Qohumluq münasibətləri sürətlə zəifləyir - Komitə ciddi narahatdır

Qohumluq münasibətləri sürətlə zəifləyir - Komitə ciddi narahatdır
  10 Yanvar 2018    Oxunub:4400
Ailə insanın sosiallaşması, tərbiyəsi və psixoloji dəstək alması, müəyyən həyat tərzi və münasibətlərinin formalaşmasını şərtləndirən institutdur. Buna görə də cəmiyyət möhkəm, mənəvi və əxlaqi baxımdan sağlam ailənin mövcudluğunda maraqlı olmalıdır. Ailə formalaşdığı zamanlardan bəri təsərrüfat, iqtisadi, reproduktiv, təbiyəvi funksiyalarla yanaşı, bərpaedici funksiyaya da malikdir.
Ailə psixoterapevtik mühitdir və bərpaedici funksiyası dedikdə, ilk növbədə bu cəhət nəzərə alınır. İnsanlar dərdlərini, kədərlərini ailədə unudurlar. Həyat yoldaşının xoş sözü və ya mehriban baxışı xoş təsir bağışlayır.

Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsindən AzVision.az-a verilən məlumata görə, müasir dövrdə qohumluq münasibətlərinin sürətlə zəifləməsi halları müşahidə olunur.

“Bu urbanizasiyanın nəticəsi, şəhər həyat tərzinin xüsusiyyətləri və s. ilə izah edilir. Ailədə uşaqların ata-ana ilə ünsiyyət tələbatı çox vaxt təmin olunmur. Ailə münasibətlərinin zəifləməsində kütləvi informasiya vasitələrinin, sosial şəbəkənin də rolu az deyil. Ailə üzvləri çox vaxt bir yerə yığışıb yeni hadisələr barəsində fikir mübadiləsi etmirlər. Sosioloq və demoqrafların fikrincə, televiziya kanallarının sayının artması, kabel televiziyalarının yayılması, sosial şəbəkələrin populyarlığı, mobil rabitə, internet resurslarından istifadə fərdi vaxt keçirmə tərzinə çevrilir. Bu şəraitdə ailənin bərpaedici funksiyasının əhəmiyyəti artır. Ailənin hər bir üzvü –istər ata, istər ana, istərsə də uşaqlar üçün psixoloji komfort yaradılmalıdır. Əvvəllər bu haqda xüsusi düşünməyə ehtiyac yox idi, ənənəvi ailə ər-arvadın, böyüyün-kiçiyin yerini dəqiq müəyyən edən adət və ənənələr üzərində qurulurdu. Ailə üzvlərinin adət-ənənələrə münasibəti məhz əxlaqi kateqoriyalarla qiymətləndirilirdi”.

Məlumatda bildirilib ki, ailə inkişaf etdikcə, ayrı-ayrı inkişaf mərhələlərində özünəməxsus sosial-psixoloji xüsusiyyətlər kəsb edir və problemlərlə rastlaşır. “Sosial-iqtisadi proseslər ailə həyatına dolayısı – psixoloji (ər və arvadın fərdi xüsusiyyətləri, ailə münasibətlərinin xüsusiyyətləri və s.) təsir göstərir. Bu məsələləri güzəran təcrübəsi əsasında həll etmək əslində mümkün deyil. Ailəyə psixoloji səviyyədə kömək göstərilməlidir. Ailədə meydana çıxan çətinliklərin vaxtında aydınlaşdırılması, ailə həyatının böhranlı mərhələsində düzgün qərarların qəbul olunması ailə üzvlərinin psixi sağlamlığının qorunmasına xidmət etmiş olar.

Ailə xidmətinin təşkilinin başlıca məqsədi ilk növbədə, ailənin möhkəmlənməsinə, uğurlu ailə kimi inkişaf etməsinə kömək göstərməkdən ibarətdir. Hər bir ailə təkrarolunmazdır. Ailə xidməti üçün bu fakt prinsipial əhəmiyyətə malikdir. Psixoloqlar hər bir ailəyə və onun üzvlərinə fərdi yanaşır, geniş psixoprofilaktik iş aparır, ailənin dağılmasını, ailə üzvləri arasındakı uyğunsuzluğu, ailə üzvlərində alkoqolizmin, sinir xəstəliklərinin yaranmamasını şərtləndirən sosial-psixoloji səbəbləri müəyyənləşdirib aradan qaldırmalıdır”.

Komitədən bildirilib ki, son zamanlar ailə problemləri ilk növbədə sinir və psixi xəstəliklərin profilaktikası, ailə tərbiyəsi məsələləri mütəxəssislərin diqqətini daha çox cəlb edir.

Aytən Zəhra
AzVision.az


Teqlər: Komitə   Ailə  





Xəbər lenti