İordaniya Qarabağ məsələsində Azərbaycanı dəstəkləyir

İordaniya Qarabağ məsələsində Azərbaycanı dəstəkləyir
  16 Mart 2018    Oxunub:1289
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Iordaniya Haşimilər Krallığının xarici işlər naziri Ayman əs-Safadi arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirilib.
Bu barədə Xarici İşlər Nazirliyindən AzVision.az-a daxil olan məlumatda bildirilir.

Xarici işlər naziri Elmar Məmmədyarov həmkarına ünvanladığı məktubunda ötən 25 il ərzində istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilən səmərəli əməkdaşlığın münasibətlərin inkişafına təkan verdiyini bildirib.

Məktubda BMT, İƏT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminlik ifadə olunub. Beynəlxalq təşkilatlarlar çərçivəsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü pisləyən, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən qətnamələrin qəbul edilməsində dost İordaniyanın dəstəyi təqdir edilib, bunun davam etdiriləcəyinə ümidvarlıq ifadə olunub.

Habelə, Azərbaycan və İordaniya arasında imzalanmış sənədlərin iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar açdığı, iki xalqın mənafeyinə uyğun Azərbaycan-İordaniya dostluğuna xidmət etdiyi vurğulanıb.

E.Məmmədyarov mövcud ənənəvi dostluq münasibətlərinə söykənərək birgə səylərlə ikitərəfli əməkdaşlığın iki ölkənin çiçəklənməsi və iki xalqın rifahı naminə daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Iordaniya Haşimilər Krallığının xarici işlər naziri Ayman əs-Safadi nazir Elmar Məmmədyarova ünvanladığı məktubunda iki dost ölkə arasında diplomatik münasibətlərin qurulmasından etibarən qarşılıqlı anlaşma, dəstək və əməkdaşlığa əsaslanan səmimi münasibətlərə malik olduğunu qeyd edib. Bu xüsusda o, Azərbaycan-İordaniya Birgə Komissiyasının Ammanda keçiriləcək görüşünün ikitərəfli münasibətləri yeni səviyyəyə qadıracağına əminliyin ifadə edib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Məmmədyarov   AzərbaycanXİN  





Xəbər lenti