Böyük Tələbə Layihəsi 25-ci ildönümü münasibətilə tədbir keçirib

Böyük Tələbə Layihəsi 25-ci ildönümü münasibətilə tədbir keçirib
  20 Noyabr 2017    Oxunub:3475
Türkiyə Universitetləri məzunları Böyük Tələbə Layihəsinin 25-ci ildönümü münasibətilə möhtəşəm tədbir keçirib.
AzVision.az-ın məlumatın görə, 1992-ci ildə Türkiyə Respublikasının təşəbbüsü ilə Azərbaycandan 2000 abituriyent ali və orta ixtisas təhsili almaq üçün Türkiyənin universitetlərinə göndərilmişdi. “Böyük Tələbə Layihəsi” adlanan bu layihə ilə müstəqil Azərbaycanın gəncləri ilk dəfə Sovet sistemindən fərqli müasir qərb təhsil sistemi ilə tanış oldular. Bu əlamətdar hadisənin 25-ci ildönümün qeyd edildiyi yubiley tədbirində 300 nəfərdən artıq məzunla yanaşı, hər iki ölkənin rəsmi şəxsləri də iştirak edirdilər.


Tədbirdə məzunlar adından Ankara Universitetinin məzunu, tanınmış həkim Üzeyir Rəhimov açılış nitqi ilə çıxış edib. Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru, akademik Hafiz Paşayev, təhsil nazirinin müavini Ceyhun Bayramov, Türkiyənin ölkəmizdəki səlahiyyətli səfiri Erkan Özoral, layihənin birbaşa memarlarından olan, Türkiyədə uzun illər xarici işlər naziri və parlamentin sədri işləmiş Hikmet Çetin, təhsil naziri və parlament sədri olmuş Köksal Toptan, məzunlardan millət vəkili Rəşad Mahmudov çıxış edərək bu möhtəşəm layihənin əhəmiyyətindən danışıblar. Çıxış edən qonaqlara məzunlar tərəfindən plaket və xatirə hədiyyələri təqdim olunub. Layihənin mahiyyətini özündə əks etdirən qısa filmin nümayişi ilə yanaşı “Təhsil üçün oxu” musiqili klipi də iştirakçılara təqdim olundu. Qeyd edək ki, 30 nəfər Türkiyə Universitetləri məzununun ifa etdiyi “Bir başkadır benim memleketim” və “Azərbaycanım” adlı mahnıya Bakı şəhərinin müxtəlif məkanlarını əhatə edən klip çəkilib.

Daha sonra tədbir musiqili əyləncəli hissəylə davam edib. “Böyük Tələbə Layihəsi-25” yubiley tədbiri Azərbaycanın Təhsil Nazirliyinin himayəsi ilə keçirilib.



AzVision.az


Teqlər: Tələbə  





Xəbər lenti