Ədliyyə işçilərinin peşə bayramı qeyd olunub

  22 Noyabr 2017    Oxunub : 549
Ədliyyə işçilərinin peşə bayramı qeyd olunub

Ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə təsis edilmiş 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü ədliyyə orqanlarında və məhkəmələrdə böyük ruh yüksəkliyi ilə geniş qeyd olunub.

Zəngin və mürəkkəb tarixi yol keçən Azərbaycan ədliyyəsinin yaranmasından 99 il ötür. Ulu Öndərin qayğısı nəticəsində təkmil bir struktur kimi formalaşaraq inkişaf edən Ədliyyə Nazirliyi Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan mütərəqqi məhkəmə-hüquq islahatları çərçivəsində müasirləşir, yeni-yeni nailiyyətlərə imza atır.

Əlamətdar gün münasibətilə nazirliyin rəhbərliyinin və digər məsul əməkdaşlarının kütləvi informasiya vasitələrində Azərbaycan ədliyyəsinin fəaliyyəti barədə geniş yazıları dərc olunub.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, peşə bayramı ilə əlaqədar ədliyyə orqanlarında və məhkəmələrdə silsilə tədbirlər təşkil edilib, o cümlədən ənənəvi olaraq ədliyyə veteranlarına baş çəkilib, gənclərin böyük bir qrupu qulluğa qəbul olunub, yeni əməkdaşlarla nazirliyin rəhbərliyinin görüşü keçirilib. Eyni zamanda, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təcrübəli həkim heyəti tərəfindən nazirlikdə ədliyyə işçilərinin səyyar oftalmoloji müayinəsi aparılıb, idman turnirləri təşkil edilib, habelə nazirliyin builki fəaliyyətinə həsr olunmuş qısametrajlı sənədli film hazırlanıb.

Peşə bayramlarını iftixar hissi ilə qeyd edən ədliyyə işçiləri və hakimlər noyabrın 22-də Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək, xatirəsini dərin ehtiramla anıb, abidəsi önünə əklil qoyublar.

Həmçinin akademik Zərifə xanım Əliyevanın məzarı önünə gül dəstələri düzülüb.

Şəhidlər xiyabanında xalqımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsi anılıb.

Sonra Ədliyyə Nazirliyində təntənəli mərasim keçirilib. Əvvəlcə əbədiyaşar liderimizin nazirlikdəki büstü önünə tər çiçəklər qoyulub.

Tədbirdə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Ali Məhkəmənin sədri Ramiz Rzayev, baş prokuror Zakir Qaralov, nazirliyin kollektivi, vətəndaş cəmiyyəti və media nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan ədliyyəsinin müasir fəaliyyətinə həsr olunmuş qısametrajlı film nümayiş etdirilib.

Peşə bayramı günü münasibətilə bütün ədliyyə və məhkəmə orqanları işçilərini təbrik edən nazir F.Məmmədov Azərbaycan ədliyyəsinin tarixindən və inkişaf yolundan, ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin bütün dövrlərində ədliyyə sisteminə göstərdiyi diqqət və qayğıdan bəhs edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər bütün sahələrdə sürətli tərəqqiyə nail olunmasını vurğulayan nazir ədliyyə və məhkəmə sistemində aparılan uğurlu islahatlardan danışıb.

Sonra fəaliyyətində fərqlənmiş bir qrup əməkdaşa xüsusi rütbələr və mükafatlar verilib.

Mərasimdə çıxış edən Konstitusiya Məhkəməsinin sədri F.Abdullayev hüquq ictimaiyyəti üçün əlamətdar olan ədliyyə işçilərinin peşə bayramının ulu öndər Heydər Əliyev tərəfindən təsis edilməsini məmnunluqla xatırladıb. O, məhkəmə-hüquq sahəsində əldə olunan və beynəlxalq aləmdə təqdir edilən nailiyyətləri diqqətə çatdırıb, ədliyyə işçilərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Ali Məhkəmənin sədri R.Rzayev peşə bayramı münasibətilə təbriklərini çatdırıb, ədliyyənin intibah dövrünün müstəqillik illərində ulu öndər Heydər Əliyev tərəfindən həyata keçirilən demokratik hüquqi dövlət quruculuğu prosesi ilə başlandığını qeyd edib. Prezident İlham Əliyevin ədliyyə və məhkəmə sisteminin inkişafına diqqət və qayğısından bəhs edərək ədliyyə işçilərinin bundan sonra da qarşıda duran vəzifələri layiqincə yerinə yetirəcəklərini vurğulayıb.

Tədbirdə ictimaiyyət nümayəndələri də çıxış edərək ədliyyə işçilərini peşə bayramları münasibətilə təbrik edib, ötən dövrdə Azərbaycan ədliyyəsinin inkişafı istiqamətində mühüm addımların atıldığını və yeni-yeni nailiyyətlərin əldə olunduğunu bildiriblər.

Gənc ədliyyə işçiləri ölkəmizdə dövlət gənclər siyasətinin uğurla həyata keçirildiyini, respublika rəhbərliyi tərəfindən Azərbaycan gəncliyinin inkişafı üçün hər cür şəraitin yaradıldığını, ədliyyə sistemində gənclərə hər zaman xüsusi qayğı ilə yanaşıldığını dərin minnətdarlıq hissi ilə qeyd edib, ədliyyə işçisi adını şərəflə daşıyacaqlarına və daim uca tutacaqlarına söz veriblər.

Tədbirdə ədliyyə işçilərinin ulu öndər Heydər Əliyevin müəyyən etdiyi və uğurla həyata keçirilən dövlətçilik amallarına sadiq qalaraq, ölkəmizin hərtərəfli tərəqqisində və demokratik-hüquqi dövlət quruculuğu işində Prezidentimizə layiqli yardımçı olmaq üçün əzmkarlıqla və məsuliyyətlə çalışacaqlarına əminlik ifadə olunub.

Sonra tədbir mədəni proqramla davam edib.

AzVision.az

Teqlər: Ədliyyə-Nazirliyi