Qida Təhlükəsizliyi Agentliyində 7 şöbə yaradılıb

Qida Təhlükəsizliyi Agentliyində 7 şöbə yaradılıb
  07 Fevral 2018    Oxunub:3578
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Aparatının strukturu təsdiq olunub.
Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, regional bölmələrin, o cümlədən Bakı şəhərinin strukturu, Qida Təhlükəsizliyi İnstitutunun Nizamnaməsi təsdiq olunma mərhələsindədir. Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarına uyğun olaraq, hazırda Qida Təhlükəsizliyi Agentliyinin regional bölmələrinin struktur və maddi-texniki bazasının formalaşdırılması, laboratoriyaların təhvil-təslim işləri həyata keçirilir.

Agentliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq Təftiş və dövlət nəzarəti şöbəsi, Risklərin idarə olunması şöbəsi, Sertifikatlaşdırma və qeydiyyat şöbəsi, İnsan resursları şöbəsi, Kommunikasiya və informasiya texnologiyaları şöbəsi, Maliyyə və təsərrüfat şöbəsi, Hüquq şöbəsi fəaliyyət göstərəcək.

Qida Təhlükəsizliyi Agentliyinin qarşısına qoyduğu əsas vəzifə Azərbaycan vətəndaşlarının təhlükəsiz qida məhsulu əldə etməsini təmin etməkdir. Bu proses sahibkarlara ziyan vermədən, kiçik və orta sahibkarların da iştirakı ilə həyata keçiriləcək. Qida Təhlükəsizliyi Agentliyi bu prosesi mərhələli şəkildə həyata keçirməyi, bu sahədə vətəndaş məsuliyyətini artıracaq yöndə geniş maarifləndirmə işləri görməyi planlaşdırır.

Qida Təhlükəsizliyi Agentliyinin Əsasnaməsində göstərildiyi kimi agentlik qida təhlükəsizliyi sertifikatı verəcək, həmçinin qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qeydiyyata alacaq və reyestrini aparacaq. Hazırda bu istiqamətdə agentliyin fəaliyyətini təmin etmək məqsədilə qanunvericilikdə müəyyən dəyişikliklər hazırlanır və uyğunlaşmalar aparılır.

AzVision.az


Teqlər: Agentlik   Struktur   Qida  





Xəbər lenti