“Ölkəmizdə elə yer yoxdur ki, orada işıq olmasın” - “Azərişıq” rəsmisi

“Ölkəmizdə elə yer yoxdur ki, orada işıq olmasın” - “Azərişıq” rəsmisi
  13 İyun 2018    Oxunub:3494
"Azərbaycanda elə bir yer tapılmaz ki, 24 saat daimi elektrik enerjisi ilə təmin olunmasın. Əgər hər hansı ərazidə elektrik enerjisinin verilməsində fasilə yaranıbsa, bu, təbiətin şıltaqlığı nəticəsində olur”.
Bunu AzVision.az-a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev son günlər ölkə ərazisində yağaş güclü yağışın və selin elektrik enerjisinin verilməsində yaratdığı problemlərdən danışarkən deyib.

Qurum rəsmisi bildirib ki, bu gün elektrik enerjisinin verilməsində fasilələrin yaranması üçün heç bir səbəb yoxdur.

“Bölgələrimizdə hava şəraitinin pisləşəcəyi ilə bağlı məlumat alan kimi tədbirlər görürük, növbətçililik yaranır, əlavə avadanlıqlar, maşın mexazimləri hazır vəziyyətdə olur ki, elektrik enerjisi kəsilsə, uzun müddət fasilə yaranmasın. Leysan yağışları, sel fəlakətləri, güclü külək zamanı yarımstansiyalar zədələnir və ya elektrik dirəkləri aşır. Təhlükəsizlik naminə işlərə özümüz nəzarət edirik, xətlərdəki gərginliyi dayandırırıq. Biz belə problemlərin yaşanmaması üçün ən son texnologiyalarla işləyirik. Elektrik xətləri istiyə, soyuğa dayanıqlı izolyasiya ilə təmin olunur, ağac dayaqlar dəmir beton dayaqlarla əvəz olunur. Bu ilin 6 ayına yaxın dövrdə 148 kənddə şəbəkə yenilənib”.

T.Mustafayevin sözlərinə görə, bölgələrdə yarımstansiyalar yeniləri ilə əvəz olunanda belə, oranın təbiətinə, coğrafi mövqeyinə uyğun məkan seçilir ki, sel sularının gəldiyi yer və ya sürüşmə sahəsi olmasın. “Belə təbiət fəlakətləri, sel suları nəticəsində elektrik enerjisinin bərpası zamanı xeyli vəsait sərf olunur”.

Qeyd edək ki, son günlər hava şəraitinin yağışlı keçməsi bölgələrdə ciddi fəsadlar törədib. Təbii fəlakət nəticəsində bir çox kəndlərdə qaz, işıq problemi müşahidə edilir.

Aytən Zəhra
AzVision.az


Teqlər: Azərişıq   Tanrıverdi-Mustafayev  





Xəbər lenti