Məmmədyarov finlandiyalı həmkarı ilə görüşüb

Məmmədyarov finlandiyalı həmkarı ilə görüşüb
  08 Dekabr 2017    Oxunub:1173
Xarici işlər naziri Elmar Məmmədyarov Vyanada keçirilən ATƏT Nazirlər Şurasının 24-cü iclası çərçivəsində Finlandiya Respublikası xarici işlər naziri Timo Soini ilə görüşüb.
Azərbaycan XİN-dən AzVision.az-a verilən məlumata görə, görüşdə iki ölkə arasında münasibətlərin hazırki səviyyəsi nəzərdən keçirildi və əməkdaşlıq əlaqələrinin inkişaf perspektivlərinə toxunuldu. Tərəflər ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsi və bu istiqamətdə birgə səylərin davam etdirilməsinin zəruriliyini qeyd etdilər.

Tərəflər Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən tvinninq layihələrinin əhəmiyyətinə toxunaraq Azərbaycan üçün maraq kəsb edən layihələrə dair fikir mübadiləsi apardılar.

Nazir Elmar Məmmədyarov Azərbaycan və regionun təhlükəsizliyi üçün ciddi təhdid olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın Azərbaycana qarşı davam edən işğalı və münaqişənin həlli üzrə danışıqlar prosesinin cari vəziyyəti haqqında məlumat verərək, münaqişənin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə uyğun olaraq Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həll edilməli olduğunu dedi.

Elmar Məmmədyarov həmçinin paytaxt Bakının EXPO -2025 in keçirilməsinə namizəd şəhər olduğunu qeyd edərək son illər ərzində Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini diqqətə çatdırdı. Bu xüsusda o tədbirə ev sahibliyi etmək niyyəti ilə ölkəmizin insan kapitalının inkişafına dair məqsəd və məramları barədə həmsöhbətinə məlumat verdi.

Görüşdə həmçinin iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olundu.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: XİN   Məmmədyarov  





Xəbər lenti