“Polonez” raket sistemləri artıq Azərbaycandadır - FOTOLAR

“Polonez” raket sistemləri artıq Azərbaycandadır - FOTOLAR
  11 İyun 2018    Oxunub:41104
Belarus Respublikası “Polonez” uzun mənzilli reaktiv yaylım atəş sistemini Azərbaycana tədarük edib.
AzVision.az xəbər verir ki, hərbi texnika Müdafiə Nazirliyinin Raket Qoşunlarının “N” saylı hərbi hissəsinin açılışında nümayiş etdirilib. Ali Baş Komandan İlham Əliyev “Polonez” sisteminə baxış keçirib.



Qeyd edək ki, Belarus 2018-ci ildə 10 ədəd “Polonez” reaktiv yaylım atəşi sistemlərinin (РСЗО) ixracına dair ilk müqavilənin yerinə yetirilməsini planlaşdırıb. “Polonez”in istehsalına 2014-cü ildə başlanıb. “Polonez”in bir maşını raketlərlə eyni zamanda səkkiz hədəfə dəqiq zərbə endirməyə imkan verir. Belə ki, bir maşın üzərində döyüşə hazır 8 raket mövcuddur.



Maksimal məsafədə koordinatdan sapma 30 metrdən çox deyil. Dəqiq elektromexanika zavodunda hazırlanmış raketin atış məsafəsi 280 km təşkil edir. 300 mm çaplı raket 480 kq çəkidə döyüş başlığına malikdir.



Ümumilikdə “Polonez” raket kompleksi Belarus ordusunda “Uraqan” (220 mm) və “Smerç” (300 mm) raketlərini əvəz etməyə hesablanıb. Kompleksin Çinin köməyi ilə yaradıldığı bildirilir. RS30 düşmənin açıq sahədə, sığınacaqlarda, zirehli və zirehsiz texnika, artilleriya, raket sistemləri və hava hücumundan müdafiə vasitələrinin məhv edilməsi üçün nəzərdə tutulub. Həmçinin Belarus və xarici mənbələr "Polonez"i Rusiyanın "İsgəndər" raketinə əsas rəqib göstərirlər.



“Polonez” kompleksləri 2012-ci ildə Moskvanın Minskə “İsgəndər” operativ-taktiki raketlərini verməkdən imtina etməsindən sonra reallaşmağa başlayıb. Bu silah prezident Aleksandr Lukaşenkoya “bəzi qüvvələrin fəallaşmasına” cavab tədbiri kimi lazım idi, lakin Rusiya raketləri verməkdən imtina edib.



Əvəzində təklif edilib ki, Rusiya ordusunun “İsgəndər”lərlə silahlanmış birləşməsi Belarus ərazisində dislokasiya olunsun. Bu isə Lukaşenkonu qane etməyib və Belarus hərbi sənayesi Çinlə birlikdə taktiki-texniki göstəriciləri “İsgəndər” raketlərinə uyğun olan raket kompleksinin işlənib hazırlanmasına başlayıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Polonez   MN   İlham-Əliyev  





Xəbər lenti