Ermənilərin növbəti təxribatının qarşısı alınıb

Ermənilərin növbəti təxribatının qarşısı alınıb
  27 Noyabr 2017    Oxunub:3202
Azərbaycanın Latviyadakı səfirliyi ermənilərin növbəti təxribatının qarşısını alıb.

Latviya Milli Kitabxanasında (LMK) “Ermənistan köhnə xəritələrdə: eramızdan əvvəl VI əsr – XX əsr” adlı sərgi açılmışdı. Ermənistan səfirliyi bu sərgidə digər xəritələrlə bərabər, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin xəritəsini də nümayiş etdirməyə cəhd göstərib.
Azərbaycanın Latviyadakı səfirliyi faktla bağlı təxirəsalınmaz tədbirlər görüb, Latviya Xarici İşlər Nazirliyinə (XİN), LMK-nın rəhbərliyinə nota göndərib, habelə Latviya XİN-də görüş keçirib. Hər iki müraciətdə ermənilərin regionun tarixi ilə bağlı saxtakarlıq fəaliyyəti, NATO, BMT, ATƏT PA, Aİ, İƏT kimi beynəlxalq təşkilatların Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanımaları, çoxsaylı qərar və qətnamələrin, məsələn, BMT Təhlükəsizlik Şurası tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərindən erməni qoşunlarının dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamənin qəbul edilməsi barədə ətraflı informasiya təqdim olunub. Latviyadakı “Ocaq” təşkilatı tərəfindən də beynəlxalq hüquq normalarını pozan belə bir xəritənin nümayiş etdirilməsinin yolverilməzliyi barədə məktub göndərilib.

Latviya Milli Kitabxanasının direktoru Andris Vilks cavab məktubunda təəssüf hissi ilə üzrxahlıq edərək bildirib ki, LMK mədəniyyət ocağı kimi əməkdaşlıq məqsədi daşıyan müxtəlif ideyalara həmişə açıqdır. Kitabxananın rəhbərliyi tərəfdaşlarına etibar etdiyi üçün sərginin məzmununun beynəlxalq hüquq normalarını poza biləcəyindən xəbərsiz olub.

Beləliklə, qondarma respublikanın ərazisini təsvir edən 2015-ci ilin xəritəsi ekspozisiyadan çıxarılıb. Bundan sonra sərgi fəaliyyətini dayandırıb. (AzərTAc)

AzVision.az


Teqlər: Latviya   Təxribat   Erməni  





Xəbər lenti