Polis bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək

  27 Dekabr 2017    Oxunub : 821
Polis bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar 2017-ci il dekabrın 31-dən 2018-ci il yanvarın 4-dək respublika daxili işlər orqanlarının şəxsi heyəti gücləndirilmiş iş rejimində işləyəcək.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AzVision.az-a verilən məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar nazirliyin bütün orqan və hissələrinin şəxsi heyəti ictimai asayişin və təhlükəsizliyin daha da nümunəvi və etibarlı qorunmasının təmin edilməsi üçün bayram ərəfəsində və bayram günləri öz xidməti fəaliyyətlərini gücləndirilmiş iş rejimində həyata keçirəcək.

Kütləvi tədbirlərin, o cümlədən bayram şənliklərinin təşkil olunduğu, insanların gur toplaşdığı yerlərdə polis naryadlarının sayı artırılacaq. Respublika ərazisində, o cümlədən avtomobil yollarında ictimai qaydanın, hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə bütün qüvvə və imkanlar səfərbər ediləcək.

Bayram ərəfəsi və bayram günlərində həyat təminatlı mühüm əhəmiyyətli obyektlərin, o cümlədən xarici ölkələrin diplomatik nümayəndəliklərinin mühafizəsi də ciddi nəzarətdə saxlanacaq.

AzVision.az

Teqlər: DİN   Polis   Bayram