Prezidentin ünvanına təbriklər gəlməkdə davam edir

Prezidentin ünvanına təbriklər gəlməkdə davam edir
  15 Aprel 2018    Oxunub:1522
Rusiya Federasiyası Dağıstan Respublikası Xalq Məclisinin sədri Xızrı Şıxsəidov Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir: “Çox hörmətli İlham Heydər oğlu. Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Dağıstan Respublikasının Xalq Məclisi adından Sizi səmimi qəlbdən təbrik edirəm.

Sizə göstərilmiş etimad Sizin yüksək nüfuzunuzu və yürütdüyünüz, ölkənin siyasi və sosial-iqtisadi inkişafına yönəlmiş xəttin bütün xalq tərəfindən dəstəklənməsini təsdiq edir. Sizin şəxsi səyləriniz, Azərbaycan vətəndaşlarının əməksevərliyi və zəhməti sayəsində ölkədə həyat səviyyəsinin yüksəlməsi, onun gücünün möhkəmlənməsi böyük hörmətə layiqdir. Siz dövlət xadimi və siyasi xadim kimi təkcə doğma ölkənizdə deyil, həm də onun hüdudlarından kənarda böyük hörmət qazanmısınız. Siz atanızın – görkəmli dövlət xadimi, Azərbaycanın ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin şanlı işlərini ləyaqətlə davam etdirirsiniz.

Sizin Rusiya-Azərbaycan tərəfdaşlığının və müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığının inkişafına yönəlmiş prinsipial mövqeyinizi Rusiyada yüksək qiymətləndirirlər. Dağıstanlılar əmindirlər ki, xalqlarımız arasında tarixən yaranmış qardaşlıq münasibətləri bundan sonra da konstruktiv və səmərəli şəkildə inkişaf edəcək və möhkəmlənəcək.

Dağıstan Respublikası Xalq Məclisinin deputatları Azərbaycan Respublikasının Prezidenti seçkilərində MDB-dən olan müşahidəçilər missiyasının tərkibində ənənəvi şəkildə iştirak edərək seçkilərin beynəlxalq hüququn normalarına uyğun və yüksək səviyyədə təşkil olunmasını qeyd ediblər.

Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və firavanlıq, ali dövləti fəaliyyətinizdə və təşəbbüslərinizdə yeni uğurlar diləyirəm. Azərbaycan xalqına sülh və xoşbəxt gələcək arzulayıram”.

***

Skandinaviya ölkələrində yaşayan azərbaycanlılar adından Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir: “Hörmətli cənab Prezident. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Skandinaviya ölkələrində yaşayan çoxminli azərbaycanlılar adından təbrik edirik.

Biz - Skandinaviya ölkələrində yaşayan azərbaycanlılar siyasi baxışlarımızdan asılı olmayaraq, hər birimiz azərbaycanlı kimliyimizlə, bir millətin övladları olmağımızla fəxr edir, siyasi təlatümlərin baş verdiyi dünyamızda var olan dövlətimiz və dalğalanan bayrağımızla qürur hissi keçiririk. Azərbaycandan kənarda yaşasaq da, Ana Vətənin kədəri kədərimiz, sevinci isə sevincimizdir. Hesab edirik ki, damarlarında azərbaycanlı qanı axan hər bir kəs bu hisslərlə yaşamalıdır.

Siz Prezident kimi ölkəyə başçılıq etdiyiniz ötən illər ərzində Azərbaycan dünya birliyində siyasi və iqtisadi çəkisinə görə regionun mühüm dövləti kimi öz yerini möhkəmləndirmiş, mürəkkəb coğrafi məkanda yerləşməsinə, Ermənistan tərəfindən təcavüzə məruz qalaraq 20 faiz torpaqlarının işğal olunmasına və bu işğal nəticəsində 1 milyondan artıq qaçqın və məcburi köçkün probleminin olmasına baxmayaraq, Vətənimiz inanılmaz dərəcədə dəyişmiş, gözəl Bakımız isə yaşadığımız Avropa şəhərlərindən heç də geri qalmır. Avropa ölkələrinin 100 ilə keçdiyi inkişaf yolunu Azərbaycan müstəqil dövlət kimi var odluğu bu illər ərzində məharətlə adlaya bilmişdir. Biz hər il Vətənə gələndə dəyişmiş, daha da gözəlləşmiş bir Azərbaycanın şahidi oluruq.

Möhtərəm cənab Prezident, inanırıq ki, növbəti prezidentlik dövründə də Siz bütün bilik və bacarığınızı sərf edərək dövlətimizin siyasi, iqtisadi və hərbi sahədə inkişafını, xalqın rifah halının daha da yüksəldilməsini təmin edəcək, Azərbaycanı təkcə bizim and yerimizə deyil, həmçinin dünya dövlətlərinin və xalqlarının cazibə mərkəzinə çevirə biləcəksiniz”.

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Təbrik  





Xəbər lenti