Paradda ilk dəfə nümayiş etdiriləcək hərbi texnikalar - FOTOLAR

  25 İyun 2018    Oxunub : 64661
Paradda ilk dəfə nümayiş etdiriləcək hərbi texnikalar - FOTOLAR
Sabah Azərbaycan Ordusunun 100 illik yubileyi münasibəti ilə hərbi parad keçiriləcək.
AzVision.az xəbər verir ki, sabahkı parad əvvəlkilərdən bir sıra yenilikləri ilə fərqlənəcək. Belə ki, Bakıda təşkil olunacaq paradda Azərbaycan hərbçiləri ilə yanaşı Türkiyə Silahlı Qüvvələrinin bir bölməsi (qutu şəklində) Türkiyə bayrağı ilə keçid edəcək.

Azərbaycanın keçid edəcək bəzi bölmələrinin hərbçilərində yerli istehsalımız AR-15 “Aztex” avtomatları olacaq. Dövlət Sərhəd Xidmətinin (DSX) şəxsi heyətinin silahları da yenidir. Həmçinin, paradda son illər dünyanın müxtəlif ölkələrindən alınmış ən müasir texnikalar nümayiş etdiriləcək.

İlk olaraq müxtəlif konfiqurasiyalı “SandCat” zirehli avtomobillərini göstərmək olar. Paradda bir neçə yeni pilotsuz uçuş aparatlarını da görmək mümkün olacaq. Bunlardan biri "Orbiter-3" mini taktiki PUA-dır. Bu, Azərbaycanla İsrailin birgə istehsalıdır. Digəriləri isə “Heron TP”, “Hermes-450” və “Hermes-900” PUA-larıdır.





Paradın yeniliklərindən biri də artilleriya vasitələridir. “SpGH Dana” özüyeriyən haubitsa ilk dəfə paradda keçid edəcək. Həmçinin reaktiv yaylım atəş sistemlərindən olan RM-70 “Vampir” YARS və 130 km məsafədə hədəfi 15 metr sapma ilə vurmağı bacaran Türkiyə istehsalı TR-300 “Qasırğa” kompleksi də nümayiş olunacaq. “Qasırğa” kompleksi isə bundan öncə Naxçıvanda keçirilən paradda nümayiş etdirilmişdi.







Belarus istehsalı olan "Polonez” raket kompleksi və İsraildən alınmış "LORA” raketləri də ilklərdəndir. Maksimal uçuş məsafəsi 300 km olan "Polonez”in sursatı 8 raket, bir raketin zərərvurma radiusu isə 80 metrdir. Kompleks düşmənin hava hücumundan müdafiə vasitələrinə və obyektlərinə, idarəetmə məntəqələrinə, radioelektron vasitələrinə, arxa cəbhə və digər obyektlərinə zərbə vurulması üçündür.



"LORA”nın maksimal atış uzaqlığı 300 kilometrdən artıqdır. Bu kompleksin bir maşını 4 raket tutur və bir raketin zərərvurma radiusu 100 metr təşkil edir. Həm "POLONEZ”, həm də "LORA” kompleksləri GPS və İNS sistemləri ilə idarə olunur.



Türkiyənin ROKETSAN şirkətindən alınan SOM-B1 modifikasiyası ilk dəfə parada çıxarılacaq. Quru və dəniz hədəflərinə qarşı istifadəsi nəzərdə tutulan SOM ailəsinə aid SOM-B1 raketinin döyüş başlığı 230 kq, atış mənzili 250+ km təşkil edir.



Ordumuzun silahlanmasına yeni daxil olmuş “Xrizantema-S” özüyeriyən TƏİR kompleksi, BTR-82A zirehli transpartyoru da paradda keçid edəcək.





“İldırım” və ya “Barak-8” ZRK paradda ilk dəfə nümayişə çıxarılacaq. İsraildən aldığımız “Barak-8” ZRK raketinin atış mənzili 90 km, hədəfi məhv etmə yüksəkliyi isə 16000 metrə yaxındır. Raketin uzunluğu 4.5 metr, diametri 0.225 m, ümumi ağırlığı 275 kq, döyüş başlığı 60 kq təşkil edir. Yüksək manevr qabiliyyətinə malik “Barak 8” iki pilləli raket mühərrikinə sahibdir və şaquli atışla buraxılır. Raket aktiv arayıcı başlıq (RF/infraqırmızı) sayəsində hədəfə yönəlir və sürəti 2 maxdır (680 metr/saniyə). “Barak-8” ZRK gəmi əleyhinə raketlərə, supersonik raketlərə, ballistik raketlərə, təyyarə, helikopter, PUA kimi hava təhdidlərinə qarşı nəzərdə tutulur.



“Matador” MRAP üzərində Türkiyənin ASELSAN şirkətindən alınan “İhasavar” antidron silahı və Dövlət Sərhəd Xidmətinin (DSX) "Toyota" avtomobilləri üzərində böyük uzaqlığa malik müşahidə və nəzarət sistemi ordunun 100 illiyi ilə bağlı paradda nümayiş etdiriləcək.



2015-ci ildə qoşunların silahlanmasına daxil olan 2S31 “Vena” özüyeriyən minaatan və “SandCat” bazasında “Elbit Systems” şirkətinin istehsalı olan 120 mm “Spear Mk2” avtomatlaşdırılmış minaatanı da ilk dəfə parada cəlb olunacaq.



Bundan əlavə Hərbi Hava Qüvvələrinin istifadəsinə yeni daxil edilmiş “Bell-412” helikopterlərini paradda görmək mümkündür. Amerika istehsalı olan “Bell-412” helikopterləri HHQ-nin parada hazırlıq təlimlərində görüntülənib.



Dövlət Sərhəd Xidmətinin "Tufan" və "Şahdağ" tipli 11 gəmisi də ilk dəfə paradda iştirak edəcək.



Anar Kəlbiyev
AzVision.az

Teqlər: Parad   Silah   Texnika