş olmadığını diqqətə çatdırıb.



Azərbaycan Respublikasının Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin əməkdaşı Elmar Hüseynov Azərbaycan Hökuməti tərəfindən məcburi köçkünlərin sosial və məişət problemlərinin həlli istiqamətində görülən işlərdən danışıb, Böyük Qayıdış proqramı barədə məlumat verib. O, bu proqramın Ermənistanın işğalına son qoyulduqdan sonra məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli geri qayıdışını nəzərdə tutan tədbirləri ehtiva etdiyini bildirib. E.Hüseynov qeyd edib ki, 2016-cı ilin aprel ayında Azərbaycan silahlı qüvvələrinin əks-həmlə əməliyyatları nəticəsində düşmən nəzarətindən azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası və məcburi köçkünlərin həmin kəndə qayıtması proqramın icrasının bariz nümunəsidir.



Vurğulanıb ki, məcburi köçkünlərin hüquqlarının müdafiəsi yalnız onların işğal edilmiş ərazilərdəki daimi yaşayış yerlərinə təhlükəsiz və ədalətli şəkildə qayıtması, həmin ərazilərdə yerləşən mülkiyyətdən faydalanma hüquqlarının təmin edilməsi ilə mümkündür. Bu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin əsas və ayrılmaz elementini təşkil edir. Prezident Administrasiyasının rəsmisi Ermənistanın öz qoşunlarını işğal etdiyi Azərbaycan ərazilərindən çıxarmasının münaqişənin həlli kontekstində kompromis kimi qiymətləndirilməsinin mümkün olmadığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.



Müzakirələrdə Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycan Respublikasının nümayəndəsi Çingiz Əsgərov məcburi köçkünlərin Avropa İnsan Hüquqları Konvensiyası çərçivəsində hüquqlarının təmin edilməsində Avropa İnsan Hüquqları Məhkəməsinin rolundan danışıb və bu xüsusda, məhkəmənin “Çıraqov və başqaları Ermənistana qarşı” işi üzrə çıxardığı hökmün əhəmiyyətini vurğulayıb. Çingiz Əsgərov, eləcə də öz doğma yurdlarını ziyarət edən zaman Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülmüş azərbaycanlı məcburi köçkünlər Dilqəm Əsgərov və



Şahbaz Quliyevin məsələsi barədə tədbir iştirakçılarını məlumatlandırıb və bu məsələdə Ermənistanın hüquqi məsuliyyətinə diqqəti cəlb edib. O, həmçinin Ermənistan silahlı qüvvələrinin 2016-cı ilin aprel ayında azərbaycanlı dinc sakinlərə və mülki obyektlərə qarşı məqsədyönlü irimiqyaslı hücumları nəticəsində mülki şəxslərin öldürülməsi, onların mülkiyyətinə ziyan vurulması hallarını qeyd edib, zərərçəkən insanların hüquqlarının təmin edilməsi istiqamətində Avropa İnsan Hüquqları Məhkəməsi çərçivəsində aparılan fəaliyyət barədə məlumat verib.



“Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin nümayəndəsi, Şuşa şəhərində anadan olmuş Tural Gəncəliyev Ermənistanın hərbi təcavüzü və etnik təmizləmə siyasətinin canlı şahidi kimi öz fikirlərini tədbir iştirakçıları ilə bölüşüb. O, Dağlıq Qarabağın azərbaycanlı icmasının münaqişənin həlli prosesində erməni icması ilə bərabərhüquqlu maraqlı tərəf olduğunu, bunun münaqişə üzrə qəbul edilmiş ATƏT sənədlərində öz əksini tapdığını diqqətə çatdırıb və bundan irəli gələrək azərbaycanlı icmanın münaqişənin həlli ilə bağlı mövqeyini diqqətə çatdırıb. T.Gəncəliyev vurğulayıb ki, münaqişə yalnız Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün bərpa edilməsi və Dağlıq Qarabağın hər iki icmasının bərabərhüquqlu birgəyaşayışının təmin olunması yolu ilə həllini tapa bilər.



“Çıraqov və başqaları Ermənistana qarşı” işi üzrə zərərçəkmişlərin nümayəndəsi qismində cəlb olunmuş vəkil, “Lanski, Qantsqer və Tərəfdaşları” şirkətinin partnyoru Qabriel Lanski həmin işin məcburi köçkünlərin hüquqlarının təmin olunması baxımından hüquqi-praktik əhəmiyyətindən bəhs edib. O, məhkəmənin Ermənistanın işğal edilmiş ərazilər üzərində effektiv nəzarət həyata keçirdiyini və hərbi işğala görə məsuliyyət daşıdığını, bundan irəli gələrək azərbaycanlı məcburi köçkünlərin hüquqlarının pozulmasına görə Ermənistanın dövlət məsuliyyətini təsbit etdiyini vurğulayıb. Əlavə olunub ki, məhkəmə Minsk qrupu çərçivəsində münaqişənin həlli üzrə siyasi danışıqların davam etməsinin Ermənistan tərəfindən məcburi köçkünlərin pozulmuş hüquqlarının bərpasından imtina üçün əsas ola bilməyəcəyini birmənalı müəyyənləşdirib. Vəkil, ümumilikdə, məhkəmənin sözügedən iş üzrə hökmünü beynəlxalq humanitar hüququn inkişafı baxımından mühüm hadisə kimi qiymətləndirib. Tədbir iştirakçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr və ATƏT-in müvafiq sənədləri əsasında tezliklə həllinin vacibliyini vurğulayıb, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün bərpasının bu baxımından əsas şərt olduğunu qeyd ediblər. Sonda tədbir iştirakçılarının müzakirə olunan məsələlərlə bağlı sualları cavablandırılıb.

AzVision.az



Teqlər: ATƏT   qaçqın   məcburi-köçkün  





Xəbər lenti