6 kənddən oğurluq edən şəxs tutuldu

6 kənddən oğurluq edən şəxs tutuldu
  04 Yanvar 2018    Oxunub:1125
Vətəndaşların narazılığına səbəb olan, əhalini su və enerji ilə təmin edən qurğuların və avadanlıqların, onların hissələrinin sökülərək oğurlanması hallarının qarşısının alınması, bu cinayətləri törətmiş şəxslərin ifşa edilməsi istiqamətində daxili işlər orqanları tərəfindən əməliyyat tədbirləri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, yanvarın 2-də Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il ayrı-ayrı vaxtlarda şəhər ərazisində və ayrı-ayrı kəndlərdə subartezian quyularının elektrik naqillərini kəsərək oğurlamaqda şübhəli bilinən şəxs yaxalanaraq istintaqa təhvil verilib.

Araşdırmalarla onun Evoğlu kənd sakini, əvvəllər məhkum olunmuş Xaliq Tağıyev olması məlum olub.

Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun şəhər ərazisində və daha 6 kənddə - Hüsənli, Buruc, Səhləbad, Köçərli, Azadqaraqoyunlu və Bayandurlu kəndlərində quyuları elektrik enerjisi ilə təmin edən kabellərin ümumilikdə 500 metrə yaxın hissəsini kəsərək oğurlaması müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti