Sabunçu və Abşeronda evləri yaran şəxs tutulub

Sabunçu və Abşeronda evləri yaran şəxs tutulub
  23 Noyabr 2017    Oxunub:1700
Sabunçu rayonu Ramana qəsəbəsinin Südçülük sovxozunda paytaxt sakini Ürfan Vəliyevə məxsus fərdi yaşayış evindən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, bu barədə ev sahibi Sabunçu Rayon Polis İdarəsi (RPİ) 12-ci Polis Bölməsinə (PB) məlumat verib. Şikayətçi evdə olmadıqları zaman naməlum şəxs tərəfindən onun mənzilindən məişət və digər qiymətli əşyaların oğurlandığını bildirib.

Sabunçu RPİ 12-ci PB əməkdaşlarının “isti” izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş, Goranboy rayon sakini Ramil Tanrıverdiyev saxlanılıb. Araşdırma zamanı məlum olub ki, R. Tanrıverdiyev oğurladığı əşyaları əvvəlcə kirayə yaşadığı evə aparıb. Daha sonra isə həmin əşyaların bir qismini Sabunçu bazarına apararaq orada satıb.

Saxlanılan şəxsin ətrafında aparılan əlavə tədbirlərlə onun Sabunçu və Abşeron rayonu ərazisində daha bir neçə mənzildən oğurluq etdiyi də müəyyən edilib.

Qeyd edilən faktlarla bağlı Sabunçu RPİ İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

AzVision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti