6 dil bilən dekan oğlu ilə sığınacaqda yaşayır - REPORTAJ (VİDEO)

6 dil bilən dekan oğlu ilə sığınacaqda yaşayır - REPORTAJ (VİDEO)
  28 Aprel 2018    Oxunub:65020
Bakının Zabrat qəsəbəsində evi olmayan, kimsəsiz şəxslər üçün sosial sığınacaq fəaliyyət göstərir. Dövlət Sosial Müdafiə Fondunun nəzdində olan sığınacağa yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər qəbul edilir. Sığınacağa indiyədək 93 nəfər müraciət edib. Hazırda orada 27 sakin var. Onlardan 9-u qadındır.
Nazirliyin rəsmi icazəsi ilə evsizlərin sığınacağına baş çəkib orada yaşan sakinlərin vəziyyəti ilə tanış olduq.

Sığınacağın direktoru Çingiz Əhmədov deyir ki, müraciət edənlər ilk növbədə həkim müayinəsindən keçməlidir. Yoluxucu xəstəliklərin olmaması barədə arayış təmin edildikdən sonra həmin şəxslərin müəssisəyə qəbul edilməsi prosesi başlayır.

Direktorun sözlərinə görə, onlar təhlükəsizliyi təmin etmək məqsədi ilə hüquq-mühafizə orqanları ilə birgə çalışırlar. Sığınacağın 35 işçisi var. Onlar altı ay ərzində sakinlərin tibbi, sosial və məişət problemlərinin həlli ilə məşğul olurlar.



Çingiz Əhmədov: “27 nəfərdən 4-nü daimi işlə təmin etmişik. Onlar səhər yeməyindən sonra işə başlayırlar. Axşam saat 6-ya qədər sığınacağa qayıdırlar. Psixoloqlarımız, həkimlərimiz, sosial iş üzrə mütəxəsislərimiz, təsərrüfat işçilərimiz, ictimai və idman təlimləri üzrə təlimatçılarımız var qüvvəsi ilə çalışırlar. Altı aylıq fəaliyyətimiz müddətində 31 nəfər tibbi müayinəyə, Səhiyyə Nazirliyinin tibbi müəssisələrinə göndərilib. Sakinləri gündəlik dərman preparatları ilə təmin edirik. İki sakinimiz dövlətin dəstəyi ilə ağır əməliyyat keçirib”.



Sığınacağa müraciət edənlərin əksəriyyəti küçə həyatı yaşadığı üçün onların geyimləri məhv edilir, yeni üst və alt geyimləri, idman dəstləri verilir.

Sakinlər müəssisənin nizamnaməsinə uyğun olaraq gündə 3 dəfə isti yeməklə təmin olunur. Boş vaxtlarında isə televizora baxmaq, oyunlar oynamaq və kitabxanada mütaliə etmək imkanları var.

Çingiz Əhmədov: "Bu insanlar ailələri və cəmiyyət tərəfindən atılıb. Təsəvvür edin ki, 6-8 il bloklarda, zibilliklərdə, köhnə maşınların içində yaşayan insanlar bura gəlib. Onların psixoloji durumu imkan vermir ki, gündəlik normativlərimizi həyata keçirək. İnteqrasiya olunmayan bir təbəqədir. Birinin bu xoşuna gəlir, birinin o xoşuna gəlir. Hər biri ayrı otaq, ayrı soyuducu, ayrı televizor istəyir. Bir yerdə yaşamaq problemləri var. Onları idarə etmək olduqca çətindir. Daxili nizam-intizam qaydalarını pozduğuna görə sıığınacaqdan xaric edilənlər də olub. Müəyyən vaxtdan sonra peşman olduqlarına görə, izahat alıb yenidən sığınacağa qaytarmışıq”.

Sığınacaqda azərbaycanlılarla yanaşı başqa millətin nümayəndələri də yaşayır. Həmçinin sığınacağın sakinləri arasında müəllim, xarici dillər üzrə mütəxəssis, AMEA-nın müxbir üzvünə də rast gəlmək mümkündür.

“Altı dil bilən və 6 dil üzrə mütəxəsis xanım bizim sığınacağa üz tutub. O, Milli Elmlər Akademiyasının müxbir üzvü olub. Dekan işləyib. Sadəcə həyat onu sındırıb. Oğlu fiziki qüsurludur. Onu da özü ilə bura gətirib. Biz məcburuq ki, insanın kövrək yerlərinə toxunmayaq. Qəlblərini sındırmayaq. Qarşılqlı hörmət əsasında yoluna qoyaq. Sakinimiz olmuş Asif kişinin 9 uşağı, 32 nəvəsi var idi. Ailəsi ilə arasında münaqişə yarandığı üçün bura gəlmişdi. Sonradan uşaqları ilə barışdığından onu evinə göndərdik”.

Sığınacaqda qalanlar arasında keçmiş məhbusların olduğunu da öyrəndik.

Çingiz Əhmədov: “Onlarla işləmək daha asandır. Çünki uzun müddət islah əmək düşərgələrində rejimə düşüblər. Gündəlik normativlərə dəqiq əməl edən şəxslərdir. Sığınacaqdan bir neçə saatlıq istifadə edən insanlar da olur ki, onlar yaxın ərazilərdə, Zabrat qəsəbəsində günəmuzd işləyənlərdir. Bir neçə saat qalıb yeməklə təmin olunub, sonra gedirlər. Onlar şəxsiyyət vəsiqəsi əsasında qəbul edilir. Rəsmiləşdirmə gedir və qeyd olunur ki, neçə saat qaldı və nə ilə təmin olundu”.



Sığınacağın gənc sakinlərindən olan Ruslanın 32 yaşı var. O, BDU-nun tarix fakültəsində təhsil alıb. Bir müddət alman dili üzrə repetitor kimi işləyib. Valideynləri dünyasını dəyişəndən sonra bir müddət kirayədə qalan Ruslan sığınacağa yerləşmək məcburiyyətində qalıb.

“Yanvar ayının 10-dan burada yaşayıram. Kirayə qalırdım. Ailəm yoxdur. Atam və anam rəhmətə gedib. Anam xəstə olduğu üçün evimizi satdıq. Bundan əvvəl "Azərenerji"də, otel, restoran sistemində, “Xalq nəzarəti” jurnalında jurnalist işləmişəm. Sağlıq durumum yol vermədiyinə görə iş tapa bilmirdim. Tez-tez depresiyaya düşürdüm. İndi isə yaxşıyam“.



Qeyd edək ki, sığınacağın bir çox sakinləri ilə həmsöhbət olsaq da, bəziləri çəkilişə razılıq verməyib.

Şahanə Rəhimli
Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov

AzVision.az


Teqlər: Sığınacaq   Nazirlik  





Xəbər lenti