10 minə yaxın məhkumun cəzası yüngülləşdiriləcək

  19 Yanvar 2018    Oxunub : 3073
10 minə yaxın məhkumun cəzası yüngülləşdiriləcək
Yanvarın 19-da Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Baş İdarəsində 2017-ci ilin yekunlarına həsr olunan əməliyyat müşavirəsi keçirilib.
Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, müşavirədə xidmətin Baş İdarəsinin, eləcə də tabe qurumların rəhbər heyəti və Ədliyyə Nazirliyinin məsul əməkdaşları iştirak ediblər.

Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-mayoru Ceyhun Həsənov qeyd edib ki, 2017-ci ildə fəaliyyəti tənzimləyən dövlətimizin başçısının müvafiq fərman və sərəncamları, qanunvericilik aktları, nazirliyin kollegiya qərarları Xidmət tərəfindən rəhbər tutularaq, qarşıda duran vəzifələrin layiqincə yerinə yetirilməsi, penitensiar sistemin inkişafı, kadr potensialının gücləndirilməsi, həbs edilmiş şəxslərin, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılmasına yönəlmiş kompleks tədbirlər həyata keçirilib.

Hesabat dövründə uzunmüddətli Dövlət proqramlarında əksini tapmış tapşırıqların yerinə yetirilməsi təmin edilib, Baş İdarənin və struktur qurumların maddi-texniki bazasının inkişafı, idarəetmənin təkmilləşdirilməsi, nizam-intizamın möhkəmləndirilməsi və mövcud nöqsanların aradan qaldırılması məqsədilə tədbirlər görülüb.

Qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilmiş 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə qaldırılan məsələlərlə bağlı ədliyyə orqanlarının üzərinə düşən vəzifələrin icrası istiqamətində bir sıra kompleks tədbirlər nəzərdə tutulur.

Azərbaycan Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli Sərəncamının bu sahənin inkişafı prosesinin daha da genişləndirilməsi və növbəti mərhələyə keçməsi üçün zəmin yaratdığı vurğulanıb.

Nazir müavini Sərəncamın icrası üzrə yaradılmış komissiya tərəfindən müvafiq xidmət sahələrinin fəaliyyətinin təkmilləşdirilməsi, məntəqə tipli cəzaçəkmə müəssisələrində işin qanunvericiliyə uyğun təşkili, əməkdaşların sosial müdafiəsi və digər məsələlər üzrə tədbirlərin həyata keçirilməsinə nəzarət edildiyini bildirib.

Qeyd olunub ki, məhz dövlətimizin başçısı tərəfindən imzalanmış Sərəncamın icrası ilə bağlı alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsinin nəticəsi olaraq 2017-ci ilin sonuna istintaq təcridxanalarında saxlanılan şəxslərin sayı 2016-cı illə müqayisədə 24 faizədək azalıb. Sərəncamın məntiqi davamı olaraq, Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi dövlətimizin başçısı tərəfindən Milli Məclisə təqdim olunub və müvafiq Qanun qəbul edilib. 2017-ci il oktyabrın 20-də qəbul edilmiş Qanunla Cinayət Məcəlləsinə 300-dək dəyişikliklər olunub, 160-dək maddənin sanksiyasına alternativ cəzalar daxil edilib, 40-dək cinayətə görə azadlıqdan məhrumetmə cəzası yügülləşdirilib.

Yeni Qanunun icrası ilə bağlı Baş İdarədə məsul əməkdaşlardan ibarət işçi qrupu və müvafiq olaraq tabe müəssisələrdə komissiyalar yaradılıb. Məhkumların şəxsi işləri öyrənilib və 10 min nəfərə yaxın məhkumun Qanunun təsiri altına düşdüyü müəyyən edilib. Bu müddətdə 1136 məhkum barədə müvafiq sənədlər məhkəmələrə təqdim edilib, 231 məhkum cəza çəkməkdən azad olunub, 99 məhkumun cəza müddəti azaldılıb. Qanunun icrası prosesi davam etdirilir.

Nazir müavini Prezident İlham Əliyevin humanist təşəbbüslə çıxış edərək uzun illər məhkumlara, onların ailələrinə qayğı ilə yanaşmasının davam etdirdiyini bildirərək, 2017-ci il martın 16-da 423 məhkumun, onlardan azadlıqdan məhrumetmə cəzasını çəkən 414 məhkumun əfv edilməsi ilə bağlı sərəncam imzalandığını və icrasının vaxtında həyata keçirildiyini vurğulayıb.

Sonra Penitensiar Xidmətin rəis müavini, ədliyyə polkovniki Oqtay Məmmədov xidmətin 2017-ci il ərzindəki fəaliyyətin yekunlarına dair hesabat məruzəsi ilə çıxış edib.

Məruzəçi qeyd edib ki, il ərzində həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində həbs edilmiş şəxslərdən, məhkumlardan və digər şəxslərdən 1170 manat və 700 ABŞ dolları məbləğində pul, 126 mobil telefon, 77 fakt üzrə 143,3 qram narkotik və psixotrop maddələr, 96,6 litr qıcqırdılmış maye aşkarlanaraq götürülüb. Həmin faktlar üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq mühafizə orqanlarına təqdim olunub.

Digər hüquq mühafizə orqanları ilə qarşılıqlı fəaliyyət nəticəsində 541 müxtəlif, o cümlədən qəsdən adam öldürmə ilə bağlı xüsusilə ağır cinayətlərin üstünün açılmasına köməklik göstərilib. Penitensiar Xidmətin əməliyyat aparatının məlumatları əsasında daxili işlər orqanları ilə birgə keçirilən əməliyyat tədbirləri nəticəsində həbs edilmiş şəxslər və məhkumlar tərəfindən könüllü olaraq təqdim edilmiş dörd odlu silah götürülərək aidiyyəti orqanlara təhvil verilib.

Bildirilib ki, Baş İdarədə və tabe qurumlarda təmir-abadlıq işləri aparılıb, iş şəraitinin yaxşılaşdırılması məqsədilə xidməti otaqlar yeni müasir tipli mebel dəstləri, zəruri avadanlıq və inventarla təchiz edilib. Bir sıra müəssisələrdə təbii qazla təchizat problemi tamamilə həll edilib, yeni qaz xətləri çəkilib, istismar müddəti başa çatmış elektrik avadanlığı və kabelləri yenilənib, müasir tipli istilik sistemləri quraşdırılaraq istifadəyə verilib.

Diqqətə çatdırılıb ki, ötən il yeni istehsalat sahələri yaradılıb, ayrı-ayrı cəzaçəkmə müəssisələrində metal tor, mismar, mebel, üzlük daşlar, polietilen torbalar, corab, yataq dəsti və s. istehsal edən sexlər təşkil olunub, tərəvəz yetişdirilməsi üçün istixanalar təşkil edilib.

Aparılmış məqsədyönlü profilaktiki iş cinayətlə vurulmuş maddi ziyanın məhkumlar tərəfindən ödənilməsi sahəsində də nəticəsini verib, təqsirləndirilən şəxslər və məhkumlar tərəfindən törətdikləri cinayət nəticəsində vurmuş olduqları 22 milyon manata yaxın pul ödənilib.

Müşavirədə Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrinin rəhbərlərinin, habelə Ədliyyə Nazirliyinin məsul əməkdaşlarının çıxışları dinlənilib.

Əməliyyat müşavirəsinə yekun vuran ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-mayoru Ceyhun Həsənov əldə olunan müsbət nailiyyətlərlə yanaşı, fəaliyyətdə nöqsan və çatışmazlıqların da mövcud olduğunu qeyd edərək, məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının daha etibarlı təmini, əməliyyat-axtarış və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, rejim və davranış qaydalarına dönmədən riayət olunması, qanunsuz əşyaların ötürülməsi və dövriyyəsinin qarşısının alınması məqsədilə preventiv tədbirlərin həyata keçirilməsinə dair tabe qurumlar qarşısında duran tələbləri irəli sürüb, tapşırıqlar verib.

Nazir müavini nizam-intizamın gücləndirilməsi, islah və tərbiyə işinin səmərəliliyinin artırılması, penitensiar müəssisələrdə istehsalat sahələrinin genişləndirilməsi və kadrlarla işin təkmilləşdirilməsi istiqamətində səylərin artırılmasının, özbaşınalıq, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, korrupsiya halları ilə mübarizənin daim diqqət mərkəzində saxlanılmasının vacibliyini vurğulayıb.

AzVision.az

Teqlər: Penitensiar-Xidmət   Məhkum   Həbs