Dilqəmin xilas etdiyi qadın: “Onu Kəlbəcərə biz göndərdik” (VİDEO)

Dilqəmin xilas etdiyi qadın: “Onu Kəlbəcərə biz göndərdik” (VİDEO)
  22 Noyabr 2017    Oxunub:30741
“Dilqəmi Kəlbəcərə biz göndərdik. Dedik ki, gedib kəndimizə, evimizə baş çəksin”.

Bunu AzVision.az-a Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlı Dilqəm Əsgərovun yaxın qohumu Zeynəb Əsgərova deyib.
“Mənim 90 yaşım var. Kəlbəcərin Şaplar kəndindənəm. Dilqəm mənim qohumumdur. O, bizə tez-tez gəlirdi. Bir dəfə evdə oturmuşduq. Birdən ermənilər evimizə od yağdırdılar. Ağlaşamağa başladıq. Dedilər ki, ermənilər gəlir, qaçın. Həmin vaxt Dilqəm gəldi, məni maşına mindirib, kənddən çıxardı. Ağlaya-ağlaya ondan soruşdum ki, Dilqəm, bəs mal-mülkümüz orada qaldı. Dilqəm cavab verdi ki, əsas sizin sağlamlığınızdır. Sağ olsun, Dilqəm məni ermənilərin əlindən xilas etdi”.

90 yaşlı Z.Əsgərova Dilqəmin yolunu gözlədiklərini söyləyib: “Biz Kəlbəcərdən çıxandan sonra Dilqəmi rahat buraxmadıq. Dedik, get evimizə bax, Gör bizim ev-eşiyimiz necədir, gör kəndimiz nə vəziyyətdədir? Dilqəm çox qeyrətli oğlandır. O, Kəlbəcərə, kəndimizə ziyarətə getdi. Orada erməni gavurlarının əlinə düşdü. Gavurlar Dilqəmi bizə qaytarmırlar. 3 ildir onun yolunu gözləyirik. Dilqəmi yuxularımızda görürük”.

Sonda Z. Əsgərova D. Əsgərovun girovluqdan azad edilməsi üçün ölkə rəhbərliyinə müraciət edib: “90 yaşlı Azərbaycandan qadını kimi sizdən xahiş edirəm ki, Dilqəmin azadlığa qovuşmasına kömək edin”.



Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurublar. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.

Hafiz Əhmədov
AzVision.az


Teqlər: Dilqəm-Əsgərov   Kəlbəcər-Girovu  





Xəbər lenti