Məmmədyarov-Zərif görüşünün təfərrüatı - Yenilənib (FOTO)

  01 Dekabr 2017    Oxunub : 935
Məmmədyarov-Zərif görüşünün təfərrüatı - Yenilənib (FOTO)

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində Bakıda keçirilən 7-ci Nazirlər Konfransında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan İranın xarici işlər naziri Cavad Zəriflə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüşdə nazirlər İran və Azərbaycan arasında dostluq və mehriban qonşuluq münasibətlərinin müxtəlif sahələrdə inkişafı istiqamətində atılan davamlı səyləri təqdir ediblər.

Nazirlər ikitərəfli münasibətlərin ruhuna uyğun olaraq, müxtəlif formatlarda da əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyətini qeyd ediblər. Bu xüsusda, 19-20 dekabr tarixlərində Bakıda keçirilməsi planlaşdırılan Azərbaycan-İran-Türkiyə üçtərəfli görüşünün regional əməkdaşlıq baxımdan vacib rolunu nəzərə çatdırıblar və üçtərəfli əməkdaşlığın yeni formatlarının yaradılmasına dair fikir mübadiləsi aparıblar.

Tərəflər Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı ilə əlaqədar məsələlərə toxunublar və bu layihənin Cənubi Asiya ilə Şimali Avropanı birləşdirən və regionlar boyunca əməkdaşlığı və çiçəklənməni təşviq edəcəyinə əminlik ifadə ediblər.

Nazirlər Xəzər dənizinin hüquqi statusuna dair məsələləri müzakirə ediblər və Azərbaycanın və İranın digər Xəzəryanı dövlətlərlə birlikdə Xəzər dənizini dostluq və əməkdaşlıq məkanı kimi inkişaf etdirmək əzmini ifadə ediblər.

Görüş əsnasında “Asiyanın Qəlbi-İstanbul Prosesi”nin Əfqanıstan, ümumilikdə isə bütün region və onun hüdudlarından kənarda sabitlik, təhlükəsizlik və tərəqqinin təşviqi istiqamətində iştirakçı və dəstəkləyən tərəflərin səylərini birləşdirdiyi unikal platforma olduğu vurğulanıb və bu xüsusda VII Bakı nazirlər toplantısının əhəmiyyəti qeyd olunub.



Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: XİN   Məmmədyarov   Zərif